Narkomaniyanın qarşısının alınmasında valideyn məsuliyyəti mövzusunda maarifləndirici seminar keçirilib
Paylaş:
19 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbdə Narkomaniyanın qarşısının alınmasında valideyn məsuliyyəti mövzusunda maarifləndirici seminar keçirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən keçirilən tədbirdə valideynlər,təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və psixoloqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Emçiyeva mövzunun aktuallığını, narkotik maddələrin yeniyetmələr üçün yaratdığı təhlükələri və profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb. O, valideyn–məktəb əməkdaşlığının gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev mövzu üzrə təqdimatla çıxış edərək, narkotik vasitələrin cəmiyyət və insan sağlamlığı üçün yaratdığı fəsadlar, eləcə də bu istiqamətdə həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, psixoloq Arzu Əliyeva çıxış edərək narkomaniyanın psixoloji səbəbləri, risk faktorları və erkən müdaxilənin əhəmiyyətindən bəhs edib.
Seminar zamanı Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələri uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi