“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində əhali ilə növbəti görüş keçirilib

17 iyul 2026 17:52

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi üzrə Qobustan rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində əhali ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə formalaşdırılmasının cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlət tərəfindən uşaqların hüquqlarının müdafiəsi və rifahının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də, müasir dövrün yaratdığı sosial çağırışların aradan qaldırılmasında maarifləndirmə işinin gücləndirilməsi, ziyalıların, elm və mədəniyyət nümayəndələrinin, ağsaqqalların ictimai proseslərdə fəal iştirakı xüsusi önəm kəsb edir.

Adil Məmmədov "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsinin bu istiqamətdə səmərəli platforma olduğunu qeyd edərək, layihənin ailə dəyərlərinin təbliği, gənclərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə sağlam ictimai mühitin formalaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi cəmiyyətdə mövcud sosial problemlərin həllinə ziyalıların, elm və mədəniyyət nümayəndələrinin fəal cəlb olunmasını, əhali ilə davamlı dialoqun qurulmasını və maarifləndirmə işinin sistemli şəkildə həyata keçirilməsini hədəfləyir. O qeyd edib ki, Qobustan rayonunda yaradılan əlaqələndirici qrup bu istiqamətdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynayacaq.

Sədr müavini vurğulayıb ki, dövlət tərəfindən ailənin, qadınların və uşaqların müdafiəsi, gənclərin sağlam inkişafı və sosial rifahının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması, erkən evliliklərin və ailə münaqişələrinin qarşısının alınmasında, eləcə də sağlam ailə münasibətlərinin təşviqində hər bir vətəndaşın fəal mövqeyi və ziyalıların maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sədaqət Qəhrəmanova milli-mənəvi dəyərlərin qorunmasının, vətənpərvər, məsuliyyətli və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinin dövlətin qarşısında duran əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor və aktyor Əbdül Mahmudov milli-mənəvi dəyərlərin, ailə institutunun və mədəni irsin qorunmasının cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, milli kinomuz və mədəniyyətimiz hər zaman bu dəyərlərin təbliğinə xidmət edib və müasir dövrdə rəqəmsal mühitin yaratdığı çağırışlar fonunda gənc nəslin milli kimlik, mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi daha da aktuallaşıb. Ə. Mahmudov bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsinin, ziyalıların cəmiyyətlə birbaşa ünsiyyətinin və milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi üçün birgə səylərin vacibliyini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov çıxış edərək, milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb. Z. Şabanov çıxışında ailə institutunun möhkəmləndirilməsinin, qadınların təhsil və inkişaf imkanlarının genişləndirilməsinin, gender bərabərliyinin təşviqinin və zorakılığın bütün formalarının qarşısının alınmasının sağlam və dayanıqlı cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib. O, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, gənc nəslin bu dəyərlər əsasında tərbiyə olunmasının cəmiyyətin gələcək inkişafı üçün vacib olduğunu diqqətə çatdırıb.

Müzakirələrdə çıxış edən rayon tam orta məktəbinin müəllimi, bələdiyyə sədri, yeni yaradılan yerli əlaqələndirici şuranın sədr müavini Aynur Axundova, sabiq dövlət qulluqçusu Aftandil Şikarov, təqaüddə olan müəllim İmran Sadiq və digər ziyalılar layihənin cəmiyyət üçün aktuallığını vurğulayaraq, ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin milli-mənəvi ruhda tərbiyəsi və maarifləndirmə fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Qeyd edək ki, layihənin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.