“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində Qobustan üzrə əlaqələndirici şura yaradıldı
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində Qobustan üzrə əlaqələndirici şura yaradıldı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qobustan rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 17 iyul 2026-cı il tarixində Qobustan rayonunda “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində ziyalılarla dəyirmi masa keçirilib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tədbir iştirakçılarını salamlayaraq “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsinin Qobustanda keçirilməsini və rayonun Dağlıq Şirvan iqtisadi rayonu üzrə əlaqələndirici mərkəz kimi müəyyənləşdirilməsini yüksək qiymətləndirib. O, rayonda yaşayan ziyalıların, ağsaqqalların və ictimai nüfuz sahibi olan şəxslərin cəmiyyətin maarifləndirilməsi və sağlam dəyərlərin təbliğində mühüm rol oynayacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, erkən evlilik, məişət zorakılığı və digər sosial problemlərin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, ictimaiyyətin və ziyalıların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, ailə sağlam cəmiyyətin əsasını təşkil edir və milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin düzgün tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi zəruridir. Adil Məmmədov Qobustan rayonunun bu təşəbbüsün həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğunu bildirərək, layihənin regionda müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətdə mövcud olan sosial problemlərin yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, ziyalıların, ağsaqqal və ağbirçəklərin, ictimai fəalların birgə səyləri ilə daha effektiv həll oluna biləcəyini vurğulayıb. O bildirib ki, maarifləndirici tədbirlərin davamlı və sistemli xarakter alması məqsədilə rayonlarda nüfuzlu ziyalılardan ibarət əlaqələndirici şuraların yaradılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Qobustan rayonunda formalaşdırılan şura gələcəkdə Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan digər rayonlarda da maarifləndirici görüşlərin və ictimai müzakirələrin təşkilində fəal iştirak edəcək.
Sədr müavini qeyd edib ki, layihənin əsas məqsədi ailə dəyərlərinin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ruhunun gücləndirilməsi, erkən evlilik, məişət zorakılığı, narkomaniya, təhsildən yayınma kimi sosial problemlərin qarşısının alınması istiqamətində ictimai həmrəyliyi artırmaq və ziyalıların həyat təcrübəsini gənc nəslə çatdırmaqdır. O, bu istiqamətdə tanınmış elm, mədəniyyət və incəsənət nümayəndələrinin də regionlarda keçirilən görüşlərə cəlb olunduğunu, layihənin mərhələli şəkildə ölkənin digər iqtisadi rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şixbala Bayramov, rayon tam məktəbin müəllimi Sədaqət Məhərrəmova və digər ziyalılar layihənin cəmiyyətə, xüsusilə gənclərə verəcəyi töhfələri vurğulayıblar, milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və onların sağlam düşüncə tərzində formalaşmasının vacibliyini qeyd ediblər.
Tədbirin davamında Qobustanda elm, mədəniyyət, idman və din xadimlərindən ibarət tərkibdə yerli əlaqələndirici şura yaradılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək vermək, cəmiyyətdə ideoloji işi gücləndirməkdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi