Psixoloqların ailələrlə iş üzrə bilik və bacarıqlarının, peşəkarlığının artırılması istiqamətində keçirilən 5 günlük təlim başa çatıb
Paylaş:
17-21 noyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimdə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, səhiyyə və təhsil müəssisələrinin, özəl müəssisələrin və QHT-lərin ailələrlə iş üzrə mütəxəssisi iştirak edib.
17-19 noyabr tarixlərində iştirakçılara Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Xüsusi Dünya Psixoloji Ailə Məsləhət Mərkəzinin (“Özel Dünya Psikoloji Aile Danışmanlık Merkezi”) klinik psixoloqu Eylem Atlas tərəfindən “Ailədə ər-arvad arasında və ailədaxilində mövcud ünsiyyət problemlərinin həlli yolları”, “Ailədaxili münasibətlərin dinamikliyi, valideyn məsuliyyətinin bölüşdürülməsi”, “Valideynlərin uşaqların rəqəmsal mediada mövcud təhlükələrdən qorunma yolları barədə məlumatlandırılması” mövzularında təqdimatlar, videoçarxlar vasitəsilə məlumatlar verilib.
20-21 noyabr tarixlərində isə ölkəmizdə səfərdə olan Türk Qızılay Akademiyasının Təhsilin planlaşdırılması və həyata keçirilməsi üzrə mütəxəssisi Nurgül Poyraz və Təlim proqramlarının və təlimçilərin hazırlanması üzrə mütəxəssis Serpil Uygun Çiçek tərəfindən iştirakçılara peşəkar təlimçi bacarıqları, ünsiyyətin düzgün qurulması, təqdimatın hazırlanma qaydaları və s. istiqamətlər üzrə məlumatlar verilib.
İnteraktiv formada keçən təlim zamanı iştirakçılara mütəxəssislər tərəfindən hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş materiallar təqdim olunub.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na və “Azərbaycan Respublikasında sosial-xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi