“Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzusu müzakirə edilib

23 aprel 2026 20:56

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans çərçivəsində panel sessiyası təşkil olunub.

Panelin moderatoru,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi  Simrah İsmayılova çıxışında bildirib ki, müasir şəhərsalma yanaşmaları şəhərlərin qorunması və dayanıqlı inkişafına xidmət etməli, bu prosesdə genderə həssas və inklüziv prinsiplər əsas götürülməlidir.

Simrah İsmayılova vurğulayıb ki, “Memarlıq və Şəhərsalma İli”nin əsas hədəflərindən biri şəhərlərin, xüsusilə də Qarabağ regionunun yenidən qurulması prosesinə diqqətin artırılmasıdır. Qeyd edib ki, Qarabağda həyata keçirilən bərpa proqramları çərçivəsində şəhərlərin yenidən qurulmasında genderə həssas və inklüziv yanaşmanın tətbiqi strateji əhəmiyyət daşıyır.

Panel sessiyada çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Qədir Babayev bildirib ki, genderə həssas və insan mərkəzli yanaşma müasir şəhərsalmanın əsas istiqamətlərindən biri olmaqla, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında həlledici rol oynayır.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri bu yanaşmanın tətbiqi üçün mühüm imkan yaradıb. Bu çərçivədə sosial infrastrukturun qabaqcadan planlaşdırılması, piyada əlçatanlığının təmin edilməsi, təhlükəsiz ictimai məkanların təşkili və yaşayış mühitində balansın qorunması əsas prioritetlər kimi müəyyən olunub. Qədir Babayev vurğulayıb ki, tətbiq edilən şəhərsalma modeli qadınların iqtisadi və ictimai iştirakını gücləndirməklə yanaşı, ümumilikdə daha təhlükəsiz, funksional və dayanıqlı şəhərlərin qurulmasına xidmət edir.

Daha sonra çıxış edən “DESIGN BUREAU” şirkətinin icraçı direktoru, memar Fizuli Əliyev bildirib ki, memarlıq sahəsində qadınların fəal iştirakı artıq formalaşmış reallıqdır və bu istiqamətdə müsbət dinamika müşahidə olunur. O, bu sahədə sistemli yanaşmanın vacibliyini vurğulayaraq, mentorluq proqramlarının təşkili, karyera davamlılığını dəstəkləyən mexanizmlərin yaradılması, peşəkar şəbəkələşmənin genişləndirilməsi və rol modellərinin təşviqinin əhəmiyyətini qeyd edib. O bildirib ki, bu tədbirlər kompleks şəkildə həyata keçirildiyi təqdirdə memarlıq sahəsində daha inklüziv və davamlı inkişaf mühitinin formalaşdırılması mümkün olacaq.

Azərbaycan Memarlar İttifaqının əməkdaşı, memar Şeyda Novruzova çıxış edərək bildirib ki, Azərbaycanda qadın memarlar şəhərsalma və memarlıq sahəsində fəal iştirak edərək mühüm uğurlar əldə edir və bu ənənə əvvəlki nəsillərin qoyduğu əsaslar üzərində davam etdirilir.

O vurğulayıb ki, peşə fəaliyyətində əsas meyar cins deyil, peşəkarlıqdır və qadınların layihələrdə, o cümlədən Qarabağda aparılan bərpa işlərində iştirakı gender bərabərliyinin real göstəricisidir. Şeyda Novruzova əlavə edib ki, inklüziv və təhlükəsiz şəhər mühitinin formalaşdırılması bütün cəmiyyət üzvləri üçün əlçatan olmalı və bu prosesdə hər kəs bərabər iştirak etməlidir.

Müzakirələr zamanı şəhərsalma siyasətində gender balansının qorunması daha təhlükəsiz, inklüziv şəhərlərin formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.