Qaxda “Parlayan ZİYA” təbliğat-təşviqat qrupu layihəsi çərçivəsində əhali ilə növbəti görüş keçirilib

13 noyabr 2026 13:27

Paylaş:

13 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Qax Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi üzrə əhali ilə növbəti görüş keçirilib.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi və şəhidlər xiyabanı ziyarət olunub.

Açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı.

Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Parlayan Ziya” təbliğat-təşviqat qrupunun yaradılmasının əsas məqsədinin cənab Prezident tərəfindən qarşıya qoyulan hədəflərə nail olunmasına töhfə vermək olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkə tarixindəki müstəsna rolundan bəhs edərək, 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini vurğulayıb. S.Qəhrəmanova, həmçinin cənab Prezidentin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edən mesajlar səsləndirdiyini qeyd edərək, həmin mesajların ictimaiyyətə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, ziyalılar öz vəzifə və fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərlə iş aparmalı, onları düzgün istiqamətləndirməli və cəmiyyətin inkişafına töhfə verməlidirlər.

Açılış nitqlərindən sonra ziyalıların çıxışları dinlənilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri, əməkdar incəsənət xadimi, müsiqişünas Cahangir Səlimxanov çıxış ediblər. 

Tədbirin davamında keçirilən müzakirələrdə Qax rayonu Ləki kənd inzibati dairəsi üzrə nümayəndə Təhminə Ağayeva, şəhid atası Rafiq Hacıyev, Mərkəzi Cümə məscidinin imamı Xəzər Xalidov, T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin direktoru Faiq Sofyev çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndiriblər.

Sonda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova rayonun tanınmış sakinlərindən ibarət yaradılmış əlaqələndirici şuranın üzvlərinin siyahısını açıqlayıb.