Regionlarda tədris ili öncəsi valideynlərlə maarifləndirici görüşlər keçirilib

10 sentyabr 2025 16:30

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan  Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən  yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, məktəbyaşlı uşaqların təhsilinə və inkişafına daha dəstək göstərmələrini təşviq etmək məqsədilə 1-10 sentyabr 2025-ci il tarixlərində, qəsəbə və kənd yerlərində (Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul) valideynlər üçün maarifləndirici görüşlər keçirilib.

Çıxış edənlər valideynlərin uşaqlara diqqət və qayğı ilə yanaşmasının onların təlim müvəffəqiyyətinə və emosional inkişafına mühüm təsir göstərdiyini bildiriblər. 

Görüşlərdə  həmçinin qeyd olunub ki, valideyn və məktəbin qarşılıqlı əməkdaşlığı uşaqlarda sağlam münasibətlər qurmaq və uğurlu təhsil təcrübəsi qazanmaq imkanı yaradır. Uşaqların yalnız akademik qiymətləri deyil, göstərdikləri səylər də dəyərləndirilməlidir. Müsbət təşviq və emosional dəstək, uşaqların özünəinamını və məktəbə marağını artırır.

Sonda valideynlərin sualları cavablandırılıb, maarifləndirici video-çarx nümayiş olunub, bukletlər paylanılıb.