Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

20 noyabr 2025 15:59

Paylaş:

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.

Mərkəzlər tərəfindən Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə maarifləndirici görüşlər, əlilliyi olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə bədii-əyləncəli tədbirlər və “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda interaktiv seminarlar keçirilib. Həmçinin Layihə çərçivəsində SOS Uşaq Kəndinə səfər təşkil edilib.

Yerli idarə və təşkilatların dəstəyi ilə keçirilən görüşlərdə mərkəzlərlə yanaşı, müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər, könüllülər, rayon ictimaiyyətinin Uşaq Səfirlər Məclisinin nümayəndələri də iştirak ediblər.

TədbirlərdəAzərbaycan dövləti tərəfindən uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi, layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlardan danışılıb.

Silsilə tədbirlər zamanı “Uşaq hüquqları-hər bir uşaq üçün” mövzusunda sosial çarx nümayiş etdirilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.