“Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib

15 aprel 2026 09:30

Paylaş:

15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda gənclərlə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında sağlam ailə dəyərlərinin təşviqi, karyera planlaşdırılması ilə şəxsi həyat arasında balansın qorunmasının əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsi, eləcə də şəxsi inkişafın müasir çağırışlar kontekstində rolu haqqında məlumatlandırmanın təmin olunması olub.

Tədbirdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova çıxış edərək ailə institutunun cəmiyyətin dayanıqlı inkişafında oynadığı mühüm roldan bəhs edib. O, müasir dövrdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, effektiv ünsiyyət və emosional bağlılığın qorunmasının vacibliyini vurğulayıb, gənclərin sağlam və dəyər yönümlü ailə modeli formalaşdırmasında maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan İqtisad Universitetinin Qiymətləndirmə şöbəsinin müdiri Sevinc Burzuyeva çıxış edərək karyera inkişafı prosesində düzgün planlaşdırmanın, vaxtın səmərəli idarə olunmasının və şəxsi inkişafın əhəmiyyətindən danışıb. O, gənclərin peşəkar fəaliyyətlə yanaşı şəxsi həyat balansını qorumasının uzunmüddətli uğurun əsas şərtlərindən biri olduğunu qeyd edib.

Çıxışlar zamanı həmçinin şəxsi inkişafın fərdin həyat keyfiyyətinə təsiri, emosional zəkanın rolu və müasir dövrdə dəyişən sosial mühitə uyğunlaşma bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi gənclərin sağlam həyat tərzi, ailə dəyərləri və balanslı inkişaf istiqamətində məlumatlılığının artırılmasına mühüm töhfə verir.

İnteraktiv müzakirələr fotmatında davam edən görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.