“Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda növbəti tədbir keçirilib
Paylaş:
14 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində gənclərin iştirakı ilə “Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Tədbirin moderatoru qismində çıxış edən Universitetin Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimi Sevinc Burzuyeva iştirakçılara mövzunun aktuallığından bəhs edib. O, tələbələrin sağlam psixoloji mühit, düzgün ünsiyyət və ailə dəyərləri ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli ailə dəyərlərinin və ənənələrinin qorunub saxlanılması, sağlam ailə münasibətlərinin nəsildən nəslə ötürülməsinin dövlət ailə siyasətinin əsas prioritet istiqaməti olması, bu sahədə Dövlət Komitəsi tərəfindən görülən işlərdən bəhs edib.
Tədbirdə çıxış edən Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov tələbələrlə emosional balans, qarşılıqlı anlayış və psixoloji təhlükəsizlik mövzularında interaktiv müzakirələr aparıb. Həmçinin gündəlik həyatda sağlam münasibətlərin qurulmasına dair praktiki yanaşmaları paylaşıb. O, ailədaxili münasibətlərin düzgün tənzimlənməsi, sağlam cəmiyyətin qurulmasında hər bir şəxsin sosial məsuliyyətli olması, süni intellektdən düzgün istifadəsi barədə geniş məlumat verib.
Fikir mübadiləsi ilə davam edən görüşdə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi