Sədaqət Qəhrəmanova Cenevrədə keçirilən qadın liderliyinə həsr olunmuş fotosərginin açılış mərasimində iştirak edib
Paylaş:
30 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT-nin Cenevrə Bölməsində keçirilən “Qadın işi deyil?” – Ölkələrə, cəmiyyətlərə və icmalara rəhbərlik edən qadınlar” adlı fotosərginin açılış mərasimində iştirak edib.
BMT-nin Cenevrədəki Ofisi, Qazaxıstan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və BMT Qadınlar Təşkilatının (UN Women) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi rəhbər mövqelərdə fəaliyyət göstərən qadınların nailiyyətlərinin təqdim olunması, qadın liderliyinin təşviqi, gender bərabərliyinin gücləndirilməsi və qadınların qərarqəbuletmə proseslərində iştirakının əhəmiyyətinin vurğulanması olub.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın liderliyinin cəmiyyətlərin davamlı inkişafının təmin edilməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, qadınlar elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə peşəkarlıqları və təşəbbüskarlığı ilə mühüm nəticələr əldə edir, sosial-iqtisadi inkişaf proseslərinə əhəmiyyətli töhfələr verirlər.
Sədr müavini Azərbaycanın bu beynəlxalq platformada təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bunu ölkəmizdə qadınların tarixi nailiyyətlərinin və müasir dövrdə ictimai-siyasi həyatda fəal iştirakının beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirib. O, Azərbaycan qadınlarının hələ 1918-ci ildə seçmək və seçilmək hüququ əldə etdiyini xatırladaraq, onların milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və dövlət quruculuğu prosesində mühüm rol oynadıqlarını diqqətə çatdırıb.
Çıxışının sonunda Sədaqət Qəhrəmanova sərginin qadınların imkanlarının genişləndirilməsi, qarşılıqlı hörmətin təşviqi və qərarqəbuletmə mexanizmlərində iştirakının daha da artırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, fotosərgidə qadın liderliyini təmsil edən şəxslər sırasında Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın da fotosu da yer alıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi