Siyasi iştirakın gender ölçüsü: Azərbaycan nümunəsi
Paylaş:
Milli Məclisin deputatı Gülşən Paşayeva
Məlum olduğu kimi, qadınların siyasətdə iştirakı müəyyən təkamül yolu keçmişdir. Əgər XX əsrin əvvəllərində məqsəd qadınların səs vermək hüququnu tanımaq idisə, XXI əsrdə artıq hədəf qadınların qərar qəbuletmə prosesinin bütün səviyyələrində bərabər iştirakını təmin etməkdir.
Ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatı (BMT) bu istiqamətdə qlobal gündəliyin formalaşmasına əhəmiyyətli töhfə verərək, kişilər və qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi istiqamətində bir sıra beynəlxalq sənədlər qəbul etmişdir. Lakin təəssüf ki, hələ də qlobal miqyasda bərabər hüquqların təsbit edilməsi bərabər imkanlara çevrilməmişdir. Bunun səbəbləri arasında əsrlər boyu nəsildən nəsilə ötürülən gender stereotipləri və mədəni normalar, kişilər və qadınlar arasında mövcud olan iqtisadi bərabərsizlik və institusional xüsusiyyətlər göstərilir. Məhz bu kontekstdə coğrafi, tarixi, mədəni və dini amillərin unikal vəhdəti ilə səciyyələnən Azərbaycan nümunəsində qadınların siyasətdə və qərar qəbuletmə prosesində iştirakı xüsusi maraq kəsb edir.
Təqdirəlayiqdir ki, Şərqdə qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə verilmişdir. Siyasi iştirakın gender ölçüsü baxımından bu tarixi fakt öz dövrü üçün olduqca mütərəqqi bir fenomen olmaqla yanaşı hüquqi müstəvidə kişilər və qadınlar arasında bərabərlik prinsipinin ilk dəfə təsbit edilməsi demək idi. Digər tərəfdən, bu prinsipin müəyyən dərəcədə Sovet İttifaqı çərçivəsində “kvota” sisteminin tətbiq edilməsi ilə qorunub saxlanılmasına və bu baxımdan Azərbaycanda qadınların təhsildə, əməkdə və eləcə də ictimai-siyasi həyatda fəal iştirak etməsinə baxmayaraq, onların qərar qəbuletmə prosesində təmsilçiliyi kifayət qədər deyildi. Yalnız 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə gender bərabərliyinin təmin edilməsi baxımından məqsədyönlü fəaliyyət aparılmağa və bu sahədə müvafiq hüquqi baza yaradılmağa başladı.
İlkin olaraq 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının "Bərabərlik hüququ"na həsr edilmiş 25-ci maddəsində kişi və qadınların eyni hüquq və azadlıqlara malik olması[1] təsbit edildi. Milli qanunvericilikdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılmış növbəti addım 2006-cı ilin 10 oktyabr tarixində qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu[2]dur. Bu Qanunun məqsədi "cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyini" təmin etməkdir[3]. Qanunun 5-ci maddəsində gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri, 6-cı maddəsində isə gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri öz əksini tapmışdır. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri arasında normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı; normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi; gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi və nəhayət gender bərabərliyi mədəniyyətinin təbliği qeyd edilir. Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri isə “cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün”[4] tədbirlərin görülməsidir.
Ötən illər ərzində Azərbaycan Respublikası eləcə də qadın hüquqları və gender bərabərliyi məsələlərinə dair bir sıra beynəlxalq müqavilələri ratifikasiya etmişdir. Belə müqavilələr arasında 1992-ci ildə ratifikasiya edilmiş "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt"ı, "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"ı, 1995-ci ildə ratifikasiya edilmiş BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasını (CEDAW), 2001-ci ildə ratifikasiya edilmiş BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasının Fakultativ Protokolunu göstərmək olar[5]. Azərbaycan hökuməti bu və digər beynəlxalq müqavilələrə dair ölkədə həyata keçirilən fəaliyyət haqqında müvafiq qurumlara mütəmadi olaraq milli hesabatlarını təqdim edir.
Gender bərabərliyinin təmin edilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli 668 nömrəli Fərmanı[6] ilə qoyuldu. Bu Fərmanla ölkədə milli mexanizm - qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanı[7] isə siyasi iştirakın gender ölçüsü baxımından böyük önəm kəsb edirdi. Bu Fərman Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunmasını nəzərdə tuturdu. Beləliklə, yuxarıda qeyd edilmiş normativ hüquqi aktlar qadın hüquqlarının müdafiə edilməsinin və gender bərabərliyinin təmin edilməsinin institusional əsaslarını müəyyən etdi.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin 6 fevral tarixli 361 nömrəli Fərmanı[8] ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ailə və uşaq problemlərinin qadın problemləri ilə birgə və əlaqəli şəkildə həll edilməsi məqsədilə yaradılmış bu mərkəzi icra hakimiyyəti orqanı ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda bu qurum 2006-cı ilin 10 oktyabr tarixində qəbul edilmiş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə və həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 484 nömrəli Fərmanının 2-ci hissəsinə[9] əsasən gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.
Beləliklə, 35 ilə yaxın bir dövr ərzində qadınların dövlət idarəçiliyində və qərar qəbul edilməsindəciştirakında tədricən müsbət tendensiya müşahidə olunmaqdadır. Bu gün qadınlar dövlət idarəçiliyinin ən yüksək vəzifələrində təmsil olunurlar. Mehriban Əliyeva - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Sahibə Qafarova - Azərbaycan Respublikası Milli Məclisinin sədri, Səbinə Əliyeva - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilidir. Eyni zamanda qanunvericilik orqanında qadınların təmsilçiliyi 2005-ci il ilə müqayisədə artaraq 11 faizdən 20 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarına seçilmiş qadınların payı isə 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində 4% olduğu halda, hazırda 39%-dir.
2024-cü il üzrə əldə edilmiş məlumatlara əsasən, qadınlar Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakim korpusunun 26,1 %-ni təşkil edirlər.Onlar prokurorluq orqanlarında rəhbər vəzifələrdə 4,5%-lə, Azərbaycan Respublikasının Ədliyyə nazirliyində isə 11,7 %-lə təmsil olunurlar. Digər tərəfdən, qadın diplomatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəhbər vəzifələrdə (xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi, səfir, daimi nümayəndə və baş konsul) çalışanların 6,9%-ni təşkil edir. Bir sıra digər nazirliklərdə isə vəziyyət aşağıdakı kimidir: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu üzrə rəhbər vəzifələrdə qadınlar 30%, Elm və Təhsil Nazirliyinin strukturunda 26,2%, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində 22,3%, Energetika Nazirliyində 21,8%, Kənd Təsərrüfatı Nazirliyinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda 16,5%, Maliyyə Nazirliyi sistemində 16%, İqtisadiyyat nazirliyi sisteminə daxil olan dövlət qurumlarında 13%, Gənclər və İdman Nazirliyinin mərkəzi aparatında və yerli bölmələrində 12,9% təşkil edir[10].
Beləliklə, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda siyasi iştirakın gender ölçüsündə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. İnstitusional mexanizmlər yaradılmiş, qadınların qərar qəbuletmə prosesində təmsilçiliyi genişlənmişdir. Eyni zamanda vətəndaş cəmiyyəti institutları qadınların siyasi savadlılığının və liderlik potensialının artırılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirirlər. Seçkilərdə iştirak statistikası da qadınların seçici kimi sabit iştirakını və namizədlər arasında onların sayının tədricən artdığını göstərir.
Lakin, digər tərəfdən, qadınların yüksək təhsil səviyyəsinə baxmayaraq, mədəni normalar, gender stereotipləri və ailədə ənənəvi rol bölgüsü qadınların fəal siyasi karyera imkanlarını obyektiv şəkildə məhdudlaşdırır. Kişilər və qadınlar arasında mövcud olan iqtisadi bərabərsizlik və institusional xüsusiyyətlər də qadınların siyasi proseslərdə iştirakına maneələr yaradır.
Aydındır ki, kişilər və qadınlar arasında daha balanslı təmsilçilik modelinə doğru irəliləyiş ardıcıl və uzunmüddətli siyasi yanaşmanı və hərtərəfli tədbirlər planının həyata keçirilməsini özündə ehtiva edir. Bu gün qadınların qərar qəbuletmədə iştirakının artırılması təkcə sosial ədalət məsələsi deyil, bu həm də ölkənin modernləşdirilməsi və davamlı inkişafı üçün strateji bir resursdur. Bu baxımdan gələcəkdə perspektivli sahələrə iştirakı təşviq etmək üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi, liderlik və mentorluq proqramlarının genişləndirilməsi, təhsil təşəbbüslərinin inkişaf etdirilməsi və mədəni münasibətlərin dəyişdirilməsinə yönəlmiş ictimai kampaniyaların aparılması kimi fəaliyyətlər nəzərdən keçirilə bilər.
Beləliklə, Azərbaycan nümunəsində siyasi iştirakın gender ölçüsünün təhlili tarixi irsin, coğrafi məkanın, dini və mədəni ənənələrin və müasir dövlət quruculuğunun xüsusiyyətlərinin mürəkkəb qarşılıqlı təsirini nəzərə almağı tələb edir.
[1]Maddə 25. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il, E-qanun.az - https://e-qanun.az/framework/897
[2]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, E-qanun.az - https://e-qanun.az/framework/12424
[3]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, maddə 1. E-qanun.az - https://e-qanun.az/framework/12424
[4]"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 oktyabr 2006-cı il, 6-cı maddə. E-qanun.az - https://e-qanun.az/framework/12424
[5]Azerbaijan. Status of Ratification. Official website of the UN Human Rights Office - https://indicators.ohchr.org
[6]"Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 14 yanvar 1998-ci il, № 668. E-qanun.az - https://e-qanun.az/framework/4932
[7]"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 6 mart 2000-ci il. № 289. E-qanun.az - https://e-qanun.az/framework/597
[8]"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 6 fevral 2006-cı il, № 361. E-qanun.az - https://e-qanun.az/framework/11484
[9]“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 29 noyabr 2006-cı il, № 484. E-qanun.az - https://e-qanun.az/framework/12432
[10] Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı. Bakı, 2025, səh. 83-103
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi