Sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib

21 iyun 2026 15:09

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 16-19 iyun 2026-cı il tarixlərində sosial cəhətdən həssas qruplardan olan qadınların iştirakı ilə psixoloji məsləhətləşmələr keçirilib.

Mərkəzlərin əməkdaşları, psixoloqlar, icma sakinləri iştirak etdiyi tədbirlərin keçirilməsində məqsəd qadınların psixoloji sağlamlıq sahəsində məlumatlılığının artırılması, gündəlik həyatda qarşılaşılan psixoloji çətinliklərin aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması və iştirakçıların onları narahat edən məsələlərlə bağlı peşəkar məsləhətlər əldə etmələrinə şərait yaratmaq olub.

 Görüşlərdə iştirakçılara stressin idarə olunması, narahatlıq və gərginlik halları ilə mübarizə üsulları, ailədaxili münasibətlərdə sağlam ünsiyyətin qurulması, özünəinamın artırılması və psixoloji dayanıqlılığın gücləndirilməsi mövzularında ətraflı məlumat verilib.

Psixoloqlar tərəfindən gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələr təqdim olunub, iştirakçıların psixoloji sağlamlığın qorunması ilə bağlı sualları cavablandırılıb.

Məsləhətləşmələr zamanı həm anonim sual qutuları vasitəsilə, həm də açıq şəkildə səsləndirilən suallar ekspertlər tərəfindən cavablandırılıb, iştirakçıları maraqlandıran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.