SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Tematik İşçi Qrupunun növbəti illik iclası baş tutub

16 sentyabr 2026 12:44

Paylaş:

16 sentyabr 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Tematik İşçi Qrupunun növbəti illik iclası baş tutub.

Qeyd edək ki, SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Tematik İşçi Qrupuna 5 ildən artıqdır ki,  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova sədrlik edir.

"Rəqəmsal və yaşıl iqtisadiyyat kontekstində qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunmuş onlayn iclasda region ölkələrində qadınların sahibkarlıq, məşğulluq, innovasiya fəaliyyəti, yaşıl iqtisadiyyat və ekoloji layihələrdə iştirakı, rəqəmsal bacarıqların inkişafı və liderlik sahələrində iştirakının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və qabaqcıl təcrübələr geniş müzakirə edilib.

İclasda ESKATO-nun Sosial İnkişaf Şöbəsinin rəhbəri vəzifəsini icra edən Tsay Tsay, ESKAP BMT-nin Avropa İqtisadi Komissiyasının İqtisadi Əməkdaşlıq və Ticarət Şöbəsinin direktoru Elizabet Türk, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun sədri Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək mövzunun önəmini vurğulayıblar.

ESKATO-nun Sosial İnkişaf Şöbəsinin rəhbəri vəzifəsini icra edən Tsay Tsayiştirakçıları salamlayıb və müzakirə olunacaq mövzunun region üçün aktuallığını vurğulayıb. O, gender bərabərliyinin təmin olunması və qadınların iqtisadi hüquq və imkanlarının gücləndirilməsi istiqamətində regional əməkdaşlığın vacib rol oynadığını bildirib. Çıxışında region iqtisadiyyatlarının rəqəmsal transformasiya və iqlim dəyişikliyi kimi qlobal trendlərin təsiri ilə sürətlə dəyişdiyini qeyd edib. O, bu prosesdə qadınların tam hüquqlu iştirakını təmin etmək üçün hədəflənmiş bacarıqların inkişafı və gender yönümlü siyasətin vacibliyini vurğulayıb.

Daha sonra ESKAP BMT-nin Avropa İqtisadi Komissiyasının İqtisadi Əməkdaşlıq və Ticarət Şöbəsinin direktoru Elizabet Türk çıxış edərək SPECA regionunda əməkdaşlıq imkanları və ölkə təcrübələrini bölüşüb. E.Türk vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid dövründə qadınlar və cəmiyyətin digər həssas təbəqələri bu qlobal transformasiyadan kənarda qalmamalıdır. Bu məqsədlə həyata keçirilən bütün layihə və tənzimləmə siyasətlərinin gender aspektindən ətraflı dəyərləndirilməsinin və standartların bu ehtiyaclara uyğun formalaşdırılmasının zəruriliyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun sədri Sədaqət Qəhrəmanova çıxış edərək rəqəmsallaşma və yaşıl iqtisadiyyata qlobal keçid şəraitində qadınların iqtisadi imkanlarının genişləndirilməsinin regional inkişaf üçün strateji əhəmiyyətini vurğulayıb. Sədr müavini Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə atılan ən son mühüm addım kimi  “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqləndiyini diqqətə çatdırıb. Bildirib ki, Fəaliyyət Planı qadınların rəqəmsal savadlılığının artırılması, məşğulluğunun və iqtisadi imkanlarının genişləndirilməsi, əmək bazarında gender fərqlərinin azaldılması və onların iqlim dəyişikliyi ilə bağlı proseslərə daha fəal cəlb olunması istiqamətində kompleks tədbirləri nəzərdə tutur.

S.Qəhrəmanova Azərbaycanda qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə daha fəal cəlb olunması, rəqəmsal həllərin hazırlanmasında iştirakının genişlənməsi və texnoloji sektorlarda yeni peşə imkanlarının yaradılması istiqamətində müşahidə olunan müsbət dinamikanı diqqətə çatdırılıb. O, həmçinin yaşıl transformasiya fonunda qadınların ekoloji təmiz iş yerlərinə və yaşıl bacarıqlara çıxışının genişləndirilməsinin vacibliyinə toxunub.

S.Qəhrəmanova çıxışının sonunda region ölkələri qarşısında duran çağırışlara da diqqət çəkərək, kənd yerlərində rəqəmsal fərqlərin aradan qaldırılmasının və xüsusilə kənd və ucqar ərazilərdə yaşayan qadınların rəqabətədavamlılığı üçün fasiləsiz peşə hazırlığı proqramlarının yaradılmasının zəruriliyini vurğulayıb, SPECA ölkələrini bu istiqamətdə praktiki əməkdaşlığı gücləndirməyə çağırıb.  

İclasda, həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkə hesabatı ilə çıxış edərək rəqəmsal texnologiyaların və süni intellektin qadınların iqtisadi imkanlarının genişləndirilməsində yaratdığı yeni perspektivlərdən bəhs edib və bu prosesə göstərilən dövlət dəstəyi barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qadınların rəqəmsal və yaşıl iqtisadiyyatda iştirakının genişləndirilməsi üçün qanunvericilik bazası, peşə hazırlığı, rəqəmsal kənd təsərrüfatı və sahibkarlığa dəstək mexanizmlərini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Nazir müavini rəqəmsal imkanların güclü qanunvericilik bazasına söykəndiyini vurğulayaraq, qeyd edib ki, dövlət proqramları çərçivəsində qadınların İKT üzrə peşə hazırlığına və yaşıl iqtisadiyyat ixtisaslarına cəlb edilməsi uğurla davam etdirilir.

Çıxışda əmək qanunvericiliyində çevik və məsafədən məşğulluq imkanlarının genişləndirilməsi, qadınların əmək bazarında hüquqi təminatlarının gücləndirilməsi və bərabər əməyə görə bərabər ödəniş prinsipinin təşviqi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.

İ.Qədimova Azərbaycanda qadın sahibkarlığının mütəmadi inkişaf etdiyini qeyd edərək, ölkəmizin rəqəmsal və aqrar innovasiyalar sahəsində qadınlara yönəlmiş qabaqcıl təcrübələrini tərəfdaş ölkələrlə bölüşməyə və regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. 

İclasda Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın dövlət qurumlarının rəsmi nümayəndələri, BMT-nin Avropa İqtisadi Komissiyası (ECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) rəhbər şəxsləri, həmçinin beynəlxalq ekspertlər iştirak edərək öz platformalarında tətbiq olununan uğurlu layihələri bölüşüblər.