Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib
Paylaş:
26 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib.
Öncə Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova media nümayəndələrini Mərkəzlə tanış edib, fəaliyyət istiqamətləri və göstərdiyi xidmətləri diqqətə çatdırıb. O, “Uşaqların yaş xüsusiyyətlərinə uyğun inkişaf göstəricilərinin ilkin qiymətləndirilməsi və mümkün inkişaf gecikmələrinin müəyyən edilməsi məqsədilə keçirilən “Denver II” qiymətləndirmə testi, eləcə də digər psixoloji xidmətlər barədə ətraflı məlumat verib. Daha sonra psixoloq Fəridə Qəhrəmanovanın təqdimatında “Şəxsiyyət yüksəlişi” treninqi izlənilib.
Çıxış edən Dövlət Komitəsinin əməkdaşı Ülviyyə Usubova UADM-lərin fəaliyyəti barədə məlumat verərərək, həssas kateqoriyadan olan ailələrə və şəxslərə göstərilən psixososial dəstək tədbirlərindən danışıb. Qeyd edib ki, Mərkəzlərin fəaliyyətində ailə dəyərlərinin təbliği, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində maarifləndirici layihələrin təşkili və həyata keçirilməsi əsas yer tutur.
Sosial iş üzrə mütəxəssis Aytac İbrahimova Mərkəzin fəaliyyəti və sosial işin aparılması barədə geniş təqdimatla çıxış edib, psixoloq Aytəkin Məmmədovanın Mərkəzdə psixoloji işlə bağlı çıxışı dinlənilib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi