Televiziya jurnalistləri üçün müsabiqələr elan edilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan radiosunun 100 illiyi və Azərbaycan televiziyasının 70 illiyi münasibətilə jurnalistlər üçün iki müsabiqə elan edir.
Televiziya və radio onilliklər boyu cəmiyyətin informasiya məkanının formalaşmasında, maarifləndirilməsində və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıb. Efir vasitəsilə ailə dəyərlərinin təşviqi, nümunəvi ailə obrazının geniş auditoriyaya tanıdılması, sağlam ailə münasibətlərinin təbliği və nəsillər arasında varisliyin qorunması bu gün də aktuallığını saxlayır. Rəqəmsal texnologiyaların sürətli inkişafı isə bu sahədə imkanları daha da genişləndirir, ailə və uşaq mövzularına məsuliyyətli, həssas və peşəkar yanaşmanı xüsusilə əhəmiyyətli edir.
Bu məqsədlə Dövlət Komitəsi ənənəvi televiziya jurnalistləri üçün “Televiziyada Azərbaycan ailəsi: ənənələr və müasirlik” adlı və eləcə də platforma yayımçılarının jurnalistləri üçün “Rəqəmsal mediada ailə dəyərləri: təşviq, maarifləndirmə və məsuliyyət” adlı iki müsabiqə elan edir.
Müsabiqələr televiziyanın müasir imkanlarından istifadə etməklə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaqların hüquqlarının qorunması ilə bağlı maarifləndirməyə töhfə verməyi, eləcə də Azərbaycan ailəsinin real həyat hekayələrini işıqlandırmağı hədəfləyir.
Müsabiqələrdə iştirak etmək və ətraflı məlumat əldə etmək üçün keçidlərə daxil ola bilərsiniz:
“Televiziyada Azərbaycan ailəsi: ənənələr və müasirlik” müsabiqəsi
“Rəqəmsal mediada ailə dəyərləri: təşviq, maarifləndirmə və məsuliyyət” müsabiqəsi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi