Tərtərdə çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi ilə bağlı təlim keçirilib

23 noyabr 2026 16:29

Paylaş:

23 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtərdə “Çətin həyat şəraitində yaşayan uşaqların aşkar edilməsi və yerləşdirilməsi istiqamətində işin icra mexanizminin sürətləndirilməsi” mövzusunda təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları salamlayaraq, mövzunun aktuallığını vurğulayıb və cari il ərzində rayon ərazisində uşaqların müdafiəsi istiqamətində həyata keçirilən profilaktik tədbirlər barədə məlumat verib.

Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, çətin həyat şəraitində yaşayan uşaqların vaxtında müəyyənləşdirilməsinin və onların müdafiəsi istiqamətində aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin qurumlararası əməkdaşlığın daha səmərəli təşkili və mövcud icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə isə çətin həyat şəraitində olan uşaqlarla bağlı hüquqi tənzimləmə mexanizmləri, müvafiq qanunvericilik normaları və onların praktiki tətbiqi barədə ətraflı izahat verib.

Həmçinin görüşdə ekspert qismində iştirak edən BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvü (2027–2031), Esseks Universitetinin doktorantı və assistent müəllimi Fərid Ədilov uşaqların avaralıq və dilənçilik fəaliyyətinə cəlb olunmasına qarşı mübarizə istiqamətində həyata keçirilən beynəlxalq təcrübə ilə bağlı iştirakçılarla müzakirələr aparıb, beynəlxalq təcrübənin yerli şəraitdə tətbiqi imkanlarını diqqətə çatdırıb.

Təlimdə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy və Füzuli rayon icra hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin direktorları, prokurorluq orqanlarının nümayəndələri, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə sahə rəisləri və inspektorları, eləcə də Sosial Xidmətlər Agentliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2026-cı il üçün Tədbirlər Planına uyğun olaraq təşkil olunan təlimin əsas məqsədi çətin həyat şəraitində yaşayan uşaqların vaxtında aşkar edilməsi, onların hüquq və mənafelərinin qorunması, müvafiq xidmətlərə yönləndirilməsi və yerləşdirilməsi prosesində aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də bu sahədə mövcud icra mexanizmlərinin daha səmərəli təşkilinə dəstək göstərmək olub.