“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb
Paylaş:
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb.
Bir neçə gün davam edən düşərgə müddətində uşaqlar üçün onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, yaradıcılıq imkanlarının dəstəklənməsi və yeni təcrübələr qazanması məqsədilə müxtəlif fəaliyyətlər təşkil olunub. Düşərgə iştirakçıları maarifləndirici və interaktiv məşğələlərdə iştirak edib, birgə oyunlar oynayıb, musiqi və rəqs proqramlarına qoşulub, yeni dostluqlar quraraq xoş və yaddaqalan anlar yaşayıblar.
Düşərgənin son günündə mərkəzin üç uşağının doğum günü də birgə qeyd olunub. Uşaqlara hədiyyələr təqdim edilib, onların sevincinə şərik olunub.
Düşərgənin uşaqlar üçün zəngin, təhlükəsiz və yaddaqalan təcrübəyə çevrilməsinə göstərdikləri dəyərli dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Səməd Vurğun adına İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadəyə təşəkkür plaketi təqdim edilib.
Qeyd edək ki, belə layihələr uşaqların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosiallaşmasına, yeni bacarıqlar qazanmasına, özünüifadə imkanlarının genişlənməsinə və müsbət emosional təcrübə əldə etməsinə mühüm töhfə verir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi