“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” yeni redaksiyada təsdiq edilmişdir

Paylaş:
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 17 aprel tarixli 113 nömrəli Qərar qəbul edilmiş, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” yeni redaksiyada təsdiq edilmişdir.
Məlumat bankının formalaşdırılmasının məqsədi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili üçün məlumatların (sənədlərin) toplanılması, istifadəsi, təhlili və hesabatların hazırlanmasından ibarətdir.Fərdi məlumatların Məlumat bankında toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Məlumat bankının sahibi və operatoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, iştirakçıları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, istifadəçiləri isə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Məlumat bankından informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdir.
Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsi, həmçinin toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsi təmin olunacaqdır.
Məlumat bankında iştirakçıların informasiya sistemlərindən və resurslarından ümumilikdə 23 kateqoriya üzrə məlumat ötürüləcək, 5 kateqoriya üzrə məlumat isə daxil olunacaq. Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla yanaşı, eyni zamanda əcnəbi və vətəndaşlığı olmayan, ölkə ərazisinə müşayiətsiz gəlmiş və ya gəldikdən sonra müşayiətsiz qalmış, repatriasiya olunmuş uşaqlar haqqında da müəyyən məlumatlar toplanılacaq.
Məlumat bankının strukturu aşağıdakı modullardan ibarət olacaqdır:
- “Yazışma” modulu vasitəsilə real vaxt rejimində uşaq problemlərinin əlaqəli şəkildə çevik həlli məqsədilə iştirakçılar arasında dialoqun aparılması;
- “Məlumatlar” modulu vasitəsilə hər bir uşağa dair iştirakçılar tərəfindən təqdim edilmiş məlumatlar (sənədlər) əsasında müxtəlif parametrlər üzrə uşağın elektron anketini formalaşdıran məlumatların (sənədlərin) toplanması, emalı və axtarış sorğusunun təmin olunması;
- “Hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtibi və uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair iştirakçılar tərəfindən hər il yanvar ayının 15-dək Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə təqdim edilmiş illik hesabatların toplanması və ya onlar tərəfindən bu hesabatların elektron kabinetləri vasitəsilə daxil edilməsi;
“Ümumi istifadə” modulu vasitəsilə istifadəçilər üçün EHİS-ə keçid verilməklə açıq informasiya əldə etmək imkanının yaradılması təmin ediləcəkdir.