Uşaq mütəxəssisləri üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üç gün davam edən təlimlər başa çatıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın 4.2.6-cı bəndinə müvafiq olaraq uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında təlimlər keçirilib.
Erkən uşaqlıq dövrünün inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsinə, onların gələcək rifahına və insan kapitalının formalaşmasına xidmət edir.
Gəncə və Naftalan şəhərləri ilə yanaşı, Daşkəsən, Goranboy, Samux, Göygöl, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən təlim proqramı çərçivəsində ilk olaraq 29 sentyabr 2026-cı il tarixində “Leyla Medical Centeri”n baş həkimi, həkim-pulmonoloq Lalə Rəhimova tərəfindən “Erkən uşaqlıq dövründə sağlamlıq, qidalanma və erkən müdaxilə” mövzusunda keçirilən təlimə sahə üzrə tibb işçiləri cəlb edilib.
30 sentyabr 2026-cı il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova tərəfindən “Erkən uşaqlıq dövründə inkişaf və keyfiyyətli erkən təhsil” mövzusuna həsr olunmuş təlim çərçivəsində təhsil müəssisələrində azyaşlı uşaqlarla çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində təlim təşkil olunub.
Uşaqların emosional və sosial rifahını təmin etmək məqsədilə 1 oktyabr 2026-cı il tarixində təşkil edilmiş Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov tərəfindən “Erkən uşaqlıq dövründə psixoloji inkişaf və sağlam mühitin formalaşdırılması” mövzusunda keçirilən son təlimdə isə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında fəaliyyət göstərən psixoloqlar və sosial işçilər iştirak edib.
Həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq və digər uşaq mütəxəssislərinin iştirak etdiyi təlimlərə ümumilikdə 180 nəfər cəlb olunub, təlim proqramını uğurla başa vuran iştirakçılara isə müvafiq sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi