Uşaq Səfirlər Məclisinin üzvləri Milli Məclisin deputatı Ceyhun Məmmədovla görüşüblər
Paylaş:
17 iyul 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvlərinin təşəbbüsü ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla görüş keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva uşaqların hərtərəfli inkişafına yönəlmiş layihələr, Uşaq Səfirlər Məclisinin fəaliyyəti və bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O, uşaqların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda, fəal və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında dövlətimizin uşaqların və gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətdən danışıb. O, qloballaşma şəraitində milli kimliyin, ana dilinin, tarixi yaddaşın və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinin strateji əhəmiyyət daşıdığını bildirib.
C. Məmmədov gəncləri milli irsə sahib çıxmağa, öz tariximizi və mədəniyyətimizi dərindən öyrənməyə, əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəltməyə çağıraraq, bu kimi maarifləndirici görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin “Zirvə Gənclərin İnkişafı Klubu”nun nümayəndələri iştirak edərək gənclərin inkişafı, əməkdaşlıq imkanları və gələcək təşəbbüslərlə bağlı fikirlərini bölüşüblər.
Görüş müzakirələrlə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi