Uşaq Səfirlər üçün ToT üzrə yay məktəbi təşkil olunub

14 sentyabr 2026 14:35

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 7–13 sentyabr 2026-cı il tarixlərində Uşaq Səfirlər Məclisinin üzvləri üçün Təlimçilərin Hazırlanması (Training of Trainers – ToT) proqramı formatında yay məktəbi təşkil olunub.

Proqramın əsas məqsədi Uşaq Səfirlər Məclisi üzvlərinin təqdimat, ünsiyyət, komanda işi, tənqidi düşünmə və təlim aparmaq bacarıqlarının inkişaf etdirilməsi, onların müxtəlif mövzularda həmyaşıdları üçün maarifləndirici fəaliyyətlər həyata keçirə biləcək təlimçilər kimi hazırlanması olub.

Yeddi gün davam edən proqram çərçivəsində təlimçi Cavidan Səfərli tərəfindən “Süni intellekt əsaslı mentorluq proqramı” üzrə iştirakçılar üçün “Təqdimat bacarıqları”, “Özünü tanı”, “Komanda işi və rəyvermə bacarığı”, “Tənqidi təfəkkürün formalaşdırılması”, “Təlim, seminar, master-klass və vebinarın xüsusiyyətləri”, “Ünsiyyət bacarıqları” mövzularında təlimlər keçirilib.

Təlimlər nəzəri və praktiki məşğələlər, qrup işləri və ev tapşırıqları ilə müşayiət olunub. Proqramın sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqlar elektron test vasitəsilə yoxlanılıb.

Yay məktəbinin yekun mərhələsində iştirakçılar komandalar şəklində hazırladıqları “Uşaq hüquqları”, “Süni intellekt günümüzdə”, “İnformasiya təhlükəsizliyi”, “Bullinq və bullinqin növləri”, “Uşaq iştirakçılığı”, “Debat nədir?”, “Empatiya və tənqidi düşüncə” mövzularında təqdimatlarla çıxış edərək təlimçi kimi qazandıqları bacarıqları nümayiş etdiriblər. Təqdimatlar münsif heyəti tərəfindən qiymətləndirilib.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.