Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirib

9 oktyabr 2026 11:24

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-9 oktyabr 2026-cı il tarixlərində 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlanlar və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, valideynlərin, xüsusilə ataların dəstəkləyici rolunun artırılmasına yönəltməkdir.

Tədbirlərdə Mərkəzlərin, yerli idarə və müəssisələrin əməkdaşları, ekspertlər, valideynlər və uşaqlar iştirak ediblər.

Çıxış edənlər atalar və qızlar arasında sağlam münasibətlərin formalaşmasının uşaqların mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, ailədə qarşılıqlı hörmət, etimad, sevgi və dəstəyə əsaslanan münasibətlər qızların özünəinamının formalaşmasına, onların gələcək həyatında düzgün seçimlər etməsinə və cəmiyyətin fəal üzvünə çevrilməsinə mühüm təsir göstərir. Eyni zamanda qızların təhsil alması, onların hüquq və azadlıqlarının təmin olunması, potensiallarının üzə çıxarılması və gələcək inkişafları üçün əlverişli mühitin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.