“Uşaqlar və Hüquq” - uşaqlar üçün maarifləndirici vəsait hazırlanıb
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə iş planına əsasən “Uşaqlar və Hüquq” adlı kitab (uşaqlar üçün maarifləndirici vəsait) hazırlanmışdır.
Kitabın hazırlanmasında əsas məqsəd uşaqları hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin olunmasında ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından daha səmərəli istifadəyə və vəzifələrinə məsuliyyətlə yanaşmağa sövq etməkdir.
Kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınmış, hüquqi biliklər bədii və həyatla bağlı kiçik hekayələr (kazuslar) vasitəsilə təqdim olunmuşdur.
Kitabda gündəlik həyatda daha çox rast gəlinən və uşaqlar üçün daha aktual olan hüquq və vəzifələrə üstünlük verilmişdir.
Məqsəd uşaqlara çoxlu qanun maddələri öyrətmək deyil, onların gündəlik həyatdakı davranışlarında ədalətli, məsuliyyətli və hüquqlarına sahib çıxmağı bacaran fərdlər kimi formalaşmaqlarına kömək etməkdir.
Kitab 9 fəsildən ibarətdir:
- Hüquq və vəzifələr Konstitusiyada;
- Yol hərəkəti qaydaları;
- Təhsil hüququ;
- Sağlamlığın mühafizəsi hüququ;
- Mülki hüquqlar;
- Ailə hüququ;
- Əmək hüquqları;
- Kibertəhlükəsizlik;
- Hüquqi məsuliyyət.
Fəsillər uşaqların hüquq və vəzifələrini maraqlı və qısa hekayələr (kazuslar) vasitəsilə izah edən ayrı-ayrı dərslərə bölünüb. Beləliklə, hər bir kazusda əks
olunmuş mövzuya aid tapşırıqlar uşaqların öyrəndikləri bilikləri yenidən nəzərdən keçirmək imkanı verəcək. Tapşırıqların cavabları ilə uşaqlar kitabın
sonunda tanış ola və onları düzgün həll edib-etmədiklərini yoxlaya biləcəklər.
Tapşırıqlardan əlavə, hər bir dərsə mövzu ilə bağlı düşündürücü və situativ suallar da daxil edilib. Əsas məqsəd uşaqlarda tənqidi düşünmə, qərarqəbuletmə, düzgün seçim etmə bacarıqlarını inkişaf etdirmək, empatiya, sosial ədalət, hörmət, məsuliyyət, vətəndaşlıq hislərini gücləndirməkdir. Ümid edirik ki, bu kitab uşaqlara həm öz hüquqlarını qorumağı, həm də başqalarının hüquqlarına hörmət etməyi öyrədəcək.
Hüququ bilən və ədaləti sevən uşaqlar gələcəyin savadlı, məsuliyyətli və güclü vətəndaşları deməkdir.
Uşaqlar və hüquq (Uşaqlar üçün maarifləndirici vəsait)
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi