Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 avqust 2026-cı il tarixlərində uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib.
Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə Mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan sakinlər iştirak ediblər.
Tədbirlərdə Mərkəzlərin əməkdaşları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, uşaqların doğulanadək cins seçiminin (selektiv abort) qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs ediblər. Ekspertlər selektiv abortların fəsadlarından danışıblar. Qeyd edilib ki, təbii cinsi tarazlığın pozulması demoqrafik vəziyyətə, qadınların və gələcəkdə doğulacaq uşaqların sağlamlığına ciddi təsir edir. Həmçinin iştirakçılara ailə planlaması və hamiləlikdən qorunmaq üsulları barədə tövsiyələr verilib.
İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi