"Uşaqların ən yaxşı maraq və mənafeyinin qorunması: ədalət, müdafiə və inklüzivlik” mövzusunda yüksək səviyyəli konfrans keçirilib

23 oktyabr 2025 12:42

Paylaş:

2025-ci ilin 23 oktyabr tarixində Maltanın Floriana şəhərində “Uşaqların ən yaxşı maraq və mənafeyinin qorunması: ədalət, müdafiə və inklüzivlik” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Maltanın Ədliyyə və Tikinti Sektorunun İslahatları Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfranda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova təmsil edib.

Konfransda plenar sessiya ilə yanaşı “Uşaqların hüquqlarının uşaqlara dost ədalət sistemi vasitəsilə təmin edilməsi” və “Uşaq yoxsulluğu və uşaqların insan alverinə cəlb edilməsi” mövzularında panel müzakirələri də keçirilib.

Panel müzakirələrinin sual-cavab sessiyası zamanı çıxış edən Ceyran Rəhmətullayeva Azərbaycanda uşaqların ən yaxşı maraqlarının təmin edilməsi, uşaq hüquqları haqqında milli qanunvericilik və bu istiqamətdə həyata keçirilən islahatlar haqqında məlumat verib. O, həmçinin yeni “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlandığını qeyd edərək, sənəddə nəzərdə tutulan tədbirlər və uşaqların rifahının gücləndirilməsinə yönəlmiş əsas istiqamətlər barədə iştirakçıları məlumatlandırıb.