V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib
Paylaş:
13 may2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığıilə V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib.
Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən ANAİB-in sədri Şəmil Sadiq, ötən 5 il ərzində uşaq nəşriyyatlarının sayında artım müşahidə olunduğunu vurğulayıb. Ş.Sadiq, festivalın məqsədinin uşaqlarda mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərin təbliği və onların müxtəlif mədəniyyətlərlə tanışlığının genişləndirilməsi olduğunu diqqətə çatdırıb. Festivalın ildən-ilə daha da geniş miqyas aldığını qeyd edərək, layihəyə ilk gündən dəstək göstərən dövlət qurumlarına və tərəfdaşlara təşəkkürünü ifadə edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, festivalın beş illik fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, təşəbbüs qısa müddətdə geniş oxucu auditoriyasını, peşəkar yazarları və nəşriyyat nümayəndələrini bir araya gətirən mühüm platformaya çevrilib. O, kitabın və biliyin cəmiyyətin inkişafında xüsusi rol oynadığını, insanın gücünü, əzmini və sabaha inamını artırdığını vurğulayıb. Uşaqlarda kitaba maraq oyatmağın onların gələcəyinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edən sədr, valideynləri övladları ilə birgə festivalda iştiraka çağırıb.
Kitab işinin böyük zəhmət və könüllülük tələb etdiyini deyən B.Muradova, nəşriyyatların Azərbaycanın inkişafında xüsusi roluna diqqət çəkib, nəşriyyat nümayəndələrinə, yazarlara və festival təşkilatçılarına təşəkkürünü bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, rəqəmsallaşma dövründə texnologiyanın kitabla rəqabətdə olduğunu deyib, kitabın təbliği məqsədilə keçirilən yerli və beynəlxalq kitab sərgilərinin əhəmiyyətindən danışıb. Kitabda real intellektin fəal iştirakına diqqət çəkən natiq, mütaliənin insan yaradıcılığını, dünyagörüşünü genişləndirdiyini, eləcə də kitabın böyük vəzifəsinin ölkəmizin dövlətçilik maraqlarına, bəşəri dəyərlərə sahib müasir insan yetişdirmək olduğunu bildirib.
Milli Məclisin deputatı Elnarə Akimova, çıxış zamanı kitab sərgilərinin intellektual mühitin formalaşması, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm platformaya çevrildiyini söyləyib. Bildirib ki, belə təşəbbüslər uşaqlarda kitaba marağın artırılmasına, onların mənəvi, əxlaqi və milli dəyərlər əsasında formalaşmasına, həmçinin ətraf mühitə, insanlara həssas münasibətin inkişafına töhfə verir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, kitab festivallarının uşaqların maariflənməsi, mütaliəyə marağının artırılması və milli-mənəvi dəyərlərə bağlı yeni nəslin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, ölkədə uşaq ədəbiyyatının inkişafı, Azərbaycan dilində nəşrlərin sayının artması və dünya ədəbiyyatının dövlət dilinə tərcümə edilərək oxuculara təqdim olunmasının bu sahədə həyata keçirilən ardıcıl işlərin nəticəsi olduğunu bildirib.
Hans Xristian Andersen Mükafatının Münsif heyətinin prezidenti Şirin Kreydeh qeyd edib ki, kitablar uşaqların həm akademik nailiyyətlərinin, həm də dünyagörüşü və düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Ş.Kreydeh, “uşaq ədəbiyyatının Nobel mükafatı” kimi dəyərləndirilən Andersen Mükafatının uşaq müəlliflərinə yaratdıqları əsərlərə görə iki ildən bir təqdim olunduğunu deyib. Münsif heyətinin prezidenti vurğulayıb ki, müxtəlif ölkələr öz namizədlərini təqdim etməklə yerli uşaq ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermiş olur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, informasiyanın sürətlə yayıldığı dövrdə sağlam düşüncəli, savadlı və vətənpərvər nəslin yetişdirilməsində düzgün mühitin formalaşdırılmasının zəruriliyindən danışıb. O bildirib ki, bu mühitin əsas dayaqlarından biri kitab, mütaliə və təhsildir. Son illərdə uşaq nəşriyyatlarının sayının artmasını müsbət hal kimi dəyərləndirən Ceyhun Məmmədov, Azərbaycanda kitab sənayesinin inkişaf etdiyini və bu istiqamətdə mühüm proseslərin getdiyini bildirib.
Qeyd edək ki, mayın 17-dək davam edəcək Festival çərçivəsində məşhur uşaq yazıçıları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüş və imza mərasimləri, yeni uşaq kitablarının təqdimatları keçiriləcək. Bununla yanaşı, uşaqların ifasında mahnı və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli şou proqramlar festival iştirakçılarına təqdim olunacaq.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi