“Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib
Paylaş:
18 fevral 2026-cı il tarixində Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinə uyğun olaraq yuxarı sinif şagirdləri üçün “Vətənpərvərlik və milli ruh” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Qəmzə Süleymanova tədbirin məqsədi və əhəmiyyəti barədə danışaraq, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini vurğulayıb.
Daha sonra Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Anar Əliyevin anası Kişvər Əliyeva çıxış edərək, gəncləri dövlətə sədaqətli, birliyə bağlı və milli dəyərlərə sahib çıxan vətəndaşlar olmağa çağırıb.
Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev gənclərin milli ruhda formalaşmasında düzgün vətəndaş mövqeyinin əhəmiyyəti və məsuliyyətli davranış modeli barədə danışıb. O, çıxışında ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə də diqqət çəkib.
Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov çıxış edərək, gənclərin könüllülük və sosial təşəbbüslərdə iştirakının milli ruhun möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Tədbir zamanı Dövlət Komitəsinin Uşaq Səfirlər Məclisinin Oğuz rayon nümayəndələri də öz fəaliyyətləri barədə məlumat veriblər.
Tədbir interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi