VII Beynəlxalq Qadın və Ədalət Zirvəsi davam edir
Paylaş:
Noyabrın 22-də İstanbulda keçirilən VII Beynəlxalq Qadın və Ədalət Zirvəsinin ikinci günü çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra panel müzakirələrində iştirak edib.
Nümayəndə heyətinin üzvləri “Gözəlliyin vahid ölçüsü yoxdur: mədəniyyət, kimlik və estetika” və “Gözəlliyin bədəli: bazar, bədən və qadın həyatının mərhələləri” mövzularında keçirilən paralel panel sessiyalarına qatılıblar.
Günün ikinci yarısında isə “Alqoritmik güzgü: rəqəmsal dövrdə gözəllik”, “Obyektləşdirmədən ləyaqətə: zorakılıq və qadınların təhlükəsizliyi” və “Yetərsizlik hissi: gözəlliyin psixoloji yükü” mövzularında müzakirələr keçirilib.
Qeyd olunan panel sessiyalarında qadınların cəmiyyətdəki mövqeyi, rəqəmsal mühitin qadınların özünüqavrayışına təsiri, gözəllik standartlarının sosial və psixoloji aspektləri, eləcə də qadınlara qarşı zorakılığın qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri də panel müzakirələrinin sual-cavab mərhələsində fəal iştirak edərək mövzular ətrafında fikirlərini bölüşüb, müzakirələrə öz töhfələrini veriblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi