“Zəfər Gedişi” – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi və “Premier” Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Gedişi” adlı şahmat yarışı keçirilib.
Layihənin məqsədi şagirdlər arasında intellektual inkişafı təşviq etmək, strategiya, məntiqi düşüncə və qərarvermə bacarıqlarının gücləndirilməsinə dəstək olmaqdır.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Dövlət Komitəsinin sədr müavini, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyeva çıxışı zamanı bildirib ki, Zəfərimizin 5 illiyi ərəfəsində bu gün Azərbaycan xalqının birliyinin, iradəsinin və ədalətli mübarizəsinin təntənəsini yaşayırıq. Prezidentin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalq-dövlət birliyi siyasi tariximizdə yeni bir mərhələnin əsasını qoydu.
Bu gün əldə etdiyimiz uğurları gələcəyə daşımaq isə uşaqlarımızın üzərinə düşür. Buna görə də hər bir gənc layiqli, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmət ruhunda böyüyərək, yaxşı təhsil almalı və özünü daim inkişaf etdirməlidir.
Şahmatla bağlı zəngin təcrübəsini yarışmaçılarla bölüşən A.Sofiyeva şahmatın uşaqların həyatındakı rolundan danışaraq bildirib ki, şahmat yalnız bir oyun deyil, həm də strateji düşüncənin, səbrin və əzmkarlığın təcəssümüdür. O bildirib ki, şahmatla məşğul olmaq uşaqların məntiqi təfəkkürünü, diqqət və məsuliyyət hissini inkişaf etdirir, gələcək həyatlarında düzgün qərarlar qəbul etmələrinə kömək edir. A.Sofiyeva vurğulayıb ki, bu sahəyə marağın artırılması uşaqların intellektual inkişafına və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verəcəkdir. O, çıxışının yekununda uşaqlara yarışda uğurlar arzulayıb.
Daha sonra 14–17 yaşarası şagirdlər şahmat üzrə fərdi bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin sonunda qaliblər diplom və hədiyyələrlə, bütün iştirakçılar isə serifikatla təltif olunublar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi