Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında müasir Azərbaycan gəncliyi” mövzusunda görüş keçirilib
Paylaş:
5 noyabr 2026-cı il tarixində Bakı Slavyan Universitetində Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında müasir Azərbaycan gəncliyi” mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Slavyan Universitetinin dəstəyi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Dövlət Komitəsinin “AİLƏM Könüllüləri” proqramının birgə təşkilatçılığı ilə baş tutan görüşdə gənclər, tələbələr və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Cahangirov Zəfər Gününün milli tariximizdəki müstəsna əhəmiyyətindən, bu tarixi Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan və milli yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs edib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycanın Zəfər tarixi, Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyəti, əldə edilmiş Qələbənin dövlətçilik tariximizdəki yeri, Qələbəyə qədər baş verən mühüm tarixi hadisələrdən və ölkəmizin müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəsinin əsas mərhələləri barədə geniş məruzə ilə çıxış edib. O, həmçinin gənclərin milli tariximizin öyrənilməsində, tarixi həqiqətlərin təbliğində və ölkənin gələcək inkişafında üzərinə düşən məsuliyyətdən danışıb.
İnteraktiv formatda davam edən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
90 nəfər gəncin iştirakı ilə baş tutan tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi