Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
İsraillə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

22 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkələr arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, bu görüşün ailə, qadın və uşaq məsələləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Həssas təbəqədən olan ailələrlə iş sahəsində Azərbaycanın keçdiyi yol və əldə etdiyi nailiyyətlərdən danışan sədr, bu təcrübəni bölüşməyə hazır olduğunu bildirib. B. Muradova qeyd edib ki, ailə, qadın və uşaq rifahı sahəsində dövlət siyasətinin formalaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi üzrə əsas məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. O, İsrail hökumətinin aidiyyəti qurumları ilə Komitə arasında formalaşmış əməkdaşlıq münasibətləri, eləcə də bu çərçivədə həyata keçirilən təcrübə mübadiləsindən söz açıb. Həmçinin İsraildə ailə siyasəti və sosial rifah sahəsində həyata keçirilən mühüm islahatların, bu istiqamətdə əldə olunan nailiyyətlərin Azərbaycanda da yüksək qiymətləndirildiyini bildirib. Səfir Ronen Krausz İsraillə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə yeni imkanlar yaratdığını qeyd edib. O, ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.    

Ətraflı
“Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə təlim keçirilib

20 oktyabr 2025-ci il tarixində “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə təlim keçirilib. Təlim “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.  Təlimin məqsədi  qadınların səlahiyyətləndirilməsi ilə bağlı iki ölkə arasında qabaqcıl təcrübələrin mübadiləsinin təşkil edilməsidir. Türkiyədən dəvət edilmiş ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş tərəfindən keçirilən təlimdə 50 regionu təmsil edən bələdiyyə sədrləri iştirak edib.    Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığının daimi inkişafını təmin etməyi hədəfləyir. Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində uzunmüddətli, səmərəli əməkdaşlığın həyata keçirilməsi iki ölkə arasında təcrübə mübadiləsinin davamlı xarakter daşıdığını göstərir. Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini bildirən sədr müavini, bu komissiyaların xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində vacib rol oynadığını əlavə edib. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq həyata keçirilən maarifləndirici təlimlərin əhəmiyyətindən bəhs edib. O, məişət zorakılığı, boşanma hallarının artması və ailədaxili münasibətlərdə yaranan ziddiyyətlərə də toxunaraq bildirib ki, belə problemlərin qarşısının alınması üçün həm maarifləndirmə, həm də preventiv tədbirlərin gücləndirilməsində bələdiyyələrin rolu vacibdir. Daha sonra təlimçi qismində iştirak edən ailə və sosial xidmətlər üzrə ekspert  Akın Yumuş mövzu üzrə təqdimatla çıxış edərək, müvafiq sahədə Türkiyə təcrübəsini bölüşüb. O, Türkiyə Respublikasında qadın iştirakçılığına dair statistik göstəriciləri diqqətə çatdırıb. Qeyd edib ki, dövlət və bələdiyyə strukturları qadın və kişilər arasında yaranan fərqlərin sosial və institusional səbəblərini aradan qaldırmaq məqsədilə məqsədyönlü siyasətlər həyata keçirməlidirlər. Təlim müzakirələrlə davam edib.  

Ətraflı
Naxçıvanda keçirilən konfrans çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub

Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfrans çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və tədbir iştirakçıları yarmarkada nümayiş olunan əl işləri ilə yaxından tanış olublar. Təqdim edilən rəsm və əl işləri ziyarətçilərdə böyük maraq doğurub. Yarmarkanın əsas məqsədi məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların yaradıcılıq potensialının nümayişi, eləcə də cəmiyyətə inteqrasiyası və iqtisadi fəaliyyətə cəlb olunmasına dəstək vermək olub.

Ətraflı
Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib

Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və suverenlik ili” çərçivəsində “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 30 illiyi ilə əlaqədar “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Konfransın açılışında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirin əhəmiyyətinə diqqət çəkərək, BMT Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmasının 30 illiyinin beynəlxalq bir sənədin ildönümü deyil, həm də Azərbaycan  dövlətinin qadınlara, ailəyə və insan amilinə verdiyi yüksək dəyərin bariz təzahürü olduğunu bildirib. Fuad Nəcəfli qeyd edib ki, Azərbaycanda qadın siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Ölkəmizdə son illər gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması, onların sosial, iqtisadi və ictimai-siyasi həyatda fəal iştirakının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayan F.Nəcəfli bildirib ki, Cənab Prezidentin həyata keçirdiyi sosial-siyasi kurs nəticəsində Azərbaycan qadını milli inkişaf prosesinin fəal iştirakçısına çevrilib. O, bu uğurların davamı kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin qadınların həyat səviyyəsinin yüksəldilməsinə, sosial rifahın təmininə və ailə institutunun möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasında müvafiq sahədə həyata keçirilən tədbirlərdən bəhs edən Fuad Nəcəfli əlavə edib ki, Naxçıvanda ailə institutunun inkişafı, qadınların hüquqlarının müdafiəsi və cəmiyyətdə onların rolunun artırılması istiqamətində davamlı sosial-iqtisadi mexanizmlərin formalaşdırılması təmin edilir. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bu yubileyin, həm də müstəqil, ədalətli və bərabərlik prinsiplərinə əsaslanan Azərbaycan dövlətçiliyinin 30 illik inkişaf yoluna nəzər salmaq imkanı yaratdığını bildirib. Komitə sədri qeyd edib ki, konfransın “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilməsi heç də təsadüfi deyil. Çünki qadın hüquqlarının qorunması, sosial ədalət və insan ləyaqətinin təmin edilməsi Azərbaycan Konstitusiyasının və dövlət suverenliyimizin təməl dəyərlərindəndir. Bahar Muradova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadın  və kişi bərabərliyi hüquqi norma kimi təsbit olundu və elə həmin il Azərbaycan CEDAW Konvensiyasına qoşularaq bu prinsipə sadiqliyini beynəlxalq səviyyədə təsdiqlədi. Ulu Öndərin bu sahədə müəyyən etdiyi  siyasətin reallaşdırılması prosesində fəal rol alan Azərbaycan qadını bu gün regionda ilk növbədə müasirlik, vətənpərvərlik və mənəvi dəyərlərin qoruyucusu kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasətin yeni, müasir mərhələyə - davamlı islahatlar və güclənmə dövrünə qədəm qoyduğunu diqqətə çatdıran B.Muradova qadınların dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə, elm və səhiyyə sahələrində daha çox söz sahibinə çevrildiyini qeyd edib: “Bu gün Milli Məclisdə, bələdiyyələrdə və məhkəmə sistemində qadın təmsilçiliyi  durmadan artır. Bu, həm dövlətin uzaqgörən siyasətinin, həm də qadınlarımızın iradə və məsuliyyətinin nəticəsidir”. Bu sahədə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərinə diqqət çəkən sədr əlavə edib ki, onun təşəbbüsləri ilə həyata keçirilən təhsil, səhiyyə, sosial müdafiə, mədəni irs və humanitar diplomatiya layihələri təkcə ölkəmizdə deyil, dünya miqyasında qadınların humanist liderlik simasını  nümayiş etdirir. "Onun bu səfərbəredici fəaliyyəti, zəkası, mərhəməti və yaradıcılığı isə hörmətli Mehriban xanımın özünü Azərbaycan qadınının parlaq simvoluna çevrilməsinə xidmət edir”. Azərbaycanın CEDAW Komitəsinə üzv olduğu illər ərzində artıq 5 dövri hesabat təqdim edildiyini qeyd edən sədr, sonuncu hesabatın müsbət qiymətləndirildiyini, ölkəmizin sosial və hüquqi islahatları beynəlxalq səviyyədə nümunə kimi göstərildiyini diqqətə çatdırıb. Azərbaycanın bu prosesə formal öhdəlik kimi deyil, inkişaf və öyrənmə mexanizmi kimi baxdığını bildirən sədr, bunu ölkəmizin qadın siyasətinə sistemli, şəffaf və məsuliyyətli yanaşmasının göstəricisi olduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikasının qadın siyasəti sahəsindəki uğurlarına toxunan Bahar Muradova burada qadınların ictimai fəallığı, bələdiyyələrdə və icra strukturlarında rəhbər vəzifələrdə iştirakı, sahibkarlıq təşəbbüslərinin artmasını böyük nailiyyət adlandırıb: “Bu, həm sosial sabitliyin, həm də dayanıqlı inkişafın təminatında qadınların artan rolunun göstəricisidir”.  Sədr çıxışının sonunda qeyd edib ki, əldə edilən nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrikliyi ilə inkişaf etdirilən, Mehriban xanım Əliyevanın humanist baxışları ilə zənginləşdirilən siyasətin bəhrəsidir. Bu siyasət Azərbaycan qadınını həm ölkə daxilində, həm regionda, həm də beynəlxalq səviyyədə sülhün, ədalətin və inkişafın simvoluna çevirmişdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının tarixinə nəzər salıb. O, Ümummilli Llider Heydər Əliyevin qadınlara verdiyi yüksək dəyərdən bəhs edərək əlavə edib ki, Heydər Əliyev qadınların cəmiyyətdəki roluna xüsusi önəm verirdi və daim onların fəaliyyətini dəstəkləyirdi. Deputat həmçinin qeyd edib ki, məhz Ulu öndərin təşəbbüsü ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi, daha sonra fəaliyyət səlahiyyətləri daha da genişləndirilərək  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq dəyişdirildi. O, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericilik sahəsində görülən işlərdən danışıb. Qızların təhsildə inkişafından bəhs edən Hicran Hüseynova bildirib ki, son illərdə riyaziyyat, kimya, fizika kimi ən çətin ixtisaslarda qızların sayı daha da artıb. Süni intellektin sürətlə yayıldığı dünyada, əhalinin yarısını qadınların təşkil etdiyi bir cəmiyyətdə, əgər qadınlar dəyişikliklərə hazır olmasalar, həmin dövlətin gələcəyi də uğurlu ola bilməz. “Biz də qızlara yol göstərməliyik ki, onlar rəqabətə hazır olsunlar, imkanlardan istifadə edib inkişaf etsinlər. Azərbaycan qadınının gücü ondadır ki, nə qədər inkişaf etsə də, irəli getsə də, ailəni qorumağı bacarır” – deyə o vurğulayıb. Daha sonra Prezident İlham Əliyevdən sitat gətirən millət vəkili qeyd edib ki, dövlət başçısı hər zaman ailə və təhsilin bizim üçün ən vacib istiqamətlər olduğunu vurğulayıb. “Bizim ailəmiz türk ailəsidir. Bu ailə modeli çərçivəsində bu günə qədər adət-ənənələrimizi, mədəniyyətimizi və qadına hörməti qoruyub saxlamışıq” – deyə o əlavə edib. O, qeyd edib ki, biz gələcəyimizi elə yetişdirməliyik ki, onlar bizim üçün vacib olan institutları qoruyub saxlasınlar. Çünki ailə nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının və Azərbaycanın BMT-nin qadın hüquqlarına dair Konvensiyasına qoşulmasının 30 illiyinin əlamətdar hadisə olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Konstitusiyanın və Konvensiyaya qoşulmanın qadın hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.  Ramilə Seyidova qadınların məşğulluğu, sahibkarlığı, təhsili və sosial rifahının artırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. O, qadınların özünüməşğulluğunun, maarifləndirmə işlərinin, erkən nikah və məişət zorakılığı ilə mübarizənin uğurla aparıldığını, həmçinin qadınların elm, təhsil və mədəniyyət sahələrində fəallığının artdığını vurğulayıb. Sonra konfrans “Qadın hüquqlarının hüquqi təməl prinsipləri, bu gün və gələcəyə baxış: beynəlxalq və milli qanunvericilik kontekstində” və “İnsan hüquqlarında bərabərlik: Sosial və siyasi dəyişikliklər və gender ədaləti” mövzularında panel müzakirələrlə öz işini davam etdirib. Panel müzakirələrdə qadınların sosial statusu, gender bərabərliyini təmin edən mexanizmlər, bu sahədə atılan və atılacaq addımlarla bağlı maraqlı çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Tədbir bədii hissə ilə davam edib.

Ətraflı
Mediatorlar üçün həyata keçirilən seminarlar uğurla başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mediasiya Şurası ilə əməkdaşlığı çərçivəsində 13-16 oktyabr 2025-ci il tarixlərində mediatorlar üçün təşkil etdiyi seminarlar başa çatıb. Seminarlarda paytaxtdan və bölgələrdən 4 qrup üzrə 50 nəfərdən çox mediator iştirak edib. Seminarlar Dövlət Komitəsinin dəvəti ilə Ankara Sosial Elmlər Universitetinin Hüquq fakültəsinin müəllimi, dosent, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlu tərəfindən keçirilib. Mediasiyanın tarixi, prinsipləri, mediatorun rolu və keyfiyyətləri, ailə mediasiyası, beynəlxalq təcrübənin müqayisəsi, qanunvericiliklə bağlı məlumatlar iştirakçılara çatdırılıb, müxtəlif interaktiv metodlar birgə icra olunub. Eləcə də bütün iştirakçılara mütəxəssis tərəfindən anket sorğuları, testlər və məlumat kitabçaları təqdim edilib Mütəxəssis qonağın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər də keçirilib. Dövlət Komitəsi ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memoranduma əsasən 14 oktyabr tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə “Ailə hüququ. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya” mövzusunda görüş keçirilib. Növbəti görüş üsə 16 oktyabr tarixində mütəxəssisin və Dövlət Komitəsinin nümayəndəsinin iştirakı ilə 2 saylı Sumqayıt Mediasiya Təşkilatında baş tutub. Görüşdə ailə məsələlərini əhatə edən mübahisələrlə bağlı müzakirələr aparılıb, yeni təkliflər səsləndirilib. Qeyd edək ki, seminarlar Azərbaycan Respublikası Prezidentinin 28.08.2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi” bəndinin icrası məqsədilə təşkil olunub. İlkin mərhələsi cari ilin iyul ayında keçirilən seminarlarda il ərzində 90-dan çox mediator, eləcə də Dövlət Komitəsinin və Mediasiya Şurasının nümayəndələri də iştirak edib.  

Ətraflı
Gədəbəydə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 24 oktyabr 2025-ci il tarixində, saat 11:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Gədəbəy və Şəmkir rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
“Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim keçirilib

14 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bloger, rəqəmsal platforma təsirçiləri (influenserlər) və media orqanlarının sosial media menecerləri üçün “Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim keçirilib. Təlimin təşkilində məqsəd sosial mediada qadın və uşaq mövzularına məsuliyyətli, etik və həssas yanaşmanı təşviq etmək, həmçinin bloger, rəqəmsal platforma təsirçiləri və media orqanlarının sosial media menecerlərinin bu istiqamətdə peşəkar bilik və bacarıqlarını artırmaqdır. Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov iştirakçıları salamlayıb. O, qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə eləcə də, Dövlət Komitəsinin Kommunikasiya Strategiyası haqqında məlumat verib. O, bu sahədə sosial medianın əhəmiyyətini, mövcud tendensiyaları qeyd edib, problemlərdən söz açıb. Cəmiyyətin maarifləndirilməsində bloger və rəqəmsal platforma təsirçilərinin rolundan danışıb.   Təlim iki sessiyadan ibarət olub. İlk sessiya “Mediada qadın və uşaq mövzularına yanaşma: maarifləndirmə, yoxsa dağıdıcılıq?” mövzusuna həsr olunub. Təlimçi Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud medianın ictimai fikrə təsir gücü, qloballaşma və milli dəyərlər balansı, eləcə də qadınlar və uşaqlarla bağlı kontentlərin təqdimatında medianın məsuliyyətinə diqqət çəkib. İkinci sessiya isə “Sosial media – informasiya mənbəyi, yoxsa təxribat platforması?” mövzusuna həsr olunub. A.Mahmud jurnalist, bloger və məzmun yaradıcıları üçün etik davranış kodeksi, azyaşlılarla bağlı məlumatların yayımlanmasının hüquqi və etik çərçivəsi, eləcə də beynəlxalq təşkilatların və konvensiyaların bu sahədə müəyyən etdiyi tələblər barədə məlumat verib. İştirakçılar praktik tapşırıqlarla qadın və uşaq mövzularına həssas yanaşmanın vacibliyi, sosial məsuliyyətli jurnalistikanın prinsipləri və sosial media platformalarında düzgün davranış strategiyaları ilə bağlı biliklərini möhkəmləndirmək imkanı əldə ediblər. Sonda Dövlət Komitəsinin beynəlxalq təcrübəni əsas götürərək hazırladığı qadın və uşaq mövzularının mediada işıqlandırıması prinsiplərini özündə əks etdirən maarifləndirici vəsait təqdim olunub.    

Ətraflı
Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci DİM Dialoqunda çıxış edib

“Təhsil – bilik, bacarıq və dəyərlərlə insan kapitalını formalaşdıran ən əsas vasitədir.  Dayanıqlı inkişaf isə bu kapitalın cəmiyyətin rifahına çevrilməsini təmin edən hədəfdir”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.  Mövzunun ölkəmizin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu qeyd edən Komitə sədri, təhsil və dayanıqlı inkişafın bir-birindən ayrılmaz anlayışlar olduğunu vurğulayıb: “Azərbaycan dövləti təhsili dayanıqlı inkişafın mərkəzinə yerləşdirib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə 4-cü məqsəd – “Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsil və ömürboyu öyrənmə imkanları” bu istiqamətdə atdığımız addımlar üçün mühüm istiqamətverici çərçivədir”. Son illərdə ölkəmizdə təhsil sahəsinə qoyulan investisiyaların infrastrukturun yenilənməsi, rəqəmsallaşma,  həmçinin insan kapitalına yönələn siyasətlərlə müşayiət olunduğuna diqqət çəkən B.Muradova, bu istiqamətdə görülən işlərin regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına və hər bir uşağın təhsildən  yararlanmasına şərait yaratdığını dilə gətirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təhsil sahəsində dövlət siyasətinin mühüm iştirakçısı olduğunu qeyd edən sədr, təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirilən davamlı layihələr barədə məlumat verib. B.Muradova müasir dünyanın inkişaf tempinə uyğunlaşmaq üçün yeni çağırışlara qoşulmağın zəruriliyini vurğulayıb: “Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq, Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti subyektləri ilə birgə çoxsaylı layihələr həyata keçirir. Bu layihələr arasında təhsilin və gənclərin imkanlarının artırılması məqsədi daşıyan təşəbbüsləri cəmiyyət böyük maraqla qarşılayır. Bu layihələr şəhid xanımlarının və gənc qadınların təhsilə çıxış imkanlarını genişləndirir, onların gələcəyə inamla addımlamasına dəstək verir". Komitə sədri əlavə edib ki, üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib. Təhsil sahəsində həyata keçirilən belə layihələrin təkcə fərdi uğurlara deyil, həm də cəmiyyətin dayanıqlı inkişafına xidmət etdiyini qeyd edən B.Muradova, bu təşəbbüslərin qızların, qadınların və uşaqların bərabər imkanlarla təhsildən yararlanmasına şərait yaratdığını, eləcə də gender bərabərliyinin real ifadəsinə çevrildiyini əlavə edib. O, çıxışının sonunda Dailoq çərçivəsində aparılacaq müzakirələrin, təqdim olunacaq ideyaların Azərbaycan cəmiyyətinin gələcəyi üçün yeni imkanlar yaradacağına, təhsil sahəsində dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.  

Ətraflı
Dövlət Komitəsi və Mediasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində mediatorlar üçün seminarlar davam etdirilir

13-16 oktyabr 2025-ci il tarixlərini əhatə edən seminarlar Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssis, Ankara Sosial Elmlər Universitetinin Hüquq Fakültəsinin müəllimi, dosent doktor, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlu tərəfindən keçirilir. Yerli mediatorların iştirak etdiyi seminarlarda hər gün mütəxəssis tərəfindən fərqli iştirakçılara mediasiyanın prinsipləri, ailə məsələləri ilə məşğul olan mütəxəssislərin rolu və keyfiyyətləri, mexanizmlər, vətəndaşlarla düzgün ünsiyyətin qurulması və s. kimi məlumatlar təqdim edilir, müxtəlif interaktiv metodlar birgə icra olunur. Eləcə də, iştirakçılara Azərbaycan dilinə tərcümə edilmiş məlumat kitabçaları, anket sorğuları və testlər təqdim olunur. Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi” bəndinin icrası məqsədilə keçirilir.

Ətraflı