Media
Xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin veb-səhifəsi yeni - www.family.gov.az domeni və müasir dizaynla istifadəyə verilib
Saytın yeni versiyasında Komitənin fəaliyyəti haqqında məlumatları, eyni zamanda maarifləndirici materialları əhatə edən bölmələr təkmilləşdirilib və bir sıra yeni bölmələr əlavə edilib. Hazırda saytda “Layihələr”, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, “Ailəm könüllüləri” bölmələri, eləcə də Uşaq Səfirlər Məclisi saytına, Erkən Uşaqlıqda İnkişaf və gender portallarına keçidlər mövcuddur. Qeyd edək ki, yenilənmiş saytda özündə faydalı ekspert məsləhətlərini cəmləyən elektron jurnal da fəaliyyət göstərir. Daha bir yenilik ondan ibarətdir ki, saytın mobil versiyasında Komitənin (012) 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə birbaşa zəng etmək mümkündür. Ümid edirik ki, yeni və müasir veb-səhifənin yaradılması Komitənin fəaliyyətinin daha effektiv işıqlandırılmasını, informasiya açıqlığını və əlçatanlığını təmin edəcək. Sayta əlavə olunmasını istədiyiniz məlumatlar varsa, təklif və tövsiyələrinizi dinləməyə hazırıq.

Regionlarda aktiv məşğulluq tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatların dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin yeni peşələrə yiyələnməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə sosial-psixoloji xidmətlər göstərilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lər və müvafiq qurumların nümayəndələri, mərkəzlərin benefisiarları, müəllimlər, yeniyetmə və gənclər, tələbələr, işaxtaran və işsiz şəxslər iştirak ediblər. Tədbirlərdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik probleminin həlli istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb. Ekspertlər tərəfindən peşə təhsili, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar, ödənişli və ödənişsiz peşə kursları, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, iş müsahibəsi zamanı özünütəqdimetmə bacarıqları barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Uşaq Səfirlər Məclisinin nümayəndələri dünyanın ən böyük robot festivalı olan “Robotex Türkiyə”nin qalibi olub
Uşaq Səfirlər Məclisinin nümayəndələri 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Məryəm Hacıyeva, Məclisin məktəb nümayəndəsi Zahid İbrahimli və “Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının könüllüsü Nahid İbrahimlinin iştirak etdiyi 5 nəfərlik komanda (VerseTech komandası) “WATER RALLY” kateqoriyası üzrə I yerə layiq görülüb. Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar. Bu böyük qələbə münasibətilə Uşaq Səfirlər Məclisinin nümayəndələrini təbrik edirik!

Ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edilir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edir. Müsabiqədə iştirak etmək istəyən ekspert təşkilatları tələb olunan sənədləri 03.06.2024-cü il tarixinə qədər Dövlət Komitəsinə təqdim etməlidirlər. Ətraflı məlumat üçün keçidlər : 1) Müsabiqə haqqında 2) Müsabiqə proqramı 3) 1 nömrəli əlavə- İxtisas attestatının verilməsinə dair ərizə forması 4) “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunvericilik”

“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Qaradağ, Sabunçu və Xəzər rayonlarında yerləşən orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. 166 nömrəli məktəb-liseydə, 320, 112 və 206 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edib. S.Əliyeva erkən nikah və qohum nikahlarının səbəbləri və fəsadları, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlər, mövcud qanunvericilik aktları barədə məktəblilərə məlumat verib. Xüsusilə qeyd edilib ki, yeniyetmələrin, gənclərin aktual məsələlərlə bağlı məlumatlandırıldıqdan sonra özlərinin də bu istiqamətdə aktiv təbliğat aparmaları, həmyaşıdları arasında sosial məsələlərlə bağlı maarifləndirməni davam etdirmələri və cəmiyyətdə mövcud olan problemlərin həllinə biganə yanaşmamaları olduqca vacibdir. Müzakirələr formatında keçirilən görüşlərdə məktəblilər mövzu və aktual problemlərlə bağlı rəy və təkliflərini bildiriblər. Görüşləri giriş sözü ilə açan 166 nömrəli məktəb-liseyin direktoru Zeynəb Vəliyeva, 320 nömrəli tam orta məktəbin direktoru Sevinc Niftiyeva, 112 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov və 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə çıxışları zamanı mövzunun əhəmiyyətini vurğulayaraq, maarifləndirici görüşlərin gənc nəslin yetişməsində önəmini qeyd ediblər. Bütün görüşlərdə sosial videoroliklər nümayiş etdirilib və ümumilikdə 370 nəfər məlumatlandırılıb.

Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib
19 aprel 2024-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular alimentin ödənilməsi, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlərlə bağlı olub. Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

“Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində türkiyəli ekspertlərin iştirakı ilə 17-18 aprel 2024-cü il tarixilərində “Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda iki günlük təlim keçirilib. Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva tədbirdə açılış nitqi ilə çıxış edərək, ixtisaslaşmış uşaq məhkəmələri, uşaq polisi və uşaq prokurorlarının təsis edilməsi və uşaqların tələbatına uyğun xidmətlərin yaradılması istiqamətində Türkiyə Respublikasın müsbət təcrübəsinin öyrənilməsi və Azərbaycanda təşviqi ilə bağlı əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Təlim Türkiyə Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, prokurorluq orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası (Lansarote Konvensiyası) üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Türkiyə təcrübəsi və sair mövzuları əhatə edib. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirliyinin hüquq hüşavirləri Mücahit Gülşen və Cem Kurt tərəfindən keçirilən təlimdə Türkiyə Respublikasının Baş Prokurorluğun əməkdaşı da canlı bağlantı vasitəsilə iştirak edib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən təlimlərdə ümümilikdə 80 nəfər prokuror iştirak edib.
Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlər üçün təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi həyata keçirilir. Layihə çərçivəsində cari ilin 16-19 aprel tarixlərdə Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlərin iştirakı ilə sosial ünsiyyət bacarıqlarının artırılması yönümündə təlimlər keçirilib. Təlimlər Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəb, Zəngilan rayonu Ağalı kənd tam orta məktəb və Laçın şəhər 2 saylı tam orta məktəbdə keçirilib. Keçirilən tədbirlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Ceyhun Həsənov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Yeganə Quliyeva, Dövlət Komitəsinin əməkdaşları və müəllim-şagird-valideyn kollektivi iştirak ediblər. Təlimlərdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb. Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar anket sorğularını cavablandırıb, müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib. Uşaqların emosional gərginliyinin azaldılması məqsədilə art terapiya, rahatladıcı metodlar tətbiq edilib. Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb. Təlimlərdə ümumilikdə 8-12 yaşlı 75 şagird və onların valideynləri iştirak edib. Layihə çərçivəsində uşaqlara məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə olunub. Layihənin ikinci mərhələsinin cari ilin sonuna doğru həyata keçirilməsi nəzərdə tutulur.

Məişət zorakılığının qarşısının alınmasına dair qanunvericiliyə dəyişikliklər edilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmini məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması, məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi barədə təklifləri özündə əks etdirən normativ hüquqi akt layihələri hazırlanmışdır. Hazırlanmış hüquqi akt layihələrindən 2 qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş, 15 aprel 2024-cü il tarixində isə sözügedən qanunlar - “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və onların tətbiqi barədə fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Ümumən 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilmişdir. Sözügedən dəyişikliklər aşağıdakı məsələləri əhatə edir: 1.“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respub-likasının Qanununun əhatə etdiyi subyektlərin dairəsi genişləndirilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununun əvvəlki redaksiyasında nəzərdə tutulmuş yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara şamil olunurdu. Təcrübə göstərirdi ki, sözügedən subyektlərin dairəsinin genişləndirilməsinə ehtiyac vardı. Bu məqsədlə Qanunun şamil edildiyi şəxslər dairəsinə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunmuşdur. “Yaxın” sözünün qanunun preambulasından və müxtəlif maddələrindən çıxarılması və “ərin və arvadın yaxın qohumları” nın əlavə olunması ilə qohum olan lakin yaxın qohum sayılmayan şəxslər tərəfindən törədilən məişət zorakılığı halları da Qanunun təsir dairəsindən kənarda qalmayacaqdır. 2. Zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışığa sövq edilməsi aktuallığını itirəcək. Ekspertlər tərəfindən qeyd edilən sahə ilə bağlı qanunvericiliyimizin təhlilləri aparılmış,qurbanla zorakılıq törədənin barışdırılması məsələsinə mənfi rəylər bildirilmiş-dir.Bundan əlavə, son dövrlər baş verən məişət zorakılığı hallarına (bəziləri qətllə nəticələnən) əsaslanan təcrübə göstərir ki, məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına kömək göstərilməsi və ailədə münasibətlərin bərpa olunması sonradan daha böyük problemlərə yol açır. Əksər hallarda məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən orqanlar tərəfindən zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışdırılması sonradan qurbanın həyatının itirilməsi ilə nəticələnir.Məhz bu cür mənfi halların qarşısının alınması üçün Qanunun 7.0.4–cü və 8.0.8-ci maddələrindən “ailədə münasibətlərin bərpa olunmasına” sözləri çıxarılmışdır. Bu dəyişiklik ilə münasibətlərin bərpa olunması üçün tərəflər barışığa sövq edilməyəcək və müraciətin daha obyektiv araşdırılması mümkün olacaqdır. 3.Yetkinlik yaşına çatmayan məişət zorakılığından zərər çəkmiş şəxslərin hü-quqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olduqda onlar təcili valideynlərindən və ya onları əvəz edən şəxslərdən alınacaq. Belə ki, uşaq hüquqlarının müdafiəsi istənilən sahədə əsas prioritet olduğundan məişət zorakılığından zərər çəkmiş ən həssas şəxslər kateqoriyasından biri kimi məişət zorakılığlığından zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi qanunvericinin diqqətindən kənarda qalmamış, 8.0.7-ci maddəyə AR Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, yəni uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda onun valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması sözləri əlavə edilərək, aidiyyəti qurumlar üzərinə yeni vəzifə qoyulmuşdur. Bununla da, uşaq hüquqlarına hər kəs, xüsusən də onların yaxın ətrafı tərəfindən dəqiq və dönmədən əməl olunmasına, gizli qala biləcək zorakılıq faktlarının aşkara çıxarılmasına nail olunacaqdır. 4. Qısamüddətli mühafizə orderlərinin təqdim olunması qaydasında əsaslı dəyişikliklər edilmişdir. Müvafiq Qanunun əvvəlki redaksiyasında məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi dispozitiv şəkildə əks olunmuşdu. Yəni yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi tamamilə orqanın mülahizəsinə buraxılmışdı. Lakin əvvəlki redaksiyadan fərqli olaraq, qanunun yeni qəbul olunmuş redaksiyasında müvafiq normada dəyişiklik olunaraq məişət zorakılığı ilə bağlı müraciət daxil olduqda məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi imperativ şəkildə tənzimlənir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutan 158.4-cü maddə əlavə olunmuşdur. Belə xətanın aşkarlanması və inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcəkdir. Mövcud məsələ üzrə normaya imperativ ruhun gəlməsi və prokuror nəzarətinin nəzərdə tutulması məişət zorakılığı ilə bağlı müraciətlərin daha obyektiv və operativ araşdırılmasına kömək edəcəkdir. Dəyişikliklərdən digəri artıq qısamüddətli mühafizə orderinin 30 gün deyil, 60 gün üçün verilməsidir. Təcrübədə müddətin 30 gün olması məişət zorakılığından zərər çəkmiş şəxsə əksər hallarda müvafiq dövlət orqanlarına müraciət etməyin əhəmiyyətsizliyi kimi (müddətin az olması ilə əlaqədar) görünürdü. Hazırkı dəyişiklik ilə qısamüddətli mühafizə orderinin müddətinin uzadılması və bu barədə qərar qəbul olunmasının vacibliyi məişət zorakılığı ilə mübarizədə effektli metod olacağı şübhə doğurmur. 5. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin təkrar pozulması yeni inzibati xəta tərkibi yaradacaqdır. İnzibati tənbeh aldıqdan sonra müvafiq hüquq pozuntusu törətmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 (bir) il ərzində təkrar törədilməsi hüquqa zidd əməl kimi İnzibati Xətalar Məcəlləsində 158-ci maddəyə əlavə olunmuşdur. 6.Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına pulsuz hüquqi yardım göstəriləcəkdir. Qanunda əksini tapan və insan hüquqlarının dövlət müdafiəsi baxımdan olduqca mütərəqqi digər addım isə məişət zorakılığından zərər çəkmiş şəxsə dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsidir. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa cinayət prosesində vəkilin iştirakınının təmin edilməsi ilə bağlı müvafiq müddəalar əlavə edilmişdir. Belə ki, edilən yeni dəyişikliklərə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsələrə də cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlar kimi dövlət hesabına pulsuz hüquqi yardımdan istifadə etmək hüququ verilmişdir. Bundan əlavə, AR-nın Cinayət prosessual Məcəlləsinə olunmuş dəyişikliyə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəkdir. 7. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qurumlararası əlaqələndirmə mexanizmi yaradılacaq. Yeni müddəalar Qanuna daxil edilənə qədər qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin əlaqələndirilməsi mexanizmi nəzərdə tutulmamışdı. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015) 3.5.2.1-ci bəndininn icrası məqsədi ilə yerlərdə yerli icra hakimiyyəti başçılarının sərəncamları ilə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları” yaradılmışdır. Lakin onların fəaliyyətini tənzimləyən vahid hüquq normaları mövcud deyildi. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunarkən ən mühüm məsələdən biri də məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması idi. Çünki spesifik sahə olması baxımından təcrübəli və ixtisaslaşmış mərkəzi və yerli səviyyədə əlaqələndirici qurumların formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Qanuna məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qruplarının yaradılmasını özündə ehtiva edən 19-1-ci maddə əlavə edilmişdir. Hazırda qüvvəyə minmiş yeni dəyişikliklərlə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına məişət zorakılığının qarşısının alınması üzrə Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etmək səlahiyyəti həvalə olunmuşdur. Monitorinq və əlaqələndirmə qrupları mərkəzi səviyyədə AQUPDK yanında, yerli səviyyədə isə yerli icra hakimiyyəti orqanları yanında formalaşdırılacaqdır. Bununla da məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılacaqdır.Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. AQUPDK yerli monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərəcəkdir. Bütün sadalanan dəyişikliklər məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəkdir. https://president.az/az/articles/view/65508 https://president.az/az/articles/view/65507 https://president.az/az/articles/view/65506 https://president.az/az/articles/view/65505 https://president.az/az/articles/view/65504