Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bahar Muradova Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

“Uşaqlar və ekologiya” mövzusuna həsr edilmiş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşü keçirilib. Bahar Muradova səfirləri salamlayaraq, gənclərin ölkəmizin, xalqımızın, gələcəyimizin və ən əsası insan kapitalının ən əhəmiyyətli hissəsi olduğunu vurğulayıb. Məclisin üzvlərinin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq işləri ilə əlaqədar bir sıra qurumlar və nazirliklərdə görüşlərinə diqqət çəkən sədr, onların aktiv fəaliyyətini yüksək qiymətləndirib. Xüsusilə də yaşlarına uyğun vacib olan vəzifələrin, öhdəliklərin, dərs yükü ilə bərabər ictimai fəaliyyətlə də məşğul olmanın çox yaxşı nümunə olduğunu qeyd edib. B. Muradova, USM layihəsi çərçivəsində səfirlərin uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər, onları narahat edən məsələlərlə bağlı fikir və təkliflərini çatdırmaq imkanı əldə etdiklərini bildirib. O, yeni ideyaları və istiqamətləri kəşf etməyə imkan verməsi baxımından uşaq və gənclərlə birgə işləməyin olduqca maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, gələcək nəslin nümayəndələri zamanın nəbzini tutmağı, gələcək həyatında özünü liderliyə hazırlamağı yaxşı bacarır: “Təbəssüm dolu üzünüz, özgüvəniniz öz sözünü deyir. Bu həqiqətdir ki, sizin yaşınız, oxumağa-öyrənməyə əxz etməyə başladığınız zamandan əldə etdikləriniz çoxdur və bugünə və sabaha inamla baxa bilirsiniz”. B.Muradova, bütün dünyada yaşıl enerji keçidlərinin yaşandığı bir zamanda təbiətə qayğı ilə yanaşmağın, onu qorumağın önəmindən danışıb. Yaşıdları ilə ünsiyyətdə hörmət və anlayışlı davranmağı, problemlərlə qarşılaşdıqda ruhdan düşməməyi tövsiyə edib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində öz öhdəliyinə düşən iş bölgüsü haqqında Komitə sədrinə məlumat verib, bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda ekspertlərin də cəlb olunduğu müxtəlif mövzularda olan işçi qruplarda aktiv müzakirələr aparılır. Foruma hazırlıq mərhələsində dövlət rəsmiləri ilə olan görüşlərindən xoş təəssüratlarını bölüşən uşaqlar, maraqlı diskussiya aparıldığını, müxtəlif istiqamətlər üzrə ətraflı məlumatlandıqlarını diqqətə çatdırıblar. Əldə etdikləri məlumatların Foruma daha yaxşı hazırlaşmaq üçün zəmin yaratdığını deyən uşaqlar, onlar üçün yaradılan şəraitə görə Komitə sədrinə təşəkkürünü bildiriblər. USM-in problemlərin həlli ilə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək üçün uğurlu platforma olduğunu bildirən uşaqlar, Məclisdəki fəaliyyətləri dövründə qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər. Qeyd ediblər ki, böyük qürur hissi ilə yorulmadan, davamlı olaraq qarşıya qoyulmuş məqsədlərə doğru fəaliyyəti həyata keçirir və bu yaşda böyük təcrübələr əldə edirlər. 15 nəfərlik bir komanda olaraq ölkənin hər bir regionunda fəaliyyət göstərən nümayəndələr vasitəsilə daim Azərbaycan uşaqlarının inkişafına töhfə verməyə çalışdıqlarını diqqətə çatdırıblar. Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Sonda B.Muradova, USM-in yeni üzvlərinə Məclisin üzvlük vəsiqəsini təqdim edib.  

Ətraflı
Erkən nikahlarla mübarizə mövzusunda görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixdə Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən evlilik və qohum evliliyinin sosial-iqtisadi fəsadlarından, belə halların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən, qanunvericiliyə edilən son dəyişikliklər haqqında ətraflı məlumat verib. Çıxış edən Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayədəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə erkən evliliyin qızların təhsildən yayınmasına səbəb olduğunu, onların inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərdiyini vurğulayaraq, gənclərə öz tövsiyələrini veriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.  

Ətraflı
“Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib

25 noyabr 2024-cü il tarixində Xaçmaz rayon Xudat qəsəbəsində yerləşən 1 saylı orta məktəbin 9-11-ci sinif şagirdləri üçün “Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şəbəsinin əməkdaşı Tural Hüseynzadə tərəfindən tədbirin məqsədinin təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması olduğu qeyd edilib.  Tədbirdə məktəblilərin bilik səviyyəsinə uyğun olaraq dialoq formatında korrupsiyanın mahiyyəti, anlayışı, korrupsiyaya gətirib çıxaran amillər barədə çıxış edilib, həmçinin şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb. Qeyd edək ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin məqsədilə həyata keçirilib.

Ətraflı
Regionlarda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-23 noyabr 2024-cü il tarixlərində uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbəsi, təhsil sektorunun əməkdaşları, müəllimlər, psixoloqlar, məktəblilər, valideynlər, mərkəzlərin nümayəndələri və ekspert qruplarının üzvləri iştirak ediblər. Tədbirlərdə çıxış edənlər ölkəmizdə uşaqları müdafiə mexanizminin genişləndirilməsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, o cümlədən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası, konvensiyaya üzv dövlətlərin öhdəlikləri, “4 P yanaşması” (qabaqlayıcı tədbirlər), müdafiə, cinayət təqibi, milli və beynəlxalq əməkdaşlığın təşviqi haqqında məlumat veriblər. Uşaqlara qarşı zorakılığın yaranma səbəbləri barədə ətraflı məlumat verən psixoloqlar zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu qeyd edərək, onları bu kimi hallardan qorumağın vacibliyini vurğulayıblar. Müəllimlər çıxışlarında məktəblərdə şagirdlər arasında baş verən zorakılıq halları, onunla mübarizə yolları və valideyn-məktəb əlaqələrinin gücləndirilməsinin vacibliyindən danışıblar. Yekunda mövzu ilə əlaqəli sosial çarxlar və təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Ətraflı
“25 Noyabr - Qadınlara qarşı Beynəlxalq Zorakılıqla Mübarizə Günü”nə həsr edilmiş görüş keçirilib

25 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib. Görüşdə Tibb Mərkəzinin əməkdaşı Nailə Babaşova açılış nitqi ilə çıxış edib. Daha sonra Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti və həyata keçirilən layihələr barədə Komitə əməkdaşları Nailə İbrahimova və İradə Məmmədova çıxış ediblər. “Sağlam Ailə” Tibb Mərkəzinin kollektivinə məişət zorakılığı, onun növləri, zorakılığa məruz qalmış şəxslərə yardım, qaynar xətt barədə geniş məlumat verilib, həmçinin iştirakçıların sualları cavablandırlıb.  Çıxışlardan sonra “Susma” və “Çinartək sığındığımız böyük ailəmiz” adlı sosial çarxlar nümayiş etdirilib. 

Ətraflı
25 noyabr - Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür

BMT Baş Məclisi 1999-cu ildə bu günü Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü elan edib.

Ətraflı
“Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib

22 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Qəbələ Dövlət Peşə Tədris Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə aidiyyəti qurumların nümayəndələri, müəllim və tələbələr iştirak ediblər. Çıxış edənlər bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə məlumat verib, erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurmasından danışıb, həmçinin qohum nikahları nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğunu bildiriblər. Tədbirdə mövzu ilə əlaqəli 2 videoçarx nümayiş etdirilib, bukletlər paylanılıb. 

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan İbrahimovlar ailəsidir. Hüseyn İbrahimov və həyat yoldaşı İradə xanım 43 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və  5 nəvələri  var. Böyük oğlu Azər İbrahimov zərgər işləyir, ailəlidir, 3 övladı var. Digər oğlu İsmayıl İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsi, mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, hazırda Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədridir, ailəlidir, 2 övladı var. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısıHüseyn İbrahimovun 67 yaşı var, Hacıqabul şəhərində anadan olub. 1974-1978 ci illərdə Azərbyacan Pedaqoji  İnstitutunun fizika fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhər Təhsil Şöbəsində filmoteka müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonralar Əli Bayramlı şəhər “Azad Komsomol” Komitəsinin katibi, Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzi və Hacıqabul Uşaq Yaradıcılıq Mərkəzində direktor, 2013-2022-ci illərdə isə Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Həyat yoldaşı İradə xanım 12 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub, 1976-1980-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Bilgəhdə yerləşən sanatoriyada tərbiyəçi pedaqoq kimi başlayıb. Ailə qurduqdan sonra, 1981-ci ildən Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. 2003-cü ildə “İlin müəllimi” diplomu ilə təltif edilib, 2004-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əmək veteranıdır, hazırda təqaüddədir. Hörmətli Hüseyn müəllim və İradə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 43 ilə yaxındır davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. İradə xanım, əvvəlcə Sizdən başlayaq. Bu sualı belə cavablandırardım ki, insanlar ailə həyatında hisslərlə deyil, ağılla hərəkət etməlidirlər. Çünki, çox vaxt hisslər insanı aldadır, gənclik emosiyalarına qapılıb hər hansı bir yanlış addım bəzən insan həyatında böyük çuxur yarada bilər. Xüsusilə ailə həyatında buna diqqət yetirmək lazımıdr, çünki burda artıq sən tək deyilsən, səninlə birlikdə addımlayan şəxslər var ki, onların gələcəyi bizdən asılı olur. Bunu xüsusən bir valideyn - ana olaraq qeyd edirəm ki, mənim yanlış hisslərə qapılıb atdığım hər hansı bir addım övladlarımın gələcəyi bahasına başa gələ bilərdi. Ona görə səbirlə, təmkinlə ailədə olan çətinliklərə dözmək və hər açılan günə şükür etmək lazımdır. Hüseyn müəllim bu mövzuda siz nə deyə bilərsiz? Mən bu sualınıza atalar sözlərimizlə fikir bildirmək istərdim: “Güc birlikdədir”, “Aslanın erkəyi dişisi olmaz”. Həqiqətən də, bu atalar misalını biz ailə həyatımızda yaşamışıq. Belə ki, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq gücü deyərdim ki, ailənin xoşbəxtlik açarıdır. İradə xanım,  ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Fikrimcə belə hallarda güzəştə getməyi bacarmaq lazımdır, xüsusilə sevdiyimiz insanın qəlbini qırmaq təhükəsi yarandığı hallarda mən öz emosiyalarımı hər zaman idarə etməyə çalışmışam. Hüseyn müəllim Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Vətənə məhəbbət deyərdim ki, insanlığın ən ali hisslərindəndir. Şeirdə deyildiyi kimi: Vətəni sevməyən insan olmaz, Olsa da, o şəxsdə vicdan olmaz! Vətən bizim namusumuzdur, onu sevib qorumaq borc deyil, müqəddəs vəzifəmizdir. Və biz valideynlərin də ən ali öhdəliklərindən biri bu sevgini övladlarımıza düzgün aşılamaqdır. İradə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? Valideyn-övlad münasibətlərində mən övladlarımdan minnətdarlıq gözləmirəm. Çünki onlar mənim üçün ən gözəl nemətdir, bəxşişdir. Onlara diqqətim, qayğım mənim bir ana olaraq müqəddəs vəzifəmdir. Çalışmışam ki, onların istər tərbiyəsində, istərsə də, təhsilində hər iki övladıma ayrı-ayrılıqda öz xarakterlərinə görə ümumi deyil, fərdi yanaşım. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Bu sualla əlaqədar elə bir təəssüf hissi keçirdiyim hallar olmayıb. Çünki onların həyat yoluna məncə düzgün istiqamət vermişəm. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Onlara təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edirəm. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə İbrahimovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.      

Ətraflı
Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndə heyəti ilə görüşüb

22 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətində Agentliyin İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki,  Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho və Azərbaycan üzrə Proqram rəhbəri Pərvanə Bayramova təmsil olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. B.Muradova Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) bütün dünya ölkələrinin aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyəyə qaldırdığını deyib. O, Azərbaycanın COP29-a rəhbərliyinin nəticələri, yeni formatlar və ilklər, o cümlədən COP Sədrlikləri Üçlüyünün uğurlu fəaliyyəti haqqında danışaraq, bunun vacib qərarların razılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib. Həmçinin, hamını narahat edən məsələlərin dünyanın gündəminə ən yüksək səviyyədə çatdırıldığını qeyd edib. Dövlət Komitəsinin sədri, ötən gün COP29 çərçivəsində təşkil olunan “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli konfransda gələcək hədəflərə doğru gender bərabərliyinə nail olmaqla birgə addımlamağın vacibliyinin vurğulandığını, eləcə də bu mövzuda pozitiv mesajların səsləndirildiyini bildirib. Qadınları inkişafın əsas hərəkətverici qüvvəsi və iştirakçısı adlandıran sədr, onlara dəstək xarakterli addımların atılmasının önəmli olduğunu vurğulayıb. Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun icra vəziyyətinə dair ölkə parlamentinə illik məlumatın artıq 5-ci dəfə təqdim edilməsinin şəffaflıq və hesabatlılığın əldə edilməsinə xidmət etdiyini və yaxşı bir təcrübə kimi təşviq olunmasının vacibliyinə diqqəti yönəldib.   UN Women İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, ölkəmizdə yüksək səviyyədə təşkil olunan COP29, eləcə də konfrans çərçivəsində uğurla keçirilən “Gender günü” ilə bağlı təbrikini çatdırıb və bu konfransın qadınların ən çox iştirak etdiyi COP kimi yadda qalacağını söyləyib. Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən C.Njuki, bu sahədə Komitənin fəaliyyətini vurğulayıb.  Agentliyin rəsmisi qadınların səlahiyyətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıqda həyata keçirilən istiqamətlər haqda məlumat verib. Qayğı xidmətləri iqtisadiyyatının qurulması, kənd qadınlarının səlahiyyətləndirilməsi və məvaciblərdə gender üzrə fərqlərin aradan qaldırılması istiqamətləri üzrə nəzərədə tutulan tədbirlər haqqında danışıb. UN Women-in Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava Azərbaycan hökumətinin qadınların səlahiyyətləndirilməsi məsələsinə önəm verdiyini qeyd edib, bu sahədə qayğı xidmətlərinə əsaslanan iqtisadiyyat modelinin tətbiqinin önəmindən danışıb. Pekin+30 çərçivəsində əldə edilən irəliləyişlərdən söz açan K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkür edib. UN Women-in Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho Azərbaycanın Pekin+30 üzrə milli hesabatına, eləcə də ölkəmizin Avropa İqtisadi Komissiyasının toplantısında iştirakına diqqət çəkərək bu fəaliyyətləri yüksək qiymətləndirib. O, gender bərabərliyinin təmin olunması sahəsində qurumlar arasında mümkün əməkdaşlıq istiqamətləri və Pekin+30 konfransı çərçivəsində reallaşdırılacaq tədbirlər barədə məlumat verib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib. 

Ətraflı