Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı

Laçın şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunun bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə yüksək səviyyədə iştiraka və fəal müzakirələrə görə təşəkkürünü bildirib. Komitə sədri vurğulayıb ki, Qadınlar Forumu fərqli mövzularda baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrilməklə, qadınların regional və qlobal inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışımızın, ortaq iradəmizin formalaşmasına təkan verdi və regional həmrəyliyin parlaq təcəssümü oldu; “Biz-müxtəlif ölkələrdən gələn fikir liderləri, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri  bir araya gələrək, qadınların yaşıl gələcək naminə potensialını necə daha yaxşı səfərbər edə biləcəyimizi müzakirə etdik. Ortaq dəyərlər üzərində ortaq gələcək üçün birgə niyyətlərimizi müəyyənləşdirdik”. Panel sessiyalarda səslənən fikirlərə və tövsiyələrə diqqət çəkən B.Muradova vurğulayıb ki, təhsil, sağlamlıq, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və şəhərsalma kimi sahələrdə qadınların liderliyinin təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Qeyd olunub ki, Forumun ən dəyərli nəticələrindən biri də burada irəli sürülən təşəbbüslərin İƏT-in gələcək fəaliyyəti, xüsusilə də 2026–2035-ci illəri əhatə edəcək yeni İnkişaf Sənədində öz əksini tapacaq olmasıdır. Bu, regionumuz üçün qadınların daha güclü təmsilçiliyi və iştirakı ilə bağlı ortaq iradəmizin göstəricisi olacaqdır. Qadınların gücləndirilməsinin həm milli inkişaf, həm də bugünkü qlobal çağırışlara cavab vermək baxımından vacib olduğunu bildirən sədr, Azərbaycanın bu prinsiplərə sadiq olduğunu və bu istiqamətlərdə səyləri davam etdirərək, irəli sürülən təşəbbüsləri konkret nəticələrə çevirməyə çalışacağıq: “Biz COP29 iqlimə davamlılıq naminə insan inkişafı üzrə Bakı Təşəbüsü və İqlimə dayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları üzrə COP29 Bəyannaməsi çərçivələrinə əsaslanaraq möhkəm, adaptiv və gələcəyə hazır cəmiyyətlərin qurulmasında qadınların rolunu daha da ön plana çıxarmağa davam edəcəyik”. B.Muradova çıxışının sonunda Forumun uğurlu keçirilməsinə verdikləri dəstəyə görə beynəlxalq təşkilatlara və onların müvafiq qurumlarına, eləcə də İƏT üzv dövlətlərindən gələn nümayəndələrə təşəkkürünü bildirib. O, burada başlanan dialoqun davam edəcəyinə, həmçinin əməkdaşlığın yeni platformalarda və daha geniş regional təşəbbüslərlə zənginləşəcəyinə əminliyini ifadə edib.  Daha sonra çıxış edən İƏT-in Baş katibi Əsəd Məcid Xan Forumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və yüksək səviyyədə təşkilatçılığa, xüsusilə səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə  təşəkkürünü bildirib. İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma tarixinə nəzər salan Baş katib, İƏT çərçivəsində ilk dəfə keçirilən Qadınlar Forumunun təşkilat üçün mühüm mərhələ olduğunu vurğulayıb. O, qarşıdakı 10 il üçün qəbul ediləcək İƏT-in fəaliyyət planına Forum iştirakçıları tərəfindən səsləndirilən fikirlərin və təqdim olunan tövsiyələrin həmin sənədin hazırlanmasında yer alacağını bildirib. İƏT rəsmisi qeyd edib ki, qadınların təşəbbüslərə cəlb olunması və onların baxışlarının nəzərə alınması təşkilat daxilində yeni yanaşmaların formalaşmasına da töhfə verəcək. Baş katib bildirib ki, ötən il üzv dövlətimiz Azərbaycanın uğurlu ev sahibliyi ilə COP29 konfransı keçirildi. O qeyd edib ki, bu böyük təcrübə idi. İƏT rəsmisi çıxışı zamanı dayanıqlı inkişaf məsələlərinə də toxunaraq, bu sahədə qadınların rolunun artırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, inklüziv yanaşma çərçivəsində qadınların inkişafı və cəmiyyətin bütün sahələrində fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Ə. Məcid Xan əlavə edib ki, qadınların xüsusilə yerli idarəetmə strukturlarında təmsil olunması, xidmətlərin və infrastrukturun planlaşdırılmasında iştirakı onların ehtiyac və maraqlarının nəzərə alınmasına imkan verir. Forumun İƏT tarixində mühüm mərhələ olduğunu vurğulayan  Ə. Məcid Xan, Təşkilatın gələcək fəaliyyətində də ciddi dönüş nöqtəsi olacağını əlavə edib.   Yekunda xatirə fotosu çəkdirilib.

Ətraflı
Sonuncu paneldə dayanıqlı inkişafda qadınların rolundan danışıldı

İƏT Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluq etdiyi “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda baş tutan sonuncu paneldə İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün effektiv iqtisadi alətlər, həmçinin rəqəmsal inklüzivlik və innovasiyaların birgə əməkdaşlıq çərçivəsində daha da sürətləndirilməsi mövzusu müzakirə edilib. Sessiyada Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azars, İƏT Elm Fondunun Prezidenti Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskayanın çıxışları dinlənilib. Müzakirələr zamanı qadınlar üçün süni intellekt sahəsində təhsilin təşviqi və təşkil olunması, eləcə də onların innovasiya ekosistemlərinə çıxışının dəstəklənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, qadınların tədqiqat, elm və texnologiya sahələrində gücləndirilməsi, “yaşıl bacarıqlar”a çıxış imkanlarının genişləndirilməsi, təmiz enerji sektorunda qadınların iştirakının artırılmasının təşviq edilməsi, həmçinin qadınların maliyyə resurslarına çıxışının təmin olunması istiqamətində fikirlər səsləndirilib.                          

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunda “Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda növbəti panel müzakirə təşkil edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə Pakistan İslam Respublikasının Qadınların Statusu üzrə Milli Komissiyanın sədri Ume Laila Azhar, Tacikistan Respublikasının Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış ediblər. Paneldə İƏT regionunda inklüziv şəhər siyasətlərinin təşviq edilməsi, eləcə də iqlim dəyişikliyinə qarşı dayanıqlı və sağlam şəhərlərin qurulmasında qadınların rolunun gücləndirilməsi və müvafiq sahə üzrə digər məsələlər müzakirə edilib. Çıxışçılar 2026–2035-ci illər üçün İƏT-in yeni inkişaf sənədinin hazırlanması və həyata keçirilməsində qadınların iştirakının təmin edilməsi, İƏT çərçivəsində dayanıqlı şəhərlərlə bağlı yeni bir platformanın yaradılmasının əhəmiyyəti, qadınların davamlı şəhər iqtisadiyyatı layihələrinə, o cümlədən dövri iqtisadiyyat layihələrinə fəal cəlb olunmasını və onların maliyyə resurslarına, o cümlədən iqlim maliyyəsinə çıxışının dəstəklənməsi ilə bağlı fikirlərini səsləndiriblər. Panel zamanı, həmçinin ölkəmizdə Qarabağ və Şərgi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində qadınların töhfəsindən bəhs edilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir. Panel sessiya mövzu üzrə müzakirə və sual-cavabla davam edib.

Ətraflı
“Mənim hüquqlarım” adlı təşviqat avtobusuna yenidən start verildi

Regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə yenidən start verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində təşkil olunan təlimlər Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazangül, Maqov, Mazıx, Yengiyan və Car kəndlərində keçirilib. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqlara onların hüquqlarının qorunması, uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının artırılması məqsədilə ətraflı məlumatlar verilib, qrup işləri təşkil olunub, müzakirələr aparılıb. Təlimlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb və təlimlərin yekununda uşaqlara kitablar hədiyyə edilib.

Ətraflı
Laçında iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu müzakirə edilib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu çərçivəsində panellərdən biri iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu mövzusuna həsr olunub. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş bu paneldə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Respublikasının Parlamentinin üzvü, Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü Juldız Süleymenova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və İƏT Təhsil İnstitutunun rəhbəri professor Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin nümayəndəsi Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərəc Hüseynbəyov iştirak ediblər. Sessiyada İƏT üzv dövlətlərində qızlar və qadınlar üçün təhsil imkanlarının təşviq edilməsi və genişlənən əmək bazarında yaşıl bacarıqların əldə edilməsində qadınlara dəstək ola biləcək strategiyalardan danışılıb. Çıxış edənlər qadınların və qızların səlahiyyətləndirilməsinin iqlimə iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq üçün əsas şərt olduğunu qeyd ediblər. Vurğulanıb ki, bunun üçün qadınların təhsilə, maliyyə resurslarına və qərar qəbul etmə proseslərinə bərabər çıxışını təmin edən sistemli islahatlara ehtiyac vardır. Bildirilib ki, BMT-nin “Gələcək üçün Paktı”, COP29-un nəticələri və BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransının məqsədləri, inklüziv iqlim siyasətlərinin təşviqi, inklüziv maliyyə mexanizmlərinin qurulması və transformativ təhsilin daha geniş tətbiqi üçün mühüm zəmin yaradır. Panelin sonunda İƏT regionunda bütün qadın və qızların öyrənmək, liderlik etmək və iqlim dəyişikliyinə qarşı dayanıqlı bir gələcək formalaşdırmaq imkanına malik olmaları üçün üzv dövlətlər, beynəlxalq təşkilatlar, inkişaf bankları, akademik qurumlar və vətəndaş cəmiyyətinə birgə fəaliyyətlərini davam etdirilməsi ilə bağlı çağırış edilib.

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.  Qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunmasının cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayan Komitə sədri əlavə edib ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır. O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Tarixən də Azərbaycan qadınının güclü ictimai mövqeyə malik olduğunu vurğulayan B.Muradova, hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olduğunu bildirib: “Məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir”. B.Muradova bildirib ki, “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. Məhz Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında  və ictimai işlərdə qadınların irəli çəkildiyini dilə gətirən Komitə sədri qeyd edib ki,  1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır. B.Muradova əlavə edib ki, qadın məsələlərinin həlli sahəsində cənab Prezident İlham Əliyevin,  eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı, ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür.  Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik. İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb. Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib. Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir. Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib. O çıxışının sonunda qeyd edib ki, regional gender göstəricilərini inkişaf etdirmək, monitorinq sistemi tətbiq etmək, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşması məqsədi ilə Mərkəzi Asiyada "Eco-hub" vahid mərkəzin yaradılması vacibdir. Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib. Forum panel sessiyalar ilə davam edir.  

Ətraflı
Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

1 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş baş tutub. Görüşdə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək, Afrika ilə Avropa arasında strateji körpü rolunu oynayan Mərakeşin bu mövqeyindən bacarıqla istifadə etdiyini, regional və qlobal əməkdaşlıqda fəal iştirak etdiyini qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri və xüsusilə alternativ enerji sahəsində əldə olunan uğurların sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb. A.Sofiyeva iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulduğunu, son illərdə isə bu əlaqələrin daha da dərinləşdiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Rabata səfəri və Şahzadə Lalla Hasnaanın Bakıya səfəri ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Sədr müavini həmçinin Mərakeşin uşaq hüquqlarının müdafiəsi, təhsilə çıxış və ictimai proseslərdə uşaqların fəal iştirakı istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayaraq, bu sahədə birgə təşəbbüslərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri ola biləcəyini bildirib. A. Sofiyeva, Azərbaycanın ailə dəyərlərinin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, qızların təhsilə çıxışına dəstək, qadın iştirakçılığının artırılması və gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O, həmçinin bu istiqamətlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib. Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, tematik qrup sədrinin müavini Hasan Umribt çıxışında ölkələrimiz arasında mövcud olan tarixi və mədəni bağlara diqqət çəkərək, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmini vurğulayıb. O, xüsusilə savadsızlıqla mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Mərakeş Parlamentinin üzvləri Turia Afife və El Ayaçi El Farfar qadın və uşaq məsələlərinin Mərakeşdə daim diqqət mərkəzində saxlanıldığını bildirərək, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə danışıblar. Onlar uşaqların təhsil imkanlarının genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıblar. Tərəflər uşaq hüquqlarının müdafiəsi, savadsızlıqla mübarizə və digər sosial məsələlər üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində birgə təşəbbüsləri müzakirə edib, iki ölkə arasında uşaq məsələlərinə dair əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Görüşdə həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Elvin Əliyev, eləcə də Mərakeş nümayəndə heyətindən parlament üzvləri Xadduj Slassi, Nadia Buzendufa, Yussef Çirri, Fatima Yasin, Hakima Şaki, Monitorinq və Qiymətləndirmə Şöbəsinin direktoru Said El Miri, Tərəfdaşlıq və Əməkdaşlıq üzrə rəhbər Vafae Znadi iştirak ediblər.

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Məmmədovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bu dəfəki qonağı Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsidir. 39 ildir birgə ömür sürən İntiqam bəy və Leyla xanım 3 oğul böyüdüblər. Onların 5 nəvəsi  var. İntiqam Məmmədov 1957-ci ildə Hacıqabul rayonunda anadan olub. 8 illik məktəbi bitiriərək, 1972-ci ildə Bədən Tərbiyəsi Texnikumuna daxil olub. 1975-1988-ci illərdə Hacıqabul şəhər 5 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, eyni zamanda 1980-1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi  təhsil alıb. 1996-cı ildən isə Uşaq İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Leyla Nəcəfova 1960-cı ildə Hacıqabul rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra 1987-ci ildən  Hacıqabul rayon 5 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Böyük oğlu İqbal Azərbaycan İdman Akademiyasının III kurs tələbəsidir. Ailəlidir, 3 övladı var. Ortancıl və kiçik oğulları Emin və Elçin də atalarının  yolunun davamçısı kimi Azərbaycan İdman Akademiyasını bitiriblər. Vətən müharibəsi iştirakçısı olan Emin ailəlidir və 2 övladı var.   Bu zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik. -       Hörmətli İntiqam bəy və Leyla xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 39 ildir ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Leyla xanım, əvvəlcə Sizdən başlayaq. - Leyla Nəcəfova: Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür, bu mübahisələr çox vaxt uşaqlarla bağlı olur və qadın bu zaman elə davranmalıdır ki, atanın fikri səhv olsa belə övladlarının yanında ona irad bildirməsin. Çünki bu irad zaman keçdikcə atanın övladlarının gözündə kiçilməsinə səbəb ola bilər ki, bu da nəticədə ailənin təməlinin çökməsinə gətirib çıxarır.  - İntiqam Məmmədov:Xoşbəxtliyin sirrini, zəhmətdə və sadəlikdə görürəm. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?  - Leyla Nəcəfova: İlk növbədə bir-birimizi dinləməyə, anlamağa çalışmışıq və hər zaman bir-birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem  olmasın. Biz o problemlərin böyüməsinə imkan yaratmamışıq. -       İntiqam bəy sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? -       Mən düşünürəm ki, vətənə, dövlətə sevgi sonradan qazanılmır. Bu sevgi kiçik yaşlarından başlanır. Onu deyim ki, mənim övladlarımın üçü də Vətənə olan borclarını layiqli şəkildə yerinə yetiriblər. 44 günlük müharibə başlayanda böyük oğlum müharibədə iştirak etmək üçün könüllü muraciət etmişdir. Lakin, yaşını nəzərə alaraq ehtiyatda saxlanılıb. Ortancıl oğlum Emin isə Vətən müharibəsi iştirakçısıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.  -       Leyla xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?  -       Övladlarımın səhvləri və  doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğıları mənim prioritetim olub.  Onların hər zaman dostu olmuşam. Eyni zamanda ailədə valideyn və övlad sərhədlərini daim xatırlatmışam.  -       Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Yaxud bugünə kimi nəyisə etmədiyinizə görə təəssüf hissi keçirmisiniz?   -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Fikrimizcə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb baxanda heyifslənməz. Bu günə kimi övladlarımızın tərbiyəsi ilə bağlı “kaş ki” ifadəsini işlətməmişik.  -       Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Ailə kiçik dövlətdir. Ailəni qurmaq, qoruyub saxlamaq, möhkəm təməl yaratmağın da çətinlikləri var. Bunun üçün fədakar və bir-birinə qarşı anlayışlı olmaq, qarşılıqlı hörməti gözləmək lazımdır. Hörmətli Məmmədovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun iştirakçıları 1 iyul 2025-ci il tarixində Laçın şəhərinə səfər edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun iştirakçıları 1 iyul 2025-ci il tarixində Laçın şəhərinə səfər edib. Səfər zamanı İƏT üzv dövlətləri, İƏT qurumları və beynəlxalq təşkilatları təmsil edən 100-dən artıq nümayəndə işğaldan azad olunmuş Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olublar. Ekskursiya çərçivəsində iştirakçılar Həkəri bulvarını ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri üçün Azərbaycan mədəniyyətini əks etdirən ziyafət və mədəni-əyləncəli proqram təşkil olunub. Qeyd edək ki, Forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.

Ətraflı