Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu keçiriləcək

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu keçiriləcək. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir. Forumda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq. Forum, eyni zamanda İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün pltaforma rolunu oynayacaq.

Ətraflı
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Qəhrəmanlıq, mərdlik, şücaət rəmzi olan Ordumuzun bütün şəxsi heyətini, hərbçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edirik!

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə 25 iyun 2025-ci il tarixində “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

2025-ci il iyunun 25-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib. B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. Əlavə edib ki, bu uğurlar təkcə iki ölkənin deyil, eyni zamanda regionun inkişafına və rifahına xidmət edir. İnsan kapitalını tükənməz enerji adlandıran Dövlət Komitəsinin sədri hər iki ölkənin bu kapitalın inkişafı və rifahınının təmin olunmasını əsas hədəf kimi müəyyən etdiyini vurğulayıb. Komitənin fəaliyyət istiqamətlərindən söz açan sədr, beynəlxalq təcrübə mübadiləsinin əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığını qeyd edib. O həmçinin bu sahədə parlamentlərarası əməkdaşlıq və qarşılıqlı layihələrin icrasında əlaqələrin intensivləşməsinin əhəmiyyətindən danışıb. Səfir Muhəmməd Əl Bluşi iki ölkə arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Səfir, Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin, xüsusilə də COP29 ərəfəsində keçirilən yüksək səviyyəli görüşlərin ticari, iqtisadi və mədəni sahələrdə artan mübadilənin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib. Görüş çərçivəsində ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə BƏƏ-nin Ailə Müdafiəsi Nazirliyi ilə əlaqələrin qurulması və qarşılıqlı görüşlərin təşkili təklif edilib. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gələcəkdə hər iki ölkənin sosial siyasətinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Ətraflı
Dövlət Komitəsinin Apellyasiya Şurasının iclası keçirilib

24 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.  İclasda Rəna Xudiyeva, Aytən Maqsudlu və Ayişə Mirzəyeva tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrinə dair şikayətlərə baxılıb.  Şura üzvləri tərəfindən müsahibə materialları araşdırılıb, iclasın yekununda 2 nəfərin şikayətinin təmin edilməsi, 1 nəfərin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib. 

Ətraflı
Azərbaycan və Türkiyənin müvafiq qurumlarının təşkilatçılığı ilə görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli 1909 nömrəli Fərmanı ilə  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın icrası istiqamətində aparılan işlərin davamı olaraq 24 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşkilatçılığı ilə onlayn formatda görüş keçirilib. Görüşün məqsədi  ailə, qadın və uşaq sahəsində tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi, eləcə də ailəyönümlü xidmətlər, ailə məsləhət xidmətləri və psixososial dəstək sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının ailə məsələləri sahəsinə məsul əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, yerli icra hakimiyyətlərinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini  Kamila Əliyeva və Türkiyənin  Ailə və Sosial Xidmətlər Nazirliyinin Uzmanı Kemal Tolga Ercan açılış nitqi ilə çıxış ediblər. Sonra Daxili İşlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev “Qadınlara qarşı törədilən zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti”, Komitənin Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev “Azərbaycanda ailədaxili münasibətlərə təsir göstərən amillər”,  Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova “Hüquq pozuntusu törədən və törətməyə meylli uşaqlarla aparılan fərdi profilaktik işlər”, “Təmiz Dunya” Qadınlara Yardım İctmai Birliyinin sədri Mehriban Zeynalova “Qadın və uşaqlar üçün sığınma evi”nin fəaliyyəti, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Yuvenal Ədliyyə Mərkəzinin fəaliyyəti”, Türkiyə Respublikasından Ailə və İctimai Xidmətlər Ümumi Müdirliyinin şöbə müdiri Ömer Çokgören “Ailənin möhkəmləndirilməsi üçün ailəyə yönəlmiş təhsil və məsləhət xidmətləri”,  Uşaq Xidmətləri Ümumi Müdirliyi, Anka Uşaq Dəstək Proqramının ümumi koordinatoru Hakan Keçe “Hüquq pozuntusu törədən və törətməyə meyilli olan uşaqlarla fərdi sosial pedaqoji və tərbiyəvi işlərin aparılması”, Uşaq Xidmətləri Ümumi Müdirliyinin ekspert köməkçisi Büşra Yalçın “Anka psixososial uşaq dəstək proqramı”, Uşaq Xidmətləri Baş İdarəsində Ailə və Sosial Xidmətlər mütəxəssisinin köməkçisi Yasin Alçep “Ailələrə Sosial xidmətlər” mövzuları ilə bağlı ətraflı məlumat veriblər. Çıxışlardan sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar. Yekunda bu cür görüşlərin vacibliyi bir daha vurğulanıb, ölkələrimiz arasında təcrübə mübadiləsinin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Ətraflı
“Gənc qızların təhsilinə dəstək” layihəsinin məzun günü qeyd olundu

23 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü keçirilib. Tədbir 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib. Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər. Məzun günü layihəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra açılış nitqləri dinlənilib. Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, belə faydalı təşəbbüslərin formalaşması və reallaşmasında hər zaman öndə olan, Azərbaycan gəncliyinə, onların təhsilinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Fondunun, xüsusilə də Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinə dərin hörmət və ehtiramını ifadə edib. B.Muradova layihənin yaranma tarixi və əhəmiyyəti haqqında danışıb, “Gənc Qızların Təhsilinə Dəstək” təşəbbüsünün yalnız sosial proqram deyil, eyni zamanda maarifçilik ideallarının müasir davamı olduğunu qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi təhsil almaq istəyən, lakin sosial və maddi çətinliklərlə üzləşən qızlara dəstək göstərmək, onların gələcəyinə inam yaratmaq və cəmiyyətə faydalı fərd kimi formalaşmalarına imkan yaratmaqdır. B.Muradova, layihənin 2021-ci ildə Hacı Zeynalabdin Tağıyevin ilk qızlar məktəbinin 120 illiyi münasibətilə başladıldığını və qısa zamanda geniş ictimai dəstək qazandığını vurğulayıb. Əlavə edib ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı ilə layihə daha da inkişaf etdirilərək müxtəlif proqramlar vasitəsilə yüzlərlə gənc qızın həyatına müsbət təsir göstərib. Dövlət Komitəsinin sədri, təhsilli qadının sabit ailənin təməli, eyni zamanda güclü cəmiyyətin və iqtisadi inkişafın da əsas dayaqlarından olduğunu bildirib. O, məzunları Hacı Zeynalabdin Tağıyev və Hənifə Məlikova kimi maarifpərvər şəxslərin ideallarının daşıyıcıları və gələcəyin qurucuları adlandırıb: “Ən əsası isə heç zaman unutmayacaqsınız ki, siz Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müasir Azərbaycan dövlətinin varlığı, onun layiqli varisi İlham Əliyevin xalqımıza qazandırdığı böyük Zəfərdən doğan qüruru, eləcə də dəyərli Birinci vitse-prezident Mehriban xanımın cəmiyyətin imkanlarının gəncliyin hərtərəfli inkişafına yönəldilməsi sahəsindəki yorulmaz səylərinin ortaya qoyduğu dəyəri təmsil edirsiniz”. B.Muradova “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” proqramının məzunu olan şəhid xanımlarını da xüsusi ehtiramla qeyd edib, onların bu uğurunu əzm və iradələrinin təntənəsi adlandırıb. O, bütün məzunları təbrik edərək, ölkənin gələcəyinə töhfə verəcəklərinə inandığını bildirib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların, xüsusilə də gənc qızların təhsilinin təkcə fərdi rifah deyil, cəmiyyətin uzunmüddətli inkişafı baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb. O, anaların təhsilinin gələcək nəsillərin savadlı və bacarıqlı yetişməsində mühüm rol oynadığını və qızların bütün təhsil pillələrində iştirakının təmin  edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, qadınların güclü, savadlı olması cəmiyyətin dayanıqlılığına, inkişafına töhfə verir. O, Nazirliyin qadınların təhsil imkanlarından bəhrələnməsi istiqamətində fəaliyyətini davam etdirməyə və bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb. O, xeyriyyəçilik ənənələrinin müasir dövrdə davam etdirilməsinin ali təhsil müəssisələrində də yeni mədəniyyətin formalaşmasına şərait yaratdığını deyib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edərək “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən təqaüd proqramları haqqında məlumat verib. Qeyd edib ki, dörd ildir həyata keçirilən layihə çərçivəsində 350-yə yaxın qız təhsil alır. E.Nəsibov əlavə edib ki, tələbələr informasiya texnologiyaları, mühəndislik, eləcə də qızlar üçün qeyri-ənənəvi sayılan digər ixtisaslara yönəlir. Paralel olaraq həyata keçirilən "Parla" təqaüd və inkişaf proqramından danışan  E.Nəsibov bildirib ki, proqramdan yararlananlar arasında Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları da var. Həyata keçirilən layihələrdə özəl sektorun roluna diqqət çəkən E.Nəsibov, onları daha geniş əməkdaşlığa dəvət edib. Daha sonra məzunlar, layihələrin onların həyatında oynadığı müsbət roldan danışıblar. Azərbaycan Dillər Universitetinin məzunu Leyla Vəliyeva “Gənc qızların təhsilinə dəstək” proqramının yalnız maddi deyil, mənəvi baxımdan da böyük dayaq olduğunu vurğulayıb, bu dəstəyin ona təhsil yolunda inam və motivasiya verdiyini bildirib. O, göstərilən etimadı doğrultmaq və cəmiyyətə faydalı bir fərd olmaq üçün səylə çalışacağını qeyd edib. Şəhid mayor Elşad Həsənovun həyat yoldaşı, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin məzunu Aksana Həsənova “Sən Tək Deyilsən” layihəsi çərçivəsində ona göstərilən təhsil dəstəyinin həm akademik, həm də mənəvi əhəmiyyətini vurğulayıb. O, şəhid ailələrinin təhsilinə göstərilən diqqət və qayğının onların gələcəyə və özünə inamını, cəmiyyətə inteqrasiyasını gücləndirdiyini qeyd edib. Sonda məzunlar mükafatlandrılıb və tədbir bədii hissə ilə yekunlaşıb.

Ətraflı
23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Dövlət xidmətində çalışan bütün əməkdaşları bu gün münasibətilə təbrik edir, dövlətçiliyimizin inkişafı sahəsində fəaliyyətlərində uğur diləyirik.

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailələrimizi tanıyaq" layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə  dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu  istiqamətdə təşviqat işini aparmaqdır.  "Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı İsmayıllı rayonundan olan Hüseynovlar ailəsidir Ailənin başçısı Cəbrayıl Hüseynov 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində sadə zəhmətkeş ailəsində anadan olub. 1965-ci ildə Yuxarı Cülyan kənd 8 illik məktəbini,1975-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib. 1976-1978-ci illərdə ordu sıralarında olub. 1978-ci ildə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 19 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində sıravi yanğınsöndürən kimi işə başlayıb. 1983-cü ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Ali Hərbi Yanğınsöndürmə Mühəndisləri İnstitutuna qəbul olunub. 1987-ci ildə daxili xidmət xüsusi rütbəsi ilə oranı bitirib Şəki şəhərinə Dövlət Yanğın Nəzarəti inspektoru vəzifəsinə təyin edilib. 1992-ci ildə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinə rəis müavini vəzifəsinə təyin edilib. Hərbi xidmət mayorudur. 2008-ci ildə 30 illik hərbi stajla təqaüdə göndərilib. 1988-ci ildən Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq vətənimizin bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır. Cəbrayıl Hüseynov gənc yaşlarından yaradıcılıqla məşğul olur. Poeziyaya 1981-cii ildə gəlib. Daima yerli və mərkəzi mətbuat orqanlarında şer və məqalələrlə çıxış edib. "Bu da dünya işığı" şeirlər kitabının müəllifidir. Bir neçə almanaxda şeirlərindən nümunələr verilib. Şeirlərindən özbək dilinə tərcümələr edilib. İkinci kitabı çapa hazırlanır. 2018-ci ildən "Qızıl qələm" media mükafatçısı,  2020-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həyat yoldaşı Rəhilə Hüseynova 1960-cı ildə Aşağı Cülyan kəndində anadan olub, orta təhsilidir, uzun illər  mağazada satıcı  işləyib. 40 ildir birgə ömür sürən bu ailənin 2 övladı, 2 nəvəsi var. Oğlu - Azər Hüseynov Gəncə Dövlət Universitetinin psixologiya fakültəsinin bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni ixtisas üzrə magistr pilləsi üzrə təhsil alıb. 2013- cü ilin fevral ayında  müsabiqə yolu ilə polis sıralarına qəbul olunub və təyinatla Qəbələ Rayon Polis şöbəsində xidmətə başlayıb. 2021-ci ilin yanvar ayından  Polis Akademiyasında şəxsi heyətlə iş  üzrə şöbədə  psixoloq  vəzifəsində işləyir, polis mayorudur. Doktoranturada təhsilini davam etdirir. Ailəlidir, bir övladı var. Həyat yoldaşı  Şəbnəm Hüseynova Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 230 nömrəli məktəbdə psixoloq işləyir. Qızı - Könül Hüseynova-Əşrəfova  İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin kompüter mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirib, hazırda Sumqayıt Dövlət Universitetinin kompyuter mühəndisliyi fakultəsində  qiyabi təhsil alır, IV kurs tələbəsidir.  İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzində  dərnək rəhbəridir.  Ailəlidir, bir övladı var. Bu dəyərli, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik: -       Xoşbəxt evliliyin sirri nədir?  Cəbrayıl Hüseynov: “Xoşbəxt evliliyin də, möhkəm ailənin də sirri səbrdir. Dözüm demirəm, səbr deyirəm. Şair necə gözəl deyib: Səbr elə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından. -       Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Rəhilə Hüseynova: Səbrlə, təmkinlə, problemi öz aramızda müzakirə etməklə. 40 ildir evliyik indiyədək bir sözümüzü anama, bacıma deməmişəm, yaxşımızı da özümüz bilmişik, pisimizi də.     -       Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Cəbrayıl Hüseynov: “Özümüz nümunə olmaqla. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, müharibə veteranıyam. O illərdə uşaqlar balaca idilər, hər dəfə cəbhədən gələndə hökmən uşaqlara gördüklərimdən, Vətən torpağının müqəddəsliyindən, onu canımızla qorumağa borclu olduğumuzdan danışardım. Birdə ki, Vətən sevgisi doğulduğun evdən, yaşadığın kənddən başlayır. Əgər uşaq balaca  vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək”.  - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Cəbrayıl Hüseynov və Rəhilə Hüseynova: “Uşaq valideynlərini böyük kimi görməli, bilməlidir, yeri gələndə isə valideyn uşaqla dost, yoldaş olmağı bacarmalıdır. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Cəbrayıl Hüseynov: “Nə mənim, nə Rəhilə xanımın lüğətində “kaş” sözü yoxdur, Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq”. -       Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Rəhilə Hüseynova: “Sevməyə tələsməsinlər, seçsinlər, bir-birlərini tanısınlar. Mahnıda deyildiyi kimi, öz yarılarını tapsınlar ki, tam, bütöv, iki canda bir ola bilsinlər, bir ömür birgə olub, yanaşı addımlaya bilsinlər. Cəbrayıl Hüseynov: “Evlilik məsələsində valideynlər tövsiyə etsinlər, amma yaxşı olar ki,  təkid etməsinlər, son söz gənclərin olsun. Allah bütün valideynlərə övlad toyu, nəvə sevinci qismət etsin. Nəvə çox şirin olur: Keçdim baharımdan, ötdüm yazımdan, İndi gövdəm üstə pöhrələrim var. Biri oğlumdandır, biri qızımdan, Çiçəyə oxşayan nəvələrim var.               Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Hüseynovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt ömür arzu edirik. 

Ətraflı