Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 283 müraciət daxil olub. Keçirilən 72 tədbirdən 2650 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3174 nəfər bəhrələnib.

2024-cü il ərzində 285 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 65 tədbirdən 1927 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2751 nəfər bəhrələnib.

Ünvan: Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 1, dalan 1.

Əlaqə nömrələri: (012) 454 95 52, (012) 454 89 60

Facebook linki: Şüvəlan UADM

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər keçirilib

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 avqust 2026-cı il tarixlərində uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib. Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə Mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan sakinlər iştirak ediblər. Tədbirlərdə Mərkəzlərin əməkdaşları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, uşaqların doğulanadək cins seçiminin (selektiv abort) qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs ediblər. Ekspertlər selektiv abortların fəsadlarından danışıblar. Qeyd edilib ki, təbii cinsi tarazlığın pozulması demoqrafik vəziyyətə, qadınların və gələcəkdə doğulacaq uşaqların sağlamlığına  ciddi təsir edir. Həmçinin iştirakçılara ailə planlaması və hamiləlikdən qorunmaq üsulları barədə tövsiyələr verilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.

Ətraflı
“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27-31 iyul 2026-cı il tarixlərində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə Mərkəz əməkdaşları və tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyətindən danışılıb, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilib.    Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Ətraflı
Paytaxt və regionlarda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması,  çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Ətraflı
15 May - Beynəlxalq Ailə Günü münasibətilə paytaxtda və regionlarda psixoloji təlimlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim proqramı keçirilir. Ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji  hazırlanması məqsədilə təşkil edilən təlimlərdə paytaxt və regionlardan 220 ailənin iştirakı nəzərdə tutulur. Təlimlər ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müasir dövrdə ailələrin qarşılaşdığı çətinliklərin effektiv idarə olunması mövzularını əhatə edir. Psixoloq-təlimçilər Əsli Zeynalabdinova və Aygün İsmayılova cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar. Vurğulanıb ki, ailənin davamlılığı təkcə maddi və hüquqi amillərdən deyil, hər iki tərəfin psixoloji yetkinliyindən və münasibətləri inkişaf etdirmə iradəsindən asılıdır. İştirakçılar təlim zamanı müxtəlif psixoloji testlər, situasiya oyunları və keyslər vasitəsilə fərdi münasibət formasını təhlil etmək imkanı əldə ediblər. Sonda iştirakçılara ailə daxilində emosional bağların gücləndirilməsi və konfliktlərin həllinə dair praktik tövsiyələrdən ibarət maarifləndirici materiallar, həmçinin hədiyyələr təqdim olunub. Qeyd edək ki, ailələrin maraqla qarşıladığı təlimlər Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad və Saatlıda keçirilib. Mayın 22-nə kimi daha 7 rayonda təşkili nəzərdə tutulur. 

Ətraflı
Bakı şəhəri və regionlarda internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici görüşlər keçirilib

16-20 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Tədbirlərdə ekspertlər təqdimatlar vasitəsilə internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. İnteraktiv şəkildə keçirilən tədbirlərdə “Mobil telefonlarda  valideyn  nəzarəti funksiyasından istifadə qaydası” adlı video çarx nümayiş etdirilib, “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial media fəaliyyətinə dair təlim keçirilib

21 yanvar 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) direktorları və əməkdaşlarının iştirakı ilə Mərkəzlərin sosial media səhifələrinin aktivliyinin artırılması və düzgün kontent strategiyasının qurulması mövzusunda təlim təşkil olunub. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli Mərkəzlərin fəaliyyətinin önəminə diqqət çəkərək, bu fəaliyyətin düzgün işıqlandırılmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən keçirilən təlim zamanı UADM-lərin sosial mediada rəsmi və vahid təmsilçiliyinin təmin edilməsi, paylaşım planlamasının düzgün qurulması, keyfiyyətli vizual və mətn kontentinin hazırlanması məsələləri ətraflı şəkildə izah edilib. Qeyd edilib ki, sosial media UADM-lərin fəaliyyəti barədə ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır və bu sahədə vahid yanaşmanın tətbiqi Mərkəzlərin fəaliyyətinin daha səmərəli təqdim olunmasına imkan yaradır. İnteraktiv formatda təşkil olunan təlim zamanı sosial media fəaliyyətində yol verilən nöqsanlar diqqətə çatdırılıb, mövcud problemlər təhlil olunub və onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə 25 iyun 2025-ci il tarixində “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı