Media
Xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşüb
Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 24 sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşü keçirilib. Bahar Muradova Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dost ölkələrlə əlaqələrini möhkəmləndirdiyini və bu münasibətlərin gələcəkdə daha geniş əməkdaşlığa yol açdığını bildirib. O həmçinin qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr gələcək əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Komitə sədri çıxışı zamanı Azərbaycan-Ermənistan münaqişəsinin sülh sazişi ilə başa çatdırılmasını diqqətə çatdıraraq, bu hadisəni yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Sülhün əldə olunmasının ölkəmizin daha geniş miqyaslı hədəflərə doğru irəliləməsinə imkan yaradacağını qeyd edib. Bahar Muradova Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də məlumat verib. O, qohum və erkən nikahlarla bağlı mənfi stereotiplərin aradan qaldırılması üçün hüquqi mexanizmlərin tətbiq edildiyini qeyd edib. Valideyn-övlad münasibətlərinin gücləndirilməsi, uşaqların təşəbbüslərinə dəstək göstərilməsi, qızların təhsili və qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə danışıb: “Əgər biz sağlam ailə və sağlam gələcəkdən danışırıqsa, qohum nikahlarına ciddi diqqət yetirməliyik. Bu istiqamətdə qanun qəbul edilib və artıq qüvvəyə minib. Həm valideynlərin, həm nikaha girənlərin, həm də bu prosesi təşviq edən qurumların məsuliyyəti qanunla müəyyən edilib.” - deyə o əlavə edib. Bahar Muradova, həmçinin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri haqqında məlumat verib. O bildirib ki, bu mərkəzlər icma əsaslı fəaliyyət göstərərək əhalinin bütün təbəqələrinə, xüsusilə də həssas qruplara – qadınlara və uşaqlara hüquqi maarifləndirmə xidməti göstərir, ailələrin sosial problemlərinin həllinə dəstək olur. BƏƏ Ailə naziri Sana Suhail isə bildirib ki, hər iki dövlət ortaq dəyərlərə və mədəniyyətə malikdir. Biz Azərbaycanı təbii tərəfdaş ölkə olaraq görürük və təcrübəsini öyrənməkdə maraqlıyıq: “Prioritetlərimiz arasında qadınların parlamentdə, sahibkarlıqda və təhsil sahəsində fəallığının artırılması, həmçinin ailə institutunda mövqeyinin gücləndirilməsi yer alır. Azərbaycanda bu sahədə həyata keçirilən qanunvericilik islahatları, xüsusilə də qohum nikahlarının qadağan edilməsi istiqamətində atılan addımlar diqqətimizi cəlb edir.” - deyə nazir bildirib. Nazir həmçinin Azərbaycanda Ailə və Uşaq Dəstək Mərkəzlərinin fəaliyyəti ilə maraqlandığını qeyd edib və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüş ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə davam edib.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
24 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması” təlimi ilə bağlı Azərbaycana səfər edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin şöbə müdiri Ömer Çokgörenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Aynur Sofiyeva Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti 3 gün ərzində keçiriləcək təlimin əhəmiyyətindən danışıb. O, çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasının, eyni zamanda bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.Ömer Çokgören Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, təlimin uğurla başa çatacağına inandığını qeyd edib.Görüşdə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndələri də iştirak edib.

Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə təlimə start verilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunan üçgünlük təlimin ilk günü başa çatıb. Təlimin əsas məqsədi çətin həyat şəraitində yaşayan uşaqlar və onların ailələri ilə işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda tədbir dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, sahə üzrə təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına şərait yaradır. Proqram çərçivəsində iştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olacaqlar. Onlar sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzuları da müzakirə edəcəklər. Təlim Türkiyədən dəvət olunmuş üç ekspert tərəfindən aparılır. Ümumilikdə müxtəlif peşə sahələrini təmsil edən 105 nəfər iştirakçı 3 qrup üzrə prosesə cəlb olunub. Onların sırasında pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların üzvləri, icra strukturlarının nümayəndələri, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri və sosial xidmət sahəsində birbaşa çalışan mütəxəssislər yer alır. Təlim “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na, həmçinin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq keçirilir və 25–26 sentyabr tarixlərində davam etdiriləcək.

Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə 23 sentyabr 2025-ci il tarixində növbəti “Açıq qapı” günü keçirilib.Tədbirdə psixoloq və sosial işçilər də iştirak ediblər. Səyyar formada təşkil olunan “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Goranboy rayonunun Nərimanlı, Hacıqabul rayonunun Padar, Qəbələ rayonunun Məmmədağalı, Saatlı rayonunun Seyidlər, Sabirabad rayonunun Axıska, Zaqatala rayonunun Çobankol, Zərdab rayonunun Gəlmə, Göygöl rayonunun Yeni Qızılca və İsmayıllı rayonunun Qurbanəfəndi kənd və qəsəbələrini əhatə edib. Tədbir çərçivəsində vətəndaşların UADM-lərin xidmətlərindən istifadə imkanları, mərkəzlərlə əməkdaşlıq,psixoloji konsultasiya,aliment məsələləri,müalicə və sosial müavinətlər,işlə təminat və özünüməşğulluq proqramları,təhsil imkanları,evdə (səyyar) sosial xidmətlərin təşkili mövzuları üzrə müraciətləri dinlənilib. Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub. “Açıq qapı” günü çərçivəsində ümumilikdə 90 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.

Bahar Muradova BMT-də Serbiya naziri Tatyana Makura ilə görüşüb
Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın Gender Bərabərliyi, Qadınlara qarşı Zorakılığın Qarşısının Alınması və Qadınların Gücləndirilməsi naziri Tatyana Makura ilə görüşüb. Bahar Muradova BMT-də gedən müzakirələrə toxunaraq onların qadınların və qızların gücləndirilməsi istiqamətində müxtəlif mövqe və baxışların ortaya qoyulması baxımından olduqca vacib olduğunu deyib. O bütün ölkələri birləşdirən dəyərin insanların həyatının yaxşılaşdırılması və xüsusilə sosial ölçüdə siyasət və təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.Həmçinin Azərbaycanla Serbiya aradında bu sahədə əməkdaşlığın günün tələbləri səviyyəsinə qaldırılmasına ehtiyac olduğunu vurğulayıb. Daha sonra çıxış edən serbiyalı nazir bu il paytaxt Belqradda qadınlar forumu keçirdiklərini deyərək gələn il tədbirin daha geniş miqyasda təşkil olunacağını vurğulayıb və Bahar Muradovanı tədbirə dəvət edib. Tatyana Makura həmçinin qadınların iqtisadi gücləndirilməsinin ölkəsinin prioritet istilamətlərindən olduğunu deyərək bu sahədə Azərbaycanın uğuru təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını dilə gətirib, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bahar Muradova qadınların iqtisadi və siyasi cəhətdən gücləndirilməsi yolu ilə həyatlarının və rifahlarının yaxşılaşdırılması ilə bağılı Serbiya tərəfinin fikirlərini yüksək dəyərləndirib və bu istiqamətdə birgə fəaliyyətin məqsədlərinin üst-üstə düşdüyünü vurgulayıb.

Ağdamda “Açıq qapı” günü keçirilib
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.9-cu bəndinin icrasına əsasən ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 23 sentyabr 2025-ci il tarixində rayonun Kəngərli və Sarıcalı kəndlərində “Açıq qapı” günü keçirilib. Psixoloq, sosial işçi, sosial pedaqoq və hüquqşünasın iştirakı ilə keçirilən “Açıq qapı” günündə psixoloji konsultasiya, sosial adaptasiya, sosial müavinətlər, işlə təmin olunma, bağça, ictimai iaşə müəssisələrinin açılması, məhkəmə qərarlarının icrası və digər məsələlər ilə bağlı müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilərək, onların psixo-sosial vəziyyəti və ehtiyacları qiymətləndirilib, həlli istiqamətində müvafiq dəstək göstərilib.

Bahar Muradova BMT-nin Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib. “Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusunda keçirilən iclasda üzv dövlətlərin məruzələri dinlənilib. Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək, bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb. O, bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq, Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib. Qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirildiyini, nikah yaşı ilə bağlı istisnaların ləğv edildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar təmin etməkdədir. Azərbaycanın qlobal təşəbbüslərə də mühüm töhfələr verdiyini vurğulayan B. Muradova cari ilin iyul ayında ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun keçirildiyini, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcəkdir.

Bahar Muradova BMT-də Türkiyənin təşkilatçılığı ilə yan tədbirdə çıxış edib
“Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib. Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaq ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai sabitliyin əsas dayağı olub. “Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət mərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib. O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlar barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb. Bahar Muradova bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların tətbiqi prizmasından yanaşır. O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik platforması kimi dəyərlidir. “Üç əsas istiqamətdə beynəlxalq əməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyin möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal miqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqların qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq – “ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı təcrübələrin mübadiləsi məsələsidir. Azərbaycan inanır ki, ailəyə göstərilən hər bir dəstək əslində bəşəriyyətə xidmətdir. Güclü ailələr güclü icmalar yaradır, güclü icmalar isə sabit dövlətlərə çevrilir və qlobal sabitlik üçün dayanıqlı zəmin formalaşdırır”,- deyə komitə sədri vurğulayıb. Tədbirdə Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və tərəfdaş ölkələrin təmsilçiləri çıxış ediblər. “Birlikdə daha güclüyük Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə Bahar Muradovanın çıxışı

“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində mərkəzlərin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yaşayan məcburi köçkün və qaçqınların iştirakı ilə vətənpərvərlik mövzusunda maarifləndirici görüşlər keçirilib. Dövlət Suverenliyi Günü ərəfəsində keçirilən görüşlərdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli” barədə ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, soydaşlarımızın doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda əhalinin yeni şəraitə uyğunlaşması zamanı yaranan çətinliklər və onların aradan qaldırılması, eləcə də əsas həyat bacarıqlarının möhkəmləndirilməsi istiqamətində zəruri tövsiyələr verilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi