Media
Xəbərlər

“Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə Anım Gününün beşinci ildönümü ərəfəsində “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib. Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib. Tədbir iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Forumun işinə uğurlar arzulayıb. Azərbaycan torpaqlarının müdafiəsinə, onun işğaldan azad olmasına, haqqı pozulmuş soydaşlarımızın hüquqlarının bərpasına çağırışın səsləndiyi 27 sentyabr tarixinə bir neçə gün qaldığını vurğulayan B.Muradova, son 5 il ərzində dünya miqyasında Azərbaycanın inkişafına təkan verən layihələrin reallaşdırıldığını dilə gətirib. Bahar Muradova qeyd edib ki, son illərdə dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və müharibələr bəşəriyyətin inkişafına ciddi maneələr yaratsa da, bu mənzərə fonunda müsbət nəticə əldə etmiş yeganə nümunə məhz Azərbaycan olub. Onun sözlərinə görə, xalqın birliyi, dövlətin əzmi və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində uzun illər bölgədə sabitliyə və inkişafa mane olan Qarabağ münaqişəsi və onun ağır nəticələri aradan qaldırılıb. Sədr vurğulayıb ki, Azərbaycan bu tarixi addımı ilə dünya ölkələrinə və xalqlarına münaqişə və müharibə şəraitində belə əzmlə, qətiyyətlə özünü müdafiə etməyin, ədaləti və hüququ bərpa etməyin mümkün olduğunu nümayiş etdirdi. Bu uğur təkcə dövlət üçün deyil, eyni zamanda hər bir azərbaycanlı üçün qürur və mənbəyidir. O qeyd edib ki, bir neçə aydan sonra yaranmasının 5 illiyini qeyd edəcək Qarabağ Dirçəliş Fondu əldə olunmuş qələbənin möhkəmləndirilməsi, bu qələbəni təmin etmiş insanların problemlərinin həlli və ümumilikdə Qarabağa sülh, əmin-amanlıq və dirçəliş gətirmək istiqamətində layihələrin icrası ilə məşğuldur. Fondun birləşdirici gücünün bütün tərəflər arasında əməkdaşlıq yaratmaq imkanları, həm ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə, həm də ölkə daxilində dövlət strukturları, vətəndaş cəmiyyəti, iş adamları və maliyyə mənbələri ilə qurduğu münasibətlər qarşıya qoyulan hədəflərə uyğun şəkildə böyük nəticələr əldə etməyə imkan yaratdığını qeyd edən sədr, bu sinerjinin Qarabağın dirçəlişini təkcə Azərbaycanın deyil, həm də regionun çiçəklənməsi və rifahı üçün mühüm amilə çevirdiyini əlavə edib. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bütün parametrlər üzrə Qarabağın və ümumilikdə ölkənin bərpasına xidmət edir. Bu prosesdə dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti üzərinə böyük məsuliyyət düşür. Bahar Muradovanın əlavə edib ki, hər kəs öz yerini düzgün müəyyən etməli, resurslarını və imkanlarını bu ümummilli məqsədə yönəltməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyini vurğulayan Bahar Muradova bildirib ki, Komitə bu sahədə görülən işin sosial ölçüləri - insan kapitalı ilə məşğuldur. Komitə doğma yurdlarına qayıdan vətəndaşların yeni şəraitə adaptasiyası və yeni vərdişlərin formalaşdırılması, həmçinin onların hüquqlarının qorunması ilə yanaşı bu prosesdə iştirakının və inklüzivliyinin təmin olunması ilə bağlı məqsədyönlü layihələr reallaşdırır. Bahar Muradova qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə də nümunəvi təcrübə formalaşdıraraq bu sahədə dünyaya örnək bir model təqdim edir. Bu gün müharibə şəraitində olan ölkələr münaqişədən çıxış yollarını öyrəndikləri kimi, müharibədən sonrakı dövrdə fəaliyyətin təşkili baxımından da Azərbaycanın təcrübəsindən faydalana bilərlər. “Belə bir ölkənin vətəndaşı olmaq, bu ölkədə yaşamaq və Azərbaycanın timsalında insanlığa xidmət göstərmək bizim nəsibimə düşən böyük xoşbəxtlikdir” – deyə Bahar Muradova əlavə edib. Bahar Muradova həmçinin vurğulayıb ki, bu uğurların mənbəyində dayanan əsas resursumuzu – torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanları daim böyük hörmət və ehtiramla yad etməli, onların ailələrinə, diqqət və qayğı ilə yanaşmalıyıq. Komitə sədri Forum çərçivəsində aparılan müzakirələrin gələcəkdə konkret layihələrə çevriləcəyinə və ümumi dirçəliş prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib. Panel müzakirələri ilə davam edən tədbirin sonunda Qarabağ Dirçəliş Fondu tərəfindən Fondun fəaliyyətinə verdiyi dəstəyə görə Dövlət Komitəsinin sədri Bahar Muradovaya kristal plaket təqdim edilib. Qeyd edək ki, tədbirin məqsədi şəhidlərimizin müqəddəs xatirəsini yad etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini müzakirə etmək, Qarabağın dirçəlişi və Azərbaycanın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrlə bağlı fikir mübadiləsi aparmaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq psixoloq, sosial işçi, sosial pedaqoq və hüquqşünasın iştirakı ilə Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü 23 sentyabr 2025-ci il tarixində, saat 11:00-16:00-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.9-cu bəndinin icrasına əsasən ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə təşkil olunacaq. Qeyd edək ki, “Açıq qapı” günü, həmçinin 23 sentyabr 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan digər Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən də keçiriləcək. Ünvan və telefonlar
Bahar Muradova Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 12 sentyabr 2025-ci il tarixində Şamaxı rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbula gələn Şamaxı və Qobustan rayon sakinləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təmin olunma və digər məsələlərə dair müraciət ediblər. Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bahar Muradova AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb
11 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək, vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-in Beyin Mərkəzləri Forumununilk dəfə olaraq Çindən kənardaməhz Azərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb. O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyi siyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə, Çin və Avropanı birləşdirən dəhlizlərin qovşağında yerləşən ölkəmizin ölkələr və xalqlar arasında sülh, təhlükəsizlik və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Dialoq üçün platforma olan AQEM-in artıq beynəlxalq təşkilata çevrilməkdə olduğunu, yenidən təsisatlanma və inkişaf dövrünü yaşadığını bildirib. Təşkilatın gələcək fəaliyyətində ailə institutunun əhəmiyyətinin və qadınların gücləndirilməsi məsələlərinin əsas xətt olacağını bidirən sədr, bu yanaşmanın təşkilata üzv ölkələr arasında həmrəyliyə və cəmiyyətlərin inkişafına mühüm töhfə verəcəyinə inandığını diqqətə çatdırıb. Kayrat Sarıbay AQEM-in mövcudluğu dövründə həyata keçirdiyi fəaliyyətlərə toxunaraq qeyd edib ki, təşkilat ötən müddət ərzində üzv dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması, təsisatlanma prosesinin gücləndirilməsi, eləcə də dialoqun təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Baş katib Azərbaycanın AQEM-dəki fəal rolunu və sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək, təşkilatın inkişafı və beynəlxalq səviyyədə daha səmərəli fəaliyyət göstərməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib. Tərəflər yaxın gələcəkdə AQEM çərçivəsində birgə tədbirlərin təşkili və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.

Regionlarda tədris ili öncəsi valideynlərlə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, məktəbyaşlı uşaqların təhsilinə və inkişafına daha dəstək göstərmələrini təşviq etmək məqsədilə 1-10 sentyabr 2025-ci il tarixlərində, qəsəbə və kənd yerlərində (Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul) valideynlər üçün maarifləndirici görüşlər keçirilib. Çıxış edənlər valideynlərin uşaqlara diqqət və qayğı ilə yanaşmasının onların təlim müvəffəqiyyətinə və emosional inkişafına mühüm təsir göstərdiyini bildiriblər. Görüşlərdə həmçinin qeyd olunub ki, valideyn və məktəbin qarşılıqlı əməkdaşlığı uşaqlarda sağlam münasibətlər qurmaq və uğurlu təhsil təcrübəsi qazanmaq imkanı yaradır. Uşaqların yalnız akademik qiymətləri deyil, göstərdikləri səylər də dəyərləndirilməlidir. Müsbət təşviq və emosional dəstək, uşaqların özünəinamını və məktəbə marağını artırır. Sonda valideynlərin sualları cavablandırılıb, maarifləndirici video-çarx nümayiş olunub, bukletlər paylanılıb.

Şamaxıda vətəndaşların qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 12 sentyabr 2025-ci il tarixində, saat 11:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbulda Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Aliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır. Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb. Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq. Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb. Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

“Hüquqlarınla parla!” adlı maarifləndirmə layihəsi uğurla yekunlaşdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumların tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə layihə çərçivəsində 11 avqust 2025-ci il tarixində başlayan təlimlər 11-17 yaşarası məktəblilərin hüquqi biliklərinin artırılması və maarifləndirilməsi məqsədini daşıyır. Dövlət Komitəsi ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Sosial Xidmətlər Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dəstək olunan layihədə, ümumilikdə 300-ə yaxın uşaq iştirak edib. Bu günə qədər təlimlər Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan şəhəri, Masallı, Goranboy, Yevlax, Salyan, Saatlı, Sabirabad, İsmayıllı, Şamaxı rayonunda yaşayan uşaqları əhatə edib. Uşaq hüquqları, uşaqların zərərli informasiyadan qorunması, onlara qarşı zorakılığın mənfi nəticələri, erkən evliliyin fəsadları, fiziki inkişafın təbliği, zərərli vərdişlərdən müdafiə və digər aktual sahələri əhatə edən təlimlərdə Daxili İşlər, Səhiyyə nazirlikləri, Ombudsman Aparatı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təlimçiləri iştirak edib.
Dövlət Komitəsində ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilib
28 avqust 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının (CLDP) hüquq müşaviri Jokelin A.Steiner, beynəlxalq proqram üzrə mütəxəssis Anastasiya Futrell və Aleksa Blak ilə görüşüb. Görüşdə qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi bacarıqlarının artırılması və onların biznes mühitində daha geniş iştirakının təmin olunması istiqamətində ikitərəfli müzakirələr aparılıb. Qonaqları salamlayan S. Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınların hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Məclisdə hər il gender bərabərliyi ilə bağlı qanunvericiliyin icrasına dair hesabat təqdim olunur, geniş müzakirələr keçirilir və aidiyyəti qurumlara tövsiyələr verilir. Bu tövsiyələr növbəti illərdə mövcud boşluqların aradan qaldırılmasına və daha səmərəli nəticələrin əldə edilməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, mövcud qanunvericilik qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində iştirakına əlverişli imkanlar yaradır, bu istiqamətdə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Layihələrin əsas məqsədi qadınların biznes bacarıqlarının inkişafı, sahibkarlığa fəal şəkildə cəlb edilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və regionlarda qadınların iqtisadi fəallığının artırılmasıdır. CLDP-nin nümayəndəsi Jokelin A. Steiner isə ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin qadın sahibkarlığı üçün yeni imkanlar yaradacağını qeyd edib. O, sərmayə və əməkdaşlıq proqramlarının artırılması, uyğun biznes sahələrinə investisiyaların yönəldilməsi, təchizat zənciri və logistika kimi korporativ biznes sahələrində qadınların təmsilçiliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət çəkib. Jokelin A. Steiner gələcək layihələrdə qadın sahibkarların potensialının daha geniş qiymətləndirilməsi, innovativ biznes ideyalarının dəstəklənməsi, eləcə də təhsil, texnologiya və maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün birgə proqramların həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi