Media
Xəbərlər

Regionlarda 4 gün davam edən maarifləndirici tədbirlərə 100-ə yaxın sakin cəlb edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Goranboy, Qəbələ, İsmayıllı, Zaqatala, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə bölgələrdə maarifləndirici görüş və seminarlar təşkil olunub. Bələdiyyə və rayon icra nümayəndələri, eləcə də gənc ailələrin iştirakı ilə keçirilən görüşlər zamanı ekspertlər reproduktiv sağlamlığın qorunması, ailə planlaşdırılmasının əhəmiyyəti və ailədaxili münasibətlərin düzgün qurulması barədə ətraflı məlumat veriblər. Həmçinin qohum və erkən evliliklərin, eləcə də genderəsaslı cins seçiminin (selektiv abortların) mənfi nəticələri müzakirə olunub, gender bərabərliyinin təşviqinin vacibliyi xüsusi vurğulanıb.

"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Əhmədovlar ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı Zaqatala rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Əhmədovlar ailəsidir. Təhsil sahəsindəki zəngin fəaliyyəti, ailə dəyərlərinə sadiqliyi və övladlarının uğurlu gələcəyi naminə göstərdikləri səyləri ilə nümunəvi ailələr sırasında xüsusi yer tutan Əhmədovlar ailəsi, illərdir birlikdə qurduqları sağlam və möhkəm, inkişafa və təhsilə daim önəm verən ailə modeli ilə gənc nəsillərə örnəkdir. 42 ildir birgə ömür sürən Cərullah Əhmədov və Fatma Əhmədovanın nikahlarından 4 övladı və 9 nəvəsi var. Təxminən 40 illik pedaqoji fəaliyyəti olan Cərullah Əhmədov 24 il müəllim, 15 il isə məktəb direktoru kimi çalışıb. Fatma Əhmədova isə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərib. Övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına xüsusi diqqət yetirən Əhmədovlar ailəsinin övladları bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və qazandıqları bilik və təcrübə ilə cəmiyyətin inkişafına töhfə verirlər. Ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Əhmədovlar ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün həyat dərsi, örnək və ilham mənbəyidir. Cərullah Əhmədov: “Gənclərə məsləhətimiz budur ki, ailə həyatını sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qursunlar. Çətinliklər qarşısında bir-birilərinə dəstək olsunlar və problemləri sakit, anlaşma yolu ilə həll etməyə çalışsınlar. Ehtiyac olduqda isə böyüklərin və mütəxəssislərin məsləhətlərindən faydalanmaqdan çəkinməsinlər.” Fatma Əhmədova: “Vətənə və dövlətə sevgi ilk növbədə ailədən başlayır. Əgər insan ailəsində hörmət və dəyər görürsə, o, öz vətəninə və dövlətinə də sevgi ilə yanaşacaq.”

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Şəmkir rayonuna təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13-15 avqust 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şəmkir rayonuna növbəti səfər təşkil olunub. Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Çinarlı, Kür qəsəbələri, Yeni həyat, Şiştəpə və Düyərli kəndlərində, 165 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, təlimçi Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlar verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, eləcə də “Uşaqları zərərli informasiyadan qoruyaq! adlı məlumat kitabçası, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurmuşdur. Xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bildiririk ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır. Qeyd etmək istərdik ki: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir. 1992-ci ildən Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır. Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edir: Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın; Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin; Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin; Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun; Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir. Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!

“Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur
Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə kitab oxumaq və mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur. Ətraflı məlumat: https://drive.google.com/file/d/13iezKh8JAIT6eapkHhk0KsUYuDo9SYrY/view?fbclid=IwY2xjawMP64VleHRuA2FlbQIxMABicmlkETFXRElrdDc3RW5tMjJXSDc2AR7jgcn9O93QPj7IUVRXC7uEjA8DrpSvvQ5M1M64I9X_t7EhyNPlfrIKZ9cYuA_aem_cAqy8y_jFKlz6CgLJbGH8A
Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vuran gənclərlə görüşüb
15 avqust 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vuran gənclərlə görüşüb. Görüş iştirakçılarını salamlayan Aynur Sofiyeva gənclərin Dövlət Komitəsinə verdikləri töhfəni yüksək qiymətləndirərək, onların təşəbbüskarlığını və fəallığını təqdir etdiyini söyləyib, göstərdikləri səylərə görə könüllülərə təşəkkürünü ifadə edib. O bildirib ki, gənclərin könüllü fəaliyyət göstərməsi həm cəmiyyət, həm də onların şəxsi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətin gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşması üçün yaratdığı geniş imkanları xüsusi vurğulayan sədr müavini, gənclərə öz potensiallarını daim artırmağı, verilən imkanlardan səmərəli istifadə edərək fəal vətəndaş mövqeyi sərgiləməyi tövsiyə edib. Daha sonra könüllülər təqdimatla çıxış edərək, fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Onlar bilik və bacarıqlarının formalaşmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər. Yekunda könüllülük fəaliyyətini başa vuran gənclər sertifikatla təltif olunub.

Uşaq və Ailələrə Dəstək Mərkəzlərində vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir. Baş mühasib – Şüvəlan UADM, Saatlı UADM, Qəbələ UADM, Göygöl UADM, Ağdam UADM. · Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil, peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) tələb olunur. · Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 15 sentyabr 2025-ci il tarixinə qədər region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir. Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu Beyləqanda
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-8 avqust 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Beyləqan rayonuna növbəti səfər təşkil olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yuxarı Kəbirli, Birinci Şahsevən, Dünyamalılar, Əlinəzərli və Kəbirli kəndlərində yaşayan ümumilikdə 130 uşaq üçün “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında maarifləndirici təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlar verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.

Yeni doğulmuş uşağı olan aztəminatlı ailələrlə maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, İsmayıllı, Saatlı, Sabirabad, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 04-08 avqust 2025-ci il tarixində 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində rayon ərazisində yeni doğulmuş uşağı olan aztəminatlı ailələrlə məsləhət xarakterli, maarifləndirici görüşlər keçirilib, ailələrə sosial dəstək göstərilib. Eyni zamanda maarifləndirici materiallar paylanılıb. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınların ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırılması, körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin maarifləndirilməsidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi