Media
Xəbərlər

Bakıda və regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 04-08 avqust 2025-ci il tarixlərində Bakıda və regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı valideynlər üçün maarifləndirici görüşlər, uşaqlar üçün isə interaktiv tədbirlər keçirilib. Uşaqların iştirakı ilə keçirilən tədbirlərin əsas məqsədi yay tətilinin mənalı, faydalı və yaddaqalan keçirmələri, onların psixoemosional inkişafının və sosial bacarıqlarının möhkəmləndirilməsidir. Proqram çərçivəsində uşaqlar fərdi və komanda halında keçirilən müxtəlif növ əyləncəli və intellektual oyunlarda fəal iştirak edib, psixoloji tapşırıqlar əsasında özlərini psixoemosional baxımdan ifadə edib, keçirilən debatlar zamanı diskussiya etmək bacarıqlarını nümayiş etdiriblər. Valideynlərlə keçirilən maarifləndirici görüşlərdə UADM əməkdaşları Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” adlı analitik hesabat əsasında çıxış edərək, asudə vaxtın səmərəli təşkilinin hər yaş dövründə əhəmiyyətli olduğunu, şəxsiyyətin inkişafında özünəməxsus rol oynadığını vurğulayıblar. Görüşlərdə valideynlərin sualları cavablandırılıb, bukletlər paylanılıb.

Uşaq Səfirlər Məclisinə üzvlük üçün müsabiqə elan olunur!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi müstəqil özünü ifadəetmə bacarığına, ictimai fəallığına, liderlik keyfiyyətinə və idarəetmə mədəniyyətinə malik 14-16 yaş qruplarından olan uşaqları müsabiqədə iştiraka dəvət edir. Seçimlərdə iştirak etmək arzusunda olan namizədlər: 📅1 sentyabr 2025-ci il tarixinədək 📧usmmusahibe@gmail.com ünvanına müraciət məktublarını (özü və fəaliyyəti ilə bağlı məlumat (CV), eləcə də, “özünü təqdim et” mövzusunda 3-dəqiqəlik video çəkilişi əlavə etməklə) göndərə bilər. Qeydiyyat nəticələri uğurlu olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq. ℹ️ Son qeydiyyat tarixi: 1 sentyabr 2025-cü il, 21:00

“Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edilir
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edir. Müsabiqənin məqsədi cəmiyyətimizdə uğur qazanmış qadınların uğur hekayələrini işıqlandırmaqla onları geniş auditoriyaya tanıtmaq, gənc qızlar üçün ilhamverici nümunələr təqdim etmək, qadınların cəmiyyətin inkişafındakı rolunu önə çəkmək və bu istiqamətdə maarifləndirici, motivasiyaedici məlumatları cəmiyyətə çatdırmaq, ictimai rəyi formalaşdırmaqdır. Müsabiqənin şərtləri: Müsabiqəyə 08 avqust – 08 sentyabr 2025-ci il tarixlərində yayımlanan video materiallar qəbul ediləcəkdir. Süjetin müddəti 3 dəqiqə arası olmalıdır. Video material azərbaycan və ya rus dillərində təqdim edilə bilər. Müsabiqə çərçivəsində cəmiyyətin və dövlətin inkişafına töhfələr verən, Vətən müharibəsi zaman fədakarlıqları ilə fərqlənən, uğurları ilə dünyaya səs salan azərbaycanlı qadınlar, eləcə də elm və təhsildə nailiyyətləri olan, qeyri-ənənəvi sahələrdə çalışan və innovativ yeniliklərə imza atan qadınlar haqqında süjetlər hazırlanmalıdır. Cari il ərzində hazırlanmış video materiallar müsabiqəyə təqdim edilə bilər. Video materialın linki əlavə edilməklə aşağıdakı e-poçt ünvanına göndərilməlidir:📩 informasiya.aqupdk@family.gov.az Müsabiqədə iştirak etmək istəyən media nümayəndələri süjetləri "Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr" adlı müsabiqəyə təqdim olunur" başlığı ilə 08 sentyabr 2025-ci il tarixinədək göndərməlidirlər. Tələb olunan məlumatlar: Namizədin ad və soyadı Namizədin işlədiyi media subyektinin adı Namizədin əlaqə nömrəsi Qiymətləndirmə və mükafatlandırma: Müsabiqəyə təqdim olunan materiallar arasından ən uğurlu 3 süjet Müsabiqə Komitəsi tərəfindən seçiləcək və Milli Mətbuat Gününün 150 illiyinə həsr olunmuş tədbirdə elan ediləcəkdir. Qiymətləndirmə meyarları: Mövzunun dolğun əhatə olunması İfadə vasitələrinin zənginliyi Cəmiyyətə nümunəvi və pozitiv mesajın ötürülməsi Mövzuya fərqli və yaradıcı yanaşma Beynəlxalq və yerli statistik məlumatların istifadəsi 🎁 Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır. Əlavə məlumat üçün əlaqə: 📞 Telefon: (+994 12) 498 80 93📱 Mobil: (+994 51) 230 45 76📩 E-mail: informasiya.aqupdk@family.gov.az

“Keys-menecment” mövzusunda təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şüvəlan, İsmayıllı, Qəbələ, Zaqatala, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) “Keys-menecment” mövzusunda təlimlər keçirilib. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli və Şüvəlan UADM-in sosial iş üzrə mütəxəssisi Nasir Hüseynov tərəfindən keçirilən təlimin əsas məqsədi Mərkəz əməkdaşlarının sosial işin aparılması istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumlara təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumların hüquq və azadlıqlarının təmin olunması, onların gələcəkdə sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində təlim keçirilib. “Özünütanıma – düşüncə və yanaşma” devizi altında təşkil olunmuş təlimin əsas məqsədi yetkinlik yaşına çatmayan məhkumların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşlərinin və biliklərinin artırılması, eyni zamanda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işinin həyata keçirilməsi olub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, müəssisədə saxlanılan uşaqların maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, keçirilən təlimlərin onların şəxsi inkişafında mühüm rol oynayacağını bildirib. Daha sonra “Azerbaijan Mentors Academy” şirkətinin təsisçisi, təlimçi Cavidan Səfərli tərəfindən mövzuya uyğun olaraq yeniyetmələr üçün təqdimat edilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsini tanıyaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bugünkü qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu gün 60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsidir. Əsədulla Pənahov 1937-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya-biologiya fakültəsində ali təhsil alıb. Diyallı kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 44 il bu məktəbdə müəllim və direktor müavini işləyib. Təkcə işlədiyi məktəbdə, rayonda deyil, bütün respublikada işini kamil bilən, daim öz üzərində çalışan və nümunə göstəriləcək müəllim kimi tanınıb, “Metodist müəllim” adına, “Maarif əlaçısı” döş nişanına layiq görülüb. Əsədulla müəllim 60 il əvvəl, 1 avqust 1965-ci ildə Zenfira xanımla ailə həyatı qurub. ZenfiraPənahova 1948-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub. Orta təhsillidir. 30 ildən çox Diyallı kəndində S.Vurğun adına kolxozda işləyib. Ailənin 5 övladı – 3 oğul, 2 qız övladı, 15 nəvəsi, 9 nəticəsi var. Pənahovların övladları, həmçinin 15 nəvəsindən 11-i ali təhsillidir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? Əsədulla müəllim: -Xoşbəxt evliliyin sirri bir-birini başa düşməkdədir. Zenfira xanım: - Gərək bir-birini başa düşəsən, danışmasa belə baxışından onu anlayasan. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əsədulla müəllim: -Səbrlə, təmkinlə. Mən həmişə güzəştə getməyi, bağışlamağı bacarmışam, Allah bağışlayandırsa biz niyə bağışlamayaq. Ailəmizdə heç vaxt münaqişə olmayıb, kiçik anlaşılmazlıqlar olub, onu da özümüz sakitcə, uşaqlara hiss etdirmədən öz aramızda söhbətlə, müzakirə ilə aradan qaldırmışıq. Uşaqlarımız ailəni belə görüb, bu ruhda böyüyüblər. Ona görə də bu gün övladlarımızın ailəsində də mehribançılıqdır. Zenfira xanım: -Valideyn olandan sonra insanın məsuliyyəti qat-qat artır, ata-ana təkcə valideyn yox, həm də övladının örnək, nümunə götürəcəyi şəxsiyyət olur. Bu mənada təkcə yaxşı valideyn yox, nümunəvi şəxs də olmağa borclusan və deyəsən, biz bunu bacarmışıq. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Əsədulla müəllim: -Özümüz nümunə olmaqla. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək. Mənim övladlarım ağılları söz kəsəndən görüblər ki, ataları layiqli vətəndaşlar yetişdirə bilmək üçün necə səbrlə, əzmlə çalışır, bu, ən böyük həyat, Vətən sevgisi dərsidir. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? -Uşaqlarımızın körpə yaşlarından qəlbini ələ almışıq, aramızda heç zaman səhvə yol verilməsinə imkan olmayan qəlb bağlantısı olub. Və bunun sayəsində uşaqlara həm valideyn olmuşuq, həm də ən yaxın dost. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. -Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq. Ailə kimi ailə olmuşuq, uşaqlarımız da başqa bir ailəni yox, məhz içində böyüdükləri ailəni özlərinə nümunə götürüblər. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -Ailə quranda tələsməsinlər – seçsinlər, bir-birlərini tanısınlar, sevsinlər. Yəni sevməyə də tələsməsinlər – sevginin gözü kor olur, deyərlər. Ən əsası öz taylarını tapsınlar, ataların bir gözəl sözü var, deyir, “taylı tayını tapmasa günü ah-vayla keçər”. Bacarıb öz taylarını tapsınlar – düşüncə, təhsil, yaşam tərzi və sair baxımından. Bu gün boşanmaların artmasının başlıca səbəbi bax elə düşüncə fərqliliyindədir. Düşüncələr ən azından oxşar olmalıdır ki, ailə də tam ola bilsin. Bizim kimi, nəvə-nəticələrin əhatəsində, ötənlərin xoş xatirələri ilə evliliklərinin hər ildönümünə, elə ömrün hər gününə ürəkdən “xoş gəldin” deyib, şükür edə bilsinlər. Hörmətli Pənahovlar ailəsinə dəyərli fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Bahar Muradova Qusarda vətəndaşların müraciətlərini dinləyib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 avqust 2025-ci il tarixində Qusar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər. Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub. Tədbirdə Lətifə Əliyevanın zəngin həyat və fəaliyyət yoluna nəzər salınıb, peşəkar rəhbər kimi səmərəli fəaliyyəti vurğulanıb. Qeyd edilib ki, on ildən artıq müddətdə Mərkəzə rəhbərlik edən L. Əliyeva ailə dəyərlərinin təbliği, qadın və uşaqların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Yekunda Mərkəzin direktoruna faydalı və uğurlu fəaliyyətinə görə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi