Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşüb

31 iyul 2025-ci il tarixində ali məktəblərə qəbul olunmaları ilə əlaqədar Uşaq Səfirlər Məclisindəki fəaliyyətlərini başa vuran səfirlərlə görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gəncləri təbrik edərək onların həyatlarının növbəti mərhələsində – ali təhsil dövründə də uğurlar qazanacaqlarına inandığını bildirib. O, məktəb və ailə mühiti ilə kifayətlənməyən bu gənclərin daha geniş miqyasda ictimai-sosial həyata qoşularaq, həmyaşıdlarının inkişafı üçün əhəmiyyətli fəaliyyət göstərdiklərini qeyd edib.  B.Muradova Uşaq Səfirlər Məclisinin üzvlərinin uşaq hüquqlarının qorunması və təminatı ilə bağlı proseslərdə fəal iştirak etdiyini, dünyanı uşaqlar üçün daha yaşanılan bir cəmiyyətə çevirmək işinə töhfə verdiklərini vurğulayıb. Komitə sədri bildirib ki, bu gün uşaqlar üçün bərabər imkanların mövcud olduğu, müstəqil və güclü Azərbaycan dövləti, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uşaqların rifahı üçün yaxşı bir cəmiyyət formalaşdırılması nümunəsini yaradır və dünyaya sülh və ədalət çağırışları ünvanlayır. B.Muradova Uşaq Səfirlər Məclisinin uşaq iştirakçılığının genişləndirilməsi baxımından Komitə üçün mühüm layihə olduğunu və bu layihənin uğurla həyata keçirilməsində iştirak edən hər bir gəncin əməyi ilə qürur duyduğunu deyib. O, bu layihə çərçivəsində göstərilən fəaliyyəti yüksək qiymətləndirib, səfirlərin nüfuzlu ali məktəblərə, o cümlədən xarici universitetlərə qəbul olunmalarını böyük nailiyyət adlandırıb. Xüsusilə qeyd edib ki, səfirlərin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında təhsil almaq hüququ qazanmaları onların üstün bacarıqlara sahib olduqlarının göstəricisidir. Gənclərin uğurlarında valideynlərin və müəllimlərin mühüm rolunu vurğulayan Komitə sədri, onlara daim diqqət göstərməyin vacibliyini qeyd edib. Çıxışının sonunda B.Muradova, bu gənclərin gələcəkdə də uşaqların hüquqlarının müdafiəsi prosesində fəal iştirak edə biləcəklərini, yeni səfirlər üçün mentor rolunu oynamaqla bu təşəbbüsün daha geniş yayılmasına töhfə verə biləcəklərini bildirib. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, həyata keçirilən layihə öz uğurlarını artıq nümayiş etdirir və bu uğurun əsas səbəbi məhz Uşaq Səfirlər Məclisinin üzvlərinin fəaliyyəti ilə bağlıdır. O qeyd edib ki, səfirlər öz üzərində çalışmaqla, yalnız fərdi inkişaf yox, eyni zamanda cəmiyyətə töhfə vermək bacarıqları ilə layihənin ölkədə tanınması və uğur qazanması istiqamətində mühüm iş görüblər. Aynur Sofiyeva, xarici universitetlərə qəbul olunan gənclərin orada əldə edəcəkləri bilik və bacarıqların, gələcəkdə ölkənin insan kapitalının formalaşmasında mühüm rol oynayacağına inamını ifadə edib. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, səfirləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və nailiyyətlərinin davamlı olacağına inandığını bildirib. Vətəndaşlıq məsuliyyəti və ictimai fəallığın önəmini vurğulayan S.Qəhrəmanova Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ölkənin əldə etdiyi nailiyyətlərin tanıdılması və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini qeyd edərək, səfirlərin bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Ali məktəbə qəbul olmaqları ilə bağlı  məclisdə fəaliyyəti başa çatmış səfirlər çıxış edərək göstərilən etimada və yaradılan imkanlara görə Dövlət Komitəsinə təşəkkür ediblər. Onlar Uşaq Səfirlər Məclisində iştirakın həyatlarında mühüm mərhələ olduğunu qeyd edərək bildiriblər ki, bu platforma təkcə bilik və bacarıqların inkişaf etdirilməsi üçün deyil, həm də şəxsiyyət kimi formalaşmaq, öz fikrini sərbəst ifadə etmək, ictimai məsələlərə münasibət bildirmək və qərar qəbuletmə proseslərində iştirak etməyi öyrənmək baxımından onlar üçün dəyərli təcrübə olub. Gənc səfirlər vurğulayıblar ki, Məclis onlara həm komandada işləməyi, həm liderlik bacarıqlarını formalaşdırmağı, həm də müxtəlif mövzular üzrə tədqiqat aparmağı və çıxış etməyi öyrədib. Onlar burada qazandıqları təcrübə və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına inamını ifadə ediblər. Yekunda Komitə sədri ali məktəblərə qəbul münasibətiləsəfirləri bir daha ürəkdən təbrik edib,  gələcəkdə də fəal vətəndaş mövqeyi sərgiləməyi və öz potensiallarını daim artırmağı tövsiyə edib. Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Növbəti könüllü qəbulu elan edilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir. Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir. “Ailəm könüllüləri” proqramında: − 16-29 yaşlı; − Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);− İntizamlı;− Təşkilatçılıq bacarığı olan;− Kollektivdə işləmək bacarığına sahib;− Operativ;− Kompüter və xarici dil bilikləri olan;− Təşəbbüskar gənclər iştirak edə bilər. Proqram həftədə 3 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.  Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək. Müraciət üçün son tarix: 11 avqust 2025-ci il. Qeydiyyat linki  Əlaqə: +99451 230 45 78 E-poçt: scfwcavolunteers@gmail.com “Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar

Ətraflı
Regionlarda valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 21-25 iyul 2025-ci il tarixlərində mərkəzlərdə və təhsil müəssisələrində mərkəzlərin əməkdaşları, məktəb psixoloqları və valideynlərin iştirakı ilə valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib. Təlimlərdə ekspertlər çıxış edərək valideynlik bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. Təlimlərin gedişatında psixoloji tapşırıqlardan istifadə edilib, video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
Ağstafada “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir keçirilib

25 iyul 2025-ci il tarixində “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb: "Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışıb. Bildirib ki, müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Tədbirin sonunda mədəniyyət və incəsənət nümayəndələrinin, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Ətraflı
Qusarda vətəndaşların qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 avqust 2025-ci il tarixində, saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq

Ətraflı
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib.  Mükafatlandırma mərasimində açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. Qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edən B.Muradova əlavə edib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir: “Düşünürəm ki, biz texnologiyanın sürətlə inkişaf edərək həyatımıza nüfuz etdiyi, süni intellektin yarandığı dövrdə bütün vətəndaşlarımızı bu prosesin bərabərhüquqlu iştirakçısına çevirməklə, imkanlara əlçatanlığını təmin etməliyik”. B.Muradova bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirsək görərik ki, bu sahədə qadınlar zaman keçdikcə daha inkişaf edirlər. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir. Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan Komitə sədri əlavə edib ki, BMT-nin məlumatlarına görə qadınlar dünyada elm və texnologiya sahəsində  çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə  22%-ni təşkil edir. Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-inin qadınlar olduğunu qeyd edən Komitə sədri, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib.  B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır. Komitə sədri çıxışının sonunda müsabiqənin nəticələrinin uzunmüddətli təsirə malik olacağını, rəqəmsal sahibkarlığın daha geniş yayılmasına və qadınların bu sahədə rolunun güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qalibləri təbrik edib, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib. O qeyd edib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”.  Nazir müavini bildirib ki, istər sosial, istərsə də iqtisadi aspektdən baxdıqda, xanımlarımızın informasiya-kommunikasiya texnologiyaları sektorunda fəal iştirakı ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir. Sosial baxımdan bu iştirakın önəminin təkcə cəmiyyətin gender bərabərliyi ilə bağlı deyil,  eyni zamanda gələcəyin cəmiyyətini formalaşdıracaq texnoloji mədəniyyətin əsaslarını qoymaq baxımından həyati əhəmiyyət daşıdığını qeyd edən S.Məmmədov əlavə edib ki,  texnologiyanı, innovasiyanı, rəqəmsal alətləri anlayan bir valideyn – xüsusilə bir ana – gələcəyin insanını, yəni övladını da bu istiqamətdə yetişdirə bilir. Beləliklə, bizim texnoloji gələcəyimiz ailədən başlayır və texnoloji savadlı cəmiyyətə doğru uzanır. Müsabiqənin Münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova təşəbbüsə ev sahibliyi etdiyinə görə Dövlət Komitəsinə, eləcə də tərəfdaş qurumlara təşəkkürünü bildirib. Son 7 il ərzində həm məktəblilərlə, həm texnologiya sahəsində çalışan qadınlarla sıx təmasda olduğunu bildirən S.Hüseynova, bu müddət ərzində onların istedadını, iradəsi və inkişaf arzusunu bu sahədə gender bərabərliyini gücləndirmək üçün dəyərli bir baza adlandırıb. S.Hüseynova qeyd edib ki, təqdim olunan 44 layihə arasında cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, aktual mövzulara toxunan təşəbbüslər yer alıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllər yer aldığını qeyd edən münsif, layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib. Daha sonra Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə müsabiqənin əsas mərhələləri, məqsədləri və iştirakçılar barədə ümumi məlumatı əks etdirən təqdimatla çıxış edib. Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova tutub. Sonda Münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr, finalçılara sertifikatlar, qaliblərə isə diplom və mükafatlar təqdim edilib.  

Ətraflı
“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir. Hazırda müsabiqənin 11 finalçısı layihələri münsiflər qarşısında təqdim edirlər. Qeyd edək ki, müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir. Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxarmağı hədəfləyir.     

Ətraflı
Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub

“Milli Məclis” analitik informasiya jurnalının son nömrəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub. Müsahibədə ölkəmizdə uşaq və qadın hüquqlarının qorunması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verilib. Bahar Muradova vurğulayıb ki, dövlət uşaq siyasətinin əsas məqsədi uşaqların keyfiyyətli təhsil alması, onların hərtərəfli qayğı ilə əhatə olunması və layiqli vətəndaş kimi formalaşmasıdır. Komitənin prioritetləri çətin həyat şəraitində və sosial risk qrupu sayılan uşaqların aşkarlanması və cəmiyyətə reinteqrasiyasıdır. Bu istiqamətdə multidisiplinar yanaşma əsasında yerli icra hakimiyyətləri və müvafiq qurumlarla sıx əməkdaşlıq aparılır. Həmçinin, uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, yeni qanun layihələri hazırlanır və bu sahədə beynəlxalq standartlara uyğun tənzimləmələr tətbiq edilir. Qadın hüquqlarının müdafiəsi və onların qərarqəbuletmədə iştirakının, sosial-iqtisadi fəallığının artırılması məsələsi də müsahibənin əsas mövzularından olub. 2024-cü ildə bu sahədə bir çox yeni qanunların qəbulu, beynəlxalq öhdəlikləri müəyyən edən sənədlərin icrası, eləcə də qadın sahibkarların dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib, güzəştli kreditlər verilib və müxtəlif təlim proqramları təşkil olunub. Ötən ildə gender bərabərliyinin təmin edilməsinə mənfi təsir göstərən halların (erkən nikah, məişət zorakılığı, doğulanlar arasında cins seçimi) xeyli azaldığı, kənd təsərrüfatında qadınların rolunun artırıldığı qeyd edilib. Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin olunması ilə bağlı artıq 5-ci dəfə Milli Məclisə təqdim etdiyi hesabata əsasən 2024-cü ildə ölkəmizdə bu sahədə müsbət tendensiyaların müşahidə olunduğunu deyib. Bildirib ki, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən qərarların qəbulunda və dövlət idarəçiliyində qadınların təmsilçiliyi artmaqdadır. Erkən nikah, məişət zorakılığı və doğulanlar arasında cins seçimi kimi neqativ halların sayı xeyli azalıb. Gender bərabərliyinin təmin olunması üçün hüquqi müstəvidə əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıda duran hədəflər əks olunub. Bu sahədə dövlətin müxtəlif səviyyələrdə həyata keçirdiyi tədbirlər qadınların sosial və iqtisadi fəallığının artırılmasına, eləcə də məişət zorakılığı və ayrı-seçkiliklə mübarizəyə yönəlib. Ümumilikdə, məlumatda göstərilir ki, gender bərabərliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətində prioritet mövqe tutur və bu istiqamətdə görülən işlər davam etdirilir. Müsahibədə, eyni zamanda, məişət zorakılığı ilə mübarizə sahəsində son illərdə aparılan islahatlar qeyd olunub. 2024-cü ildə qanunvericilikdə mühüm dəyişikliklər edilərək zərər çəkmiş şəxslərə hüquqi yardımın təmin olunması və qoruyucu tədbirlərin tətbiqi gücləndirilib. Monitorinq və əlaqələndirmə mexanizmləri yaradılaraq, məişət zorakılığı hallarının qarşısının alınması üçün regional səviyyədə işlərin effektivliyi artırılıb. Bahar Muradova beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ISESCO və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın qadın və uşaq hüquqları sahəsində müsbət nəticələr verdiyini vurğulayıb. Bilirib ki, bu əməkdaşlıq ölkəmizin sosial proqramlarının təkmilləşdirilməsinə və milli strategiyaların formalaşmasına böyük töhfə verir. Müsahibədə ailə dəyərlərinin qorunması və milli kimliyin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığı, rəqəmsal transformasiyalar və qeyri-ənənəvi meyillərin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb. Ümumilikdə, müsahibə Azərbaycanda qadınların və uşaqların hüquqlarının müdafiəsinin dövlət siyasətində prioritet mövqe tutduğunu, bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini və gələcəkdə də davam etdiriləcəyini ətraflı şəkildə nümayiş etdirir. Aşağıdakı linkdə müsahibənin tam mətni ilə tanış ola bilərsiniz:  “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”

Ətraflı