Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsində milli mətbuatın 150 illiyi qeyd olunub

22 iyul 2025-ci il tarixində Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kollektivlə görüş keçirib. Tədbirdə çıxış edən Bahar Muradova, 150 il əvvəl Azərbaycanda ilk mətbu orqanın yaradılması ilə böyük bir missiyanın başlanmasının, onun bu gün haqqında qürurla bəhs etdiyimiz mediamızın bünövrəsini təşkil etdiyini deyib. Komitə sədri Azərbaycanın tarixin müxtəlif mərhələlərindən keçərək möhkəm təməllər üzərində formalaşan, öz bünövrəsi üzərində ucalan güclü bir dövlətə çevrildiyini qeyd edib. Əlavə edib ki, Azərbaycan dövləti müstəqil iradəyə, ziyalı fikrinə və vətəndaş mövqeyinə əsaslanaraq formalaşıb və bu gün də xalqın mənafeyini ən yüksək səviyyədə qorumaqdadır. B.Muradova, bu nailiyyətlərin əsasında ardıcıl, məqsədyönlü dövlət siyasət ilə yanaşı, xalqın köklərinə bağlılığı, müasirliyə və yeniliyə açıq olmasının dayandığını bildirib. O, həmçinin qlobal sarsıntılar fonunda Azərbaycanın daxili sabitliyinin qoruması, beynəlxalq nüfuz qazanması və digər ölkələrin nümunə götürmək istədiyi bir dövlətə çevrilməsinin ölkədə azad sözün, sərbəst düşüncənin qorunması ilə birbaşa bağlılığını diqqətə çatdırıb. Komitə sədri əlavə edib ki, Prezidentin media nümayəndələrinin təltif olunması ilə bağlı imzaladığı son Sərəncam da dövlətin mətbuat sahəsinə göstərdiyi yüksək diqqət və dəyərin bariz nümunəsidir. Çıxış zamanı Dövlət Komitəsinin media ilə əlaqələrinə diqqət çəkilib, bu sahədə qurulan əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşıdakı dönəmdə istər ənənəvi, istərsə də rəqəmsal mediada qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün təklif və tövsiyələr səsləndirilib. Bahar Muradova müasir dövrdə Azərbaycan mətbuatının dövlətin milli maraqları və strateji məqsədləri naminə çalışdığını deyib və jurnalistləri xalqla dövlət arasında körpü rolunu oynayan önəmli təbəqə kimi dəyərləndirib. Bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistikanı ictimai məsuliyyət tələb edən bir sahə adlandırıb və vacib məlumatların cəmiyyətə çatdırılmasında mühüm rolunu qeyd edib. Eləcə də digər Komitə nümayəndələri çıxış edərək, mətbuatla əlaqələrin inkişafı  sahəsində həyata keçirilən tədbirlərdən, qurumun Kommunikasiya strategiyası ilə bağlı görüləcək işlərdən danışıblar.  

Ətraflı
Regionlarda məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 iyul 2025-ci il tarixlərində kənd və qəsəbələrdə Mərkəzlər, yerli icra hakimiyyəti orqanları, Rayon Polis Şöbələri, rayon Heydər Əliyev Mərkəzi, Gənclər Evinin əməkdaşları, kitabxana işçiləri və icma sakinlərinin iştirakı ilə əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara məişət zorakılığının növləri, yardım mərkəzləri, mühafizə orderi barədə ətraflı məlumat verilib, ölkəmizdə məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli bukletlər paylanılıb.

Ətraflı
“Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirə keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirədə iştirak edib. 22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Nazirlik yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə erkən nikahların qarşısının alınmasında maarifləndirmənin vacibliyinə və bu prosesdə medianın potensial roluna diqqət çəkib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək, erkən nikah hallarının qarşısının alınması, sağlam ailə modelinin təşviqi və ailə institutunun gücləndirilməsi istiqamətində medianın rolundan danışıb. O, erkən nikahların ailə institutuna mənfi təsirləri və gənclərlə birbaşa işləyən təşkilatların üzərinə düşən vəzifələr barədə ətraflı fikirlər səsləndirib. S.Qəhrəmanova Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib və bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə iştirakçıları məlumatlandırıb. Ailə dəyərlərinin qorunması və gənclərin düzgün istiqamətləndirilməsi məqsədilə bu kimi müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirən sədr müavini, yeni təşəbbüslərin və birgə səylərin önəmini qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova və sədr müavini Venera Əsgərova da çıxış edərək, ailə dəyərlərinin müasir çağırışlar fonunda qorunması, ictimai şüurun formalaşmasında medianın məsuliyyətli mövqeyi, o cümlədən gənclər təşkilatlarının preventiv təşəbbüslərinin stimullaşdırılması ilə bağlı fikirlər səsləndiriblər. İctimai Şura üzvləri və gənclər təşkilatlarının rəhbər və nümayəndələri erkən nikahların qarşısının alınması və ailə dəyərlərinin qorunması sahəsində öz fikir və təşəbbüslərini səsləndirərək, erkən nikah probleminə qarşı həyata keçirilə biləcək sosial layihələr, maarifləndirici kampaniyalar və medianın bu proseslərdə dəstək mexanizmləri barədə təkliflərlə çıxış edib. İctimai müzakirə fikir mübadilələləri ilə yekunlaşıb.

Ətraflı
“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Bərdə rayonuna növbəti səfər təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16-18 iyul 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Bərdə rayonuna növbəti səfər təşkil olunub. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Otuzikilər, Muğanlı, Kələntərli, Alpout və Gülgəzli kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib.  Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlat verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 29 iyul 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcək. Ünvan və telefonlar

Ətraflı
Gədəbəydə sakinlərə hüquqi yardım göstərildi

19 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Komitə yanında fəaliyyət göstərən İctimai Şura və “Qadın Vəkillər Alyansı”nın birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində ailələrlə görüş keçirilib. Görüş zamanı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə dövlətin uğurlu siyasəti, o cümlədən cəmiyyətdə mövcud olan aktual məsələlər kimi erkən nikah və qohum nikahları ilə bağlı qanunvericiliyə edilmiş yeniliklər haqqında ətraflı məlumat verilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova, Gədəbəy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nicat Məmmədov, Komitə yanında İctimai Şuranın sədri Firuzə Rəsulova, sədr müavini Venera Əsgərova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva çıxş edərək, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan bu görüşün cəmiyyətin hüquqi maarifləndirilməsi, mövcud problemlərin müəyyənləşdirilərək yerindəcə həlli baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Görüşdə paralel olaraq, “Qadın Vəkillər Alyansı”nın iştirakı ilə ailələrin mövcud problemləri dinlənilib, onlara hüquqi məsləhətlər verilib, müraciətləri qeydə alınaraq həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ətraflı
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində cari ilin ilk 6 ayının nəticələrinə dair iclas keçirilib. İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova ailə, qadın və uşaq məsələləri sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər və icra olunan layihələr haqqında ətraflı məlumat verib. Dövlət proqramlarının icrası ilə bağlı nəticələr qeyd olunub, növbəti yarımildə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışılıb. İclasda həmçinin Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin həyata keçirdiyi tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Komitə tərəfindən hazırlanmış təhlillər və əldə olunan nəticələr diqqətə çatdırılıb. Eyni zamanda mövcud problemlər səsləndirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün konkret təkliflər irəli sürülüb və onların icra mexanizmləri müzakirə edilib.  

Ətraflı
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun rüblük iclası keçirildi

  11 iyul 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirildi İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və ekspertlər, o cümlədən Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri iştirak edib. “Monitorinq və əlaqələndirmə qrupunun 2025-ci il üzrə Tədbirlər Planı”, “Məişət zorakılığının qarşısının alınması sahəsində cavab tədbirlərinin monitorinqi üzrə meyarlar”ın layihəsi və məişət zorakılığı ilə bağlı ölkə üzrə toplanılmış statistik məlumatların müzakirəsi gündəlikdə duran əsas məsələlərdən olub.  

Ətraflı
Regionlarda sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 iyul 2025-ci il tarixlərində mərkəzlərdə, təhsil müəssisələrində, istirahət parklarında mərkəzlər, rayon icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, Uşaq Səfirlər Məclisinin nümayəndələri, tibb işçiləri, uşaqlar, yeniyetmə və gənclər, icma sakinlərinin iştirakı ilə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə interaktiv seminarlar keçirilib. Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzinin qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq tövsiyə edilib, iştirakçılarla qrup işləri aparılıb. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.

Ətraflı