Media
Xəbərlər

Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib
30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib. Məişət zorakılığı ilə bağlı ölkədə rezonans yaradan faktlar və üç aylıq hesabat, həmçinin yerli monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması zamanı fəaliyyətlərində yaranan çətinliklər, eləcə də onların həlli yollarının müzakirəsi iclasın gündəliyində duran əsas məsələlərdən olub. İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Dövlət Statistika Komitəsinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri, o cümlədən Bakı Şəhərinin Sabunçu və Binəqədi rayonları, habelə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri qismində iştirak ediblər. Monitorinq və əlaqələndirmə qrupunun iclasında qurumlararası əlaqələndirmənin gücləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyən edilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profilaktiki işin gücləndirilməsi, habelə yerli polis bölmələrinin əməkdaşlarına məişət zorakılığının qarşısının alınması ilə bağlı təlimlərin keçirilməsi kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri, həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib.

Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib
30 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsinin istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib. Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, yaxın zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb. Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata keçirilir. Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatında iştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə fəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyata keçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasının prioritetlər sırasında olduğunu vurğulayıb. B. Muradova, 2023-cü il sentyabrın 21-də ABA ilə Komitə arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili, regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin icrasının nəzərdə tutulduğunu xatırladıb. B. Muradova, “Sən Tək Deyilsən” layihəsinin “Gələcəyə əmin addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv iştirakına şərait yaratdığını bildirib. O, layihənin artıq 4 ildir uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə dəstək göstərildiyini qeyd edib. Çıxışının sonunda B.Muradova əldə etdikləri nailiyyət münasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıq ki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız da qarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsil alacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimi yaşayacaqlar”-deyə o, əlavə edib. ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyini vurğulayıb və təşəbbüsə görə Komitə sədrinə təşəkkürünü bildirib. Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illər düşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanı bahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsil yolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiya olduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdə cəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçün deyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahı qadınların nailiyyətlərindən asılıdır. Onların güclü olması sabahımızı möhkəmləndirir”. Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayiş etdirilib. Daha sonra sertifikat və hədiyyələr təqdim olunub. Layihə iştirakçıları çıxış edərək, övladlarına həm ana, həm də ata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnək olmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək və qayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları, layihə çərçivəsində onlara göstərilən diqqətə görə minnətdarlıqlarını dilə gətiriblər. Sonda xatirə fotosu çəkilib. Qeyd edək ki, layihə çərçivəsində şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsi, onların gələcək karyera quruculuğuna və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulur.

Dövlət Komitəsində Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib
29 sentyabr 2025-ci il tarixində Dövlət Komitəsində Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib. Kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə Azərbaycana səfər edən qonağı salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Dövlət Komitəsinin media ilə iş mexanizmləri, eləcə də qurumun bu sahədə müəyyənləşdirilmiş strateji hədəfləri barədə ətraflı məlumat verib. Görüş zamanı, həmçinin ölkələrarası ailə institutunun möhkəmləndirilməsi, qadın siyasəti və ictimai maarifləndirmə sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Saodat Boymirzayeva qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Müvafiq şöbələrin əməkdaşlarının da iştirak etdiyi görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə proqramlarının təşkili və qarşılıqlı səfərlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib. Qeyd edək ki, görüş Özbəkistan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar keçirilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə Bəyanatı
27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Beş il əvvəl – 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və uzun illər işğal altında saxlanılmış torpaqlarımızı azad etmək məqsədilə başlanan Vətən müharibəsi 44 gün davam etmiş və tarixi Zəfərlə başa çatmışdır. Bu gün, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı gün torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş hərbi qulluqçularımızın, həmçinin müharibə zamanı düşmən təxribatı nəticəsində həlak olmuş mülki vətəndaşlarımızın, o cümlədən qadınların və uşaqların əziz xatirəsini dərin ehtiramla yad edirik. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarını hədəfə almış, düşmənin raket və ağır artilleriya hücumları nəticəsində yüzdən artıq azərbaycanlı mülki şəxs həyatını itirmişdir. Onların arasında qadınlar və uşaqların həlak olması, müxtəlif dərəcəli bədən xəsarətləri alması, bütöv ailələrin məhv edilməsi Ermənistanın müharibə cinayətlərinin və insanlıq əleyhinə əməllərinin ən bariz göstəriciləridir. Müharibənin bitməsindən sonra da Ermənistanın işğal dövründə ərazilərimizdə basdırdığı 1 milyondan çox mina əhalimiz üçün ciddi təhlükə olaraq qalır. 2020-ci ilin noyabrından bəri 400 nəfərdən çox mülki vətəndaş, o cümlədən qadın və uşaqlar mina partlayışlarının qurbanı olmuşlar. Mina qurbanlarının acı taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın münaqişə bölgələrində yaşayan milyonlarla insanın faciəsini əks etdirir. Vətən müharibəsinin başa çatması, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra bölgədə tamamilə yeni bir geosiyasi reallıq yaranmışdır. Azərbaycan hazırda bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində tarixi addımlar atır. Azərbaycan dövləti tərəfindən həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur qurulur, məşğulluq imkanları yaradılır, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən mərasimdə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması barədə birgə Bəyannamənin imzalanması, Cənubi Qafqaz regionunda tarixi bir dönüş nöqtəsi olmuşdur. Bu Bəyannamə uzun illər davam edən gərginliklərə və qarşıdurmalara son qoyaraq, regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar olması üçün möhkəm əsas yaratmışdır. Sənədin imzalanması təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də daha geniş regionda sabitliyin və rifahın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bəyannamə siyasi, iqtisadi, enerji, sosial, humanitar və digər sahələrdə tərəfdaşlıq üçün yeni imkanlar yaradacaqdır. Statement of the State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan on the occasion of the 5th Anniversary of September 27 – Memorial Day

Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan Vətən Müharibəsi Memorial Kompleksinin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər başa çatıb
24-26 sentyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər keçirilib. Təlimlər Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş ekspertlər tərəfindən aparılıb. Pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların nümayəndələri, icra strukturlarında çalışan məsul şəxslər, aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də sosial xidmət sahəsində birbaşa fəaliyyət göstərən mütəxəssislər iştirak etdiyi təlim dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaradıb. İştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olublar. Eyni zamanda sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzular müzakirə edilib.

Göyçayda uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınmasına dair tədbir keçirilib
26 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayon Heydər Əliyev Mərkəzində uşaqların məcburi əməyə cəlb edilməsi və insan alverinin qurbanı olmasının qarşısının alınması mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi olub. Görüşdə Mingəçevir, Yevlax şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də kiçik və orta biznes sahibkarları iştirak ediblər. Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova tədbir iştirakçılarına dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verib. Ardınca Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, həmçinin “Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə tərəfindən təlim keçirilib. Təlimin proqramına insan alveri qurbanlarının hüquqlarının müdafiəsi, uşaqlara xas aspektləri, uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı mövzular daxil edilmişdir. Mütəxəssislər uşaq əməyinin formaları, istismarla mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericiliklə müəyyən edilmiş əmək normaları, uşaqlara verilən hüquqi imtiyazlar və onların insan alverindən müdafiəsi ilə bağlı məqamları diqqətə çatdırıblar. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və müharibə iştirakçılarının ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib. Mərkəzlər, Rayon İcra Hakimiyyətləri, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tarixi Zəfərimizə, igid hərbçilərimizə və qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirlərdə çıxış edənlər tarixi qələbəmizdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində hərbçilərimizin misilsiz şücaətlərindən, işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin doğma yurdlarına qayıtmasından bəhs edib, şəhidlərimizin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Tədbirlərdə şagirdlər tərəfindən Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

“Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib
25 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi gender bərabərliyi və ayrı-seçkilik mövzularında media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir. Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıları salamlayaraq, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edib. Sədr müavini Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə iştirakçılara ətraflı məlumat verib. Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət çəkən S. Qəhrəmanova vurğulayıb ki, xüsusilə media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı və həssas yanaşma sərgiləmələri mühüm əhəmiyyət daşıyır. Daha sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq, Azərbaycanda gender-əsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb. İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi