Media
Xəbərlər

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun bağlanış mərasimi keçirilib
Öncə Gənc Ailə Forumu çərçivəsində Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, hər iki məhsuldar günün qarşılıqlı təcrübə mübadiləsi baxımından yalnız Azərbaycanın deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının müvafiq sahə nazirlərinin fəaliyyət istiqamətində yaddaqalan olduğunu qeyd edib. Komitə sədri Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına ünvanladığı müraciətə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, bütün türk dünyası ailələrinə, gənc ailələrə münasibətinə, xüsusən də qadınlara, onların cəmiyyət və ailə həyatındakı roluna verdiyi qiymətə görə dərin minnətdarlığını ifadə edib. Ötən il İstanbul şəhərində baş tutan birinci iclas çərçivəsində imzalanmış birgə Bəyannaməyə diqqət çəkən sədr, bu dövr ərzində sənəddə əksini tapan bəndlərin icrası ilə bağlı ikitərəfli və çoxtərəfli formatda işlərin həyata keçirildiyini qeyd edib. Vurğulayıb ki, üzv ölkələr həm milli miqyasda, həm də türk dünyası səviyyəsində bu vəzifələrin ardıcıl və sistemli şəkildə yerinə yetirilməsində tam qətiyyət nümayiş etdirirlər. B.Muradova qeyd edib ki, ailələrin sosial rifahının və dayanıqlığının təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Qarşıda duran məsələlərin uğurla həllinə nail olmaq üçün üzv ölkələr və tərəfdaş qurumlar ortaq imkanlarını səfərbər etməli, mövcud resursları səmərəli şəkildə yönəltməlidirlər. Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, güclü sosial siyasətlər müqavimət əsaslı və davamlı Türk dünyasının çiçəklənməsi üçün vacibdir. İclasda məhsuldar fikir mübadiləsinin aparıldığını vurğulayan K.Ömüralıyev, hazırki dövr üçün əldə olunan inkişaf mərhələsinin daha da gücləndirilməli olduğunu və müştərək hədəflərə çatmaq üçün çiyin-çiyinə addımlamağın vacibliyini diqqətə çatdırıb. Sonda iclasda fəal iştiraklarına görə Təşkilata üzv və müşahidəçi dövlətlərə təşəkkürünü bildirən Baş katib, hər bir ölkənin səyləri və töhfəsinin uğurlu nəticələrə gəlmək üçün zəmin olduğunu bildirib. Mərasim bədii hissə ilə davam edib.

“Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü - Ailə” mövzusunda Gənc Ailə Forumu çərçivəsində panel müzakirələri təşkil olunub.
Birinci panelə moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov ailənin cəmiyyətin əsas dayağı olduğunu, milli kimlik və dəyərlərin nəsildən-nəslə ötürülməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova, Azərbaycan İlahiyyat İnstitutunun dosenti İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin Sosial mədəniyyət kafedrasının müdiri Sevinc Əskərova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova çıxış edərək, medianın ailə dəyərlərinin təşviqində və gənc ailələr üçün nümunəvi ailə modelinin yaradılması prosesində rolu, ailə institutunun dini və mənəvi dəyərlərlə əlaqəsi, ailənin mədəniyyətin formalaşmasında və sosial mühitin inkişafında rolu, texnoloji yeniliklərin və rəqəmsallaşmanın ailə dəyərlərinə təsiri, gənc ailələrin dəstəklənməsinə dair fikirlər səsləndiriblər. Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin sədri Şamil Sadıqın moderatorluğu ilə davam edən 2-ci paneldə ailə münasibətlərində psixoloji sağlamlığın və qarşılıqlı anlaşmanın əhəmiyyəti, gənc ailələrdə emosional dayanıqlığın formalaşdırılması, ailənin sosial müdafiəsi, erkən uşaqlıq dövrünün inkişafında ailənin əhəmiyyəti, ailə psixologiyası üzrə maarifləndirici proqramların artırılması, ailədə gender rollarının düzgün bölgüsü, valideyn məsuliyyətinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Paneldə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti Kamilə Kazımova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Səbinə Cabarova çıxış edib. Tədbirdə ailənin cəmiyyət həyatında dayanıqlı təməllər üzərində qurulması, milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi və ailə institutunun müasir çağırışlara uyğun inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirilib
12 iyun 2025-ci il tarixində “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda keçirilən iclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Komitə sədri qeyd edib ki, TDT-nin yaranmasından keçən dövr ərzində regional və beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, üzv ölkələr arasında birliyi və inteqrasiyanı təşviq etməkdə davam edir. O, təşkilat çərçivəsində əldə olunan nəticələrin yeni dünya nizamının çağırışlarına qarşı ortaq güc və birgə cavab hazırlığı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Çıxışında ailə institutunu cəmiyyətin təməl daşı adlandıran B. Muradova, ailə siyasətinin hər bir dövlətin strateji prioriteti olmalı olduğunu vurğulayıb. O, Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olduğunu, ənənəvi ailə modelinin müasir çağırışlara davamlılığını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, dövlət səviyyəsində mühüm qanunvericilik bazasının yaradıldığı, icra mexanizmlərinin formalaşdırıldığı və müvafiq proqramların qəbul edildiyi qeyd edib. Komitə sədri həmçinin qadının ailə və cəmiyyətdəki roluna diqqət çəkərək, qadınların yalnız ailə daxilində deyil, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bildirib. Ənənəvi ailə modelinin qorunması ilə yanaşı, qadınların liderlik və sahibkarlıq sahəsində dəstəklənməsinin əhəmiyyətini vurğulayan sədr, qadın siyasətinin yalnız hüquq məsələsi kimi deyil, həm də sosial ədalət, milli davamlılıq və gələcək nəsillərin rifahı kontekstində qiymətləndirilməli olduğunu qeyd edib. “Güclü qadın – güclü ailənin, güclü ailə isə güclü cəmiyyətin təməlidir,” – deyə vurğulayan Bahar Muradova toplantının əsas müzakirə mövzusu olan “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunun əhəmiyyətinə diqqət çəkib. Sonda ailənin qorunmasına yönəlik fəaliyyətlərin təşviqi, qadınların səlahiyyətləndirilməsi və iqtisadi gücləndirilməsi, məşğulluq sahəsində sahibkarlığın və innovasiya əsaslı layihələrin dəstəklənməsi, xüsusilə qadınlara qarşı zorakılıqla mübarizədə “sıfır tolerantlıq” prinsipinə uyğun təcrübələrin paylaşılması ilə bağlı təklifləri səsləndirib və iştirakçı ölkələrin nümayəndələrini sıx əməkdaşlığa və ortaq təşəbbüslərlə birgə irəliləməyə dəvət edib. Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev uğurlu ev sahibliyinə görətəşəkkür edib, üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın daim təşviq və tətbiq olunduğunu deyib. Türk dünyasında ailə təsisatının önəminə diqqət çəkən K.Ömüralıyev, müasir çağırışlar fonunda ailənin, xüsusilə gənc ailələrin gələcəyini dəstəkləmək məqsədilə birgətədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb:“Nəsillər boyunca birliyini, böyüklərə hörməti və ailə üzvləriarasında dərin bağlılığı qoruyub saxlamışıq. Bu günsürətlə dəyişən dünyada bu dəyərlər hər zamankındandaha önəmlidir. Ailənin mövqeyini qorumaqla biz eynizamanda qadınlara, uşaqlara və gənclərə müasirçağırışlarla mübarizə aparmaqda dəstək oluruq. Bu, cəmiyyətimizin gələcəkdəki balansını təmin etməyə köməkedir. Bu gün keçirilən görüş təşkilatımızın sosial siyasət vəailə ilə bağlı gündəliyinin həllinə dair birgə öhdəliyindəmühüm addım hesab olunur. Birinci iclasdan keçən dövr ərzində ortaq hədəflər və məqsədlər çərçivəsində ciddi nailiyyətlərin əldə edildiyini bildirən TDT Baş katibi, inklüziv gələcəyə yönəlik layihələrin həyata keçirilməsi, qurumlararası əməkdaşlığın və dayanıqlılığın təmin edilməsi hər qarşıda duran önəmli məsələ adlandırıb. İclasda Türkiye Cümhuriyyeti Ailə və Sosial Xidmətlər naziri xanım Mahinur Özdəmir Göktaş, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Ailə və Gənclər Məsələləri Komitəsinin sədri Kayrat Kambarov, Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Kyial Zhanuzakova, Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması nazirinin müavini Turdiboyeva Rano, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova və Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlunun çıxışları dinlənilib. Yekunda Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının birgə Kommunike sənədi yekdilliklə qəbul edilib. Daha sonra Sənədin imzalanma mərasimi baş tutub. Sənəddə Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2026-ci ildə Qazaxıstanda keçirilməsi, eyni zamanda təklif edilən digər məsələlər öz əksini tapıb.

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib. Tədbir türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən filmin nümayişi ilə başlayıb. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının iştirakçılarına müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən səsləndirilib. Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova müzakirə edilən mövzunun yalnız tarixi və ictimai baxımdan deyil, eyni zamanda bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyəti ilə də seçildiyini vurğulayıb. O, tədbirdə iştirak edən gənc ailələrin və eyni dəyərlərlə yoğrulan türk gəncliyinin birləşdikcə, ortaq gələcəyimizin daha da parlaq və dayanıqlı olacağına əminliyini ifadə edib. B. Muradova bildirib ki, türk coğrafiyasında ailə həm sədaqətin, fədakarlığın, vəfa və şərəfin simvoludur, həm də bizim hər birimiz üçün böyük və qədim bir tarixdir, soydur, kökdür. Komitə rəsmisi ilk öyrənmə ocağı olan ailənin həm də, uşaq və gənclərimizi zamanın təhlükə və risklərinə qarşı qorumaq funksiyasını yerinə yetirdiyini, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq, diqqətə çatdırıb ki, bu baxımdan hazırda bəlli mərkəzlər tərəfindən dırnaqarası mütərəqqi və yad dəyərlərin cəmiyyətimizə sırınmasının qarşısında biz dayanmaq vacib məsələdir. O, dövlət siyasəti çərçivəsində ailənin cəmiyyət və milli kimlik üçün nə qədər vacib olduğunu nəzərə alan dövlətimizin bu sahəni hüquqi müstəvidə möhkəm şəkildə qoruduğunu diqqətə çatdırıb. Əlavə edib ki, xüsusilə də Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara böyük qayıdış prosesi həm sosial ədalətin, həm də ailə institutunun dirçəldilməsi baxımından tarixi əhəmiyyət daşıyır: “Hazırda azad edilmiş 300-dən çox şəhər və kəndə 2615 ailə olmaqla, 10.233 şəxs köçürülmüşdür. 2026-cı ilə qədər isə 34.500 ailənin – təxminən 140.000 vətəndaşın – bu torpaqlara qayıdışı həm də ailələrin milli torpaqlarda yenidən kök salması, milli-mənəvi dəyərlərin yenidən canlanması və gələcək nəsillərin vətən torpağında böyüməsi deməkdir”. B. Muradova Dövlət Komitəsinin aidiyyəti dövlət qurumları ilə birgə tərəfdaşlıqla reallaşdırdığı layihələr haqqında məlumat verərək, xüsusilə Ailə Konsepsiyasının Zəfərdən sonra formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə təsisatının daha da möhkəmləndirilməsinə və ölkədə mövcud olan əlverişli demoqrafik şəraitin qorunub saxlanılmasına yönəldiyini vurğulayıb. Çıxışında qlobal informasiya məkanında yayılan və Azərbaycan ailə modeli ilə uzlaşmayan yad və zərərli meyllərin qarşısının alınması məsələsinə toxunan Komitə sədri bildirib ki, nümunəvi ailə modelinin təşviqi, ailə üzvlərinin hər cür zərərli tendensiyalara qarşı dayanıqlılığının, nəsillərarası ünsiyyət və həmrəyliyin artırılması kimi məsələlər bu sahədə gündəliyimizin əsas istiqamətlərindədir. Biz türk dünyasının gəncləri və liderləri belə forumlarda bir araya gələrək ailə institutunu milli dəyərlərimizin qoruyucusu və daşıyıcısı kimi gələcəyə ötürmək və gələcək təhdidlərdən qorumaq öhdəliyini daşıyırıq. “Bu baxımdan, Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasət sahəsinə cavabdeh nazirlərinin və digər aidiyyəti qurum rəhbərlərinin mütəmadi görüşlərinin keçirilməsi ortaq strateji yanaşmaların formalaşdırılmasına şərait yaradır. Bu cür əməkdaşlıq, həm də Türk dünyasının siyasi sabitliyinə, sosial rifahına və ümumi strateji birliyinə xidmət edən dayanıqlı əsasların formalaşmasına da zəmin yaradır.” - deyən B. Muradova çıxışını ailələrə çağırış etməklə yekunlaşdırıb. Tədbir bədii proqram ilə davam edib. Daha sonra Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və “Gənc Ailə Forumu” öz işinə başlayıb. https://president.az/az/articles/view/69158

Bahar Muradova Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb
Bahar Muradova Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Turdiboyeva Rano ilə görüşüb. İkitərəfli görüş zamanı ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığı, xalqlarımız arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb, sosial əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib. Həmçinin qurumlarası gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.

“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və mövzunun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Orta Dəhliz məsələsi üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat və logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm vasitə kimi qəbul edilməkdədir. Komitə rəsmisi dəyərlərin, mədəniyyətlərin və insan resurslarının şərqdən qərbə və əks istiqamətə keçidinə şərait yarada biləcək Orta Dəhlizin həm də ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq hədəfinə xidmət edən innovativ modellərin və təcrübələrin əlçatanlığının əvəzsiz təminatçısı kimi çıxış etdiyini diqqətə çatdırıb. B. Muradova bildirib ki, dayanıqlı inkişaf strategiyalarının mərkəzində insan kapitalı, hədəfində isə birmənalı olaraq Ailə dayanır. Bu səbəbdən müasir cəmiyyətdə ilk növbədə ailənin dayanıqlılığı, uşaqların rifahı təkcə sosial siyasətin deyil, həm də təhlükəsizlik, iqtisadi və rəqəmsal strategiyaların əsas prioritetindən biri olmalıdır: “Türk dövlətləri olaraq bizim ortaq dəyər sistemimizdə ailə müqəddəsdir, qadın isə həm ailənin, həm də cəmiyyətin aparıcı qüvvəsi, qoruyucu dayağıdır. Qadının təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və texnologiyada, xüsusilə də rəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz də bir o qədər dayanıqlı və çevik inkişaf edə bilər” - deyə o əlavə edib. Azərbaycanda ailə mühiti ilə rəqəmsal reallıq arasında balansın qorunmasına, qadınlar və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaranmasında xüsusi önəm verildiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, bunun ən gözəl nümunələrini ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş şəhər və kəndlərimizdə infrastrukturun yenilənməsində bariz şəkildə görmək olar. “Yaşıl İnkişaf və Ekoloji Dəyərlər kimi anlayışların türk dünyasında bərqərar olmasına gedən yol ilk növbədə Ailədən başlayır” - deyən B. Muradova diqqətə çatdırıb ki, ekoloji dəyişikliklərə uyğun sosial siyasətlərin formalaşdırılması və Yaşıl İnkişafa keçid yalnız böyük texnoloji layihələr və beynəlxalq sazişləri ehtiva etmir, bu, hər bir ailədə – uşaqların dünyagörüşündə, qadınların seçimlərində, ailələrin gündəlik davranışlarında özünü göstərməli olan dəyər və məsuliyyət hissidir. O qeyd edib ki, Azərbaycan ailə yönümlü ekoloji siyasətlərə – məktəbəqədər təhsildən başlayaraq, qadın sahibkarlığında yaşıl təşəbbüslərin dəstəklənməsinə qədər – geniş bir yanaşma təqdim edir. Çıxışının yekununda Komitə sədri qeyd edib ki, bu gün aparılan müzakirələr geosiyasi əlaqələrimizi tamamlayan yeni sosial və humanitar əməkdaşlıq platformaları barədə mövqelərin uzlaşdırılmasına şərait yaradacaq, birlikdə formalaşdıracağımız strategiyalar isə Türk dövlətlərini birgə gələcəyə daha inamla aparacaq. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə tədbir davam edib. O, Orta Dəhlizin yalnız coğrafi məkan deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, onu həm də bütöv bir ekosistem kimi dəyərləndirib. V. Qasımlı 360 dərəcəlik yanaşmanın geosiyasətdən tutmuş rəqəmsal transformasiyaya, ailə və yaşlıların inkişafına qədər bir çox məsələləri əhatə etdiyini diqqətə çatdıraraq, Orta Dəhlizi həm də sosial-iqtisadi, sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkan kimi, geniş bir ekosistem kimi dərk etmənin vacibliyini vurğulayıb. Panel müzakirələrdə iştirak edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Orta Dəhlizin türk dövlətləri arasında ailə əlaqələrinin daha geniş formatda inkişafına töhfə verən bir layihə olduğunu qeyd edərək, quru ilə dənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqları yaxınlaşdıran mədəniyyət yolu olduğunu vurğulayıb. Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türkdilli dövlətlərinin öz gücünü hər zaman ailədən aldğını qeyd edərək, övladlarını şəhid verdiyi zaman “Vətən sağolsun” kəliməsini səsləndirən anaların baş tacı olduğunu deyib. O, Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü. Çıxış edən TDT baş katibinin müavini Ömər Kocaman deyib ki, Orta Dəhliz sadəcə iqtisadi, ticari inkişafa əsaslanmır, dünya ölkələrinin mədəni inkişafına da töhfə verir. Mədəni inkişaf isə birbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədə ölkələrimizin çox ciddi layihələri var: “Cəmiyyətin və xalqın inkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyik” - deyə o əlavə edib. Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir. Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib və dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir. “Tarixdən gələcəyə: İpək Yolunun Mirası və Mədəni İnteqrasiya” mövzusunda çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa İpək Yolunun tarixi əhəmiyyətindən, onun mədəni əlaqələrin inkişafındakı rolundan və bu irsin müasir dövrdə inteqrasiyaya verdiyi töhfələrdən bəhs edib. Energetika nazirinin müavini Elnur Soltanov “Orta dəhliz və enerji təhlükəsizliyi: Yaşıl Tranzit İmkanları” mövzusunda çıxış edərək, Azərbaycanın ənənəvi enerji sahəsində lokomotiv rolunu oynadığını, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzminə malik olduğunu qeyd edib. Onu da əlavə edib ki, süni intellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyası üçün unikal imkanlar açır. Natiqlər mədəni inkişafın birbaşa ailəyə təsir göstərdiyini qeyd edərək, cəmiyyətin və xalqın inkişafında ailənin önəmli rol oynadığını, TDT-nin ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyini diqqətə çatdırıblar. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir Bahar Muradovanın bağlanış nitqi ilə yekunlaşıb. O, tədbir iştirakçılarına fəal iştiraklarına və verdikləri töhfəyə görə təşəkkür edərək, tədbirin ikinci gününə uğurlar arzulayıb.

TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib
11 iyun 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasına hazırlıq məqsədilə TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib. TDT baş katibinin müavini Ömər Kocaman iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, daha sonra iclasın Birgə Kommunike sənədinin müddəalarını diqqətə çatdıraraq təkliflərini verib. İclasın moderatoru Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva qonaqları salamlayaraq, TDT-nin Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin və ekspertlərin 2-ci iclasının gündəlikləri barədə məlumat verib. C.Rəhmətullayeva daha sonra, ötən il İstanbul şəhərində keçirilən 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkəmizdə görülən işlər və həyata keçirilən dövlət ailə siyasətindən danışıb. O bu sahədə reallaşdırılan layihə və tədqiqatlar barədə məlumat verərək, onların xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. Aparat rəhbəri qeyd edib ki, hazırda Komitə tərəfindən bu sahənin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası” hazırlanır. Çıxışının sonunda C. Rəhmətullayeva Komitənin bu sahədə bütün tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb. Daha sonra ekspertlər 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkələrində görülmüş işlər barədə məlumatları diqqətə çatdıraraq, gündəlikdə duran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar. İclasın sonunda Birgə Kommunike sənədinə ekspertlər tərəfindən verilən təkliflər müzakirə edilərək, yekun sənəd razılaşdırılıb.

“Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib. Tədbir Türk dünyasında ailənin önəmindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb. Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş salamlama nitqi ilə çıxış edərək türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə daşımağın vacibliyini qeyd edib. Vurğulayıb ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə İli” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir: “Eləcə də, ötən il Türkiyədə ilk dəfə həyata keçirdiyimiz ailə və sosial siyasət sahəsindəki görüşlər, Türk dünyasında ailə siyasətinə dair əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir”. Nazir bildirib ki, Türk dövlətləri, ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu isə ailənin qorunması və gücləndirilməsi istiqamətində atılan addımlar gələcəyin formalaşmasında böyük rol oynayacaq. O, yan tədbirlərin təşkili və bu mövzuda əməkdaşlığın inkişafında Azərbaycanın xüsusi rolu vurğulayıb və görüşün Türk Dövlətləri Təşkilatı üçün faydalı olacağına inamını ifadə edib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hər kəsi salamlayıb və Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb. B.Muradova bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir: “Fəaliyyətimizin mərkəzində ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların rifahı, gender bərabərliyi və rəqəmsal mühitdə təhlükəsizlik dayanır”— deyə Komitə sədri vurğulayıb. Muradova TDT çərçivəsində ailə siyasətləri üzrə əməkdaşlığın gücləndirilməsini vacib hesab etdiklərini qeyd edib. O, ortaq layihələrin həyata keçirilməsi, daimi əlaqələndirmə imkanlarının nəzərdən keçirilməsi, gənc ailələr və valideynlər üçün ortaq təlim və maarifləndirmə platformalarının yaradılması kimi təşəbbüsləri dəstəklədiklərini bildirib. Sədr, xüsusilə ortaq elmi tədqiqatların və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu cür əməkdaşlıq ailə siyasətlərinin daha uyğun və effektiv şəkildə formalaşmasına töhfə verəcək. Gənclərin ailə dəyərləri ilə bağlı daha çox maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan B.Muradova, bu baxımdan, Gənc Ailə Forumu kimi təşəbbüslərdən yaranan müsbət sinerji, gənclərin ailəyə bağlılığını və ailə həyatına hazırlığını artırmaq üçün mühüm platformaya çevrilə biləcəyini əlavə edib. Rəqəmsal transformasiyanın yaratdığı imkanlar və risklər fonunda ailələrin, xüsusilə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayan Komitə sədri, rəqəmsal savadlılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Sədr çıxışında yaşıl inkişaf kontekstində ailə siyasətlərinə yeni yanaşmaların daxil edilməsinin də əhəmiyyətini qeyd edib. O, ailə daxilində ekoloji dəyərlərin təşviqi və qadınların yaşıl iqtisadiyyatda iştirakı sahəsində birgə layihələrin aktuallığını vurğulayıb. Muradova, həmçinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə aparılan bərpa və quruculuq işlərindən bəhs edərək, yeni sosial infrastrukturun qurulmasının ailə, qadın və uşaq rifahını prioritetə çevirdiyini bildirib. Bu prosesin TDT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Sonda Bahar Muradova, Türk Dövlətləri Təşkilatının “ailə” anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsini təqdir etdiklərini bildirib və ortaq dəyərlər, ortaq məsuliyyət, ortaq gələcək prinsipi əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan edib. Daha sonra Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov və Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nazir müavini Turdiboyeva Rano, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanın çıxışları dinlənilib. Tədbir müzakirələrlə davam edib.

Ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin nümayəndə heyətləri Fəxri Xiyabanı ziyarət ediblər
Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin nümayəndə heyətləri Fəxri Xiyabanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini və Zəfər abidə kompleksini ziyarət edərək abidələrin önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi