Media
Xəbərlər

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xətai rayon icra hakiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Bakı şəhər Baş Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub. Konsert proqramında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqları bayram münasibətilə təbrik edib. B.Muradova qeyd edib ki, uşaq hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətimizin ən vacib vəzifələrindən biridir. Hər bir uşağın sevgi, qayğı və diqqətə layiq olduğunu vurğulayan Komitə sədri onu da əlavə edib ki, hamımız onların xoşbəxt gələcəyi naminə birgə çalışmalı, birliyimizi və məsuliyyətimizi daim uca tutmalıyıq. Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində təşkil olunan və gözəl əhval-ruhiyyə ilə keçən konsert proqramında bir çox tanınmış incəsənət xadimi ilə yanaşı azyaşlılar da maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Rayonun təhsil və mədəniyyət müəssisələrinin şagirdlərinin, şəhid və qazi övladlarının da iştirak etdiyi tədbir böyük coşqu ilə davam edib.

Regionlarda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon idarə və müəssisələrlə birgə mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında “İnsan Hüquqları Aylığı” çərçivəsində və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbirlər keçirilib. Tədbirlərdə uşaqların iştirakı ilə dəb nümayişi təşkil edilib, münsif qismində çıxış edən uşaqlar həmyaşıdlarının təqdimatını qiymətləndiriblər. İştirakçılarda xoş əhval-ruhiyyə yaradan tədbirlər uşaqların maraqlı rəqs nömrələri ilə də yadda qalıb. Yekunda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2024-cü il üzrə məlumat dinlənilib
30 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2024-cü il üzrə məlumatla çıxış edib. Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib: 1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri; 2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı; 3. 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. Hesabat: “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-ci il üzrə məlumatı Çıxış: Bahar Muradovanın çıxışı Təqdimat: Gender hesabatı 2024 (təqdimat)

Şagirdlər üçün “İnternet təhlükəsizliyi” mövzusunda görüş keçirilib
29 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 182 nömrəli tam orta məktəbin şagirdləri üçün “İnternet təhlükəsizliyi” mövzusunda görüş keçirilib. Direktor vəzifəsini müvəqqəti icra edən İlhamə Qurbanova çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyəti barədə danışıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov uşaqların onlayn mühitdə qarşılaşa biləcəyi risklər, təhlükəli məzmunlardan qorunma yolları, internetdən istifadə edən zamanı valideyn nəzarətinin əhəmiyyyəti, eləcə də şifrə təhlükəsizliyi və şəxsi məlumatların qorunması barədə məlumat verib. Görüşün sonunda uşaqların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb və internet təhlükəsizliyi ilə bağlı sosial çarx nümayiş olunub.

Regionlarda növbəti “açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 29 may 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Binə, Ağdam rayonunun Xındırıstan, Goranboy rayonunun Mənəşli, Hacıqabul rayonunun Qarasu, Qəbələ rayonunun Yemişanlı, Saatlı rayonunun Qaracalar, Sabirabad rayonunun Minbaşı, Zaqatala rayonunun Qandax, Zərdab rayonunun Şahhüseynli, Göygöl rayonunun Balçılı, İsmayıllı rayonunun Quşencə kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, aliment, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, yaşayış şəraitinin yaxşılaşdırılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi ilə bağlı müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşın müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

BMT-nin tövsiyələrinin icrası ilə əlaqədar işçi qrupun iclası keçirildi
BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası çərçivəsində, Azərbaycan Respublikası Hökumətinin BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na dair təqdim etdiyi beşinci və altıncı birgə dövri məruzəsi üzrə qəbul olunmuş Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair verilmiş tövsiyələrin 2024-cü il ərzində icra vəziyyətinin təhlili məqsədilə İşçi qrupun cari il üçün ilk iclası keçirilib. 29 may 2025-ci il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığlı ilə baş tutan dəyirmi masada aidiyyəti dövlət qurumlarını təmsil edən nümayəndələr tövsiyələr üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin tövsiyələrinin ölkəmiz tərəfindən icrasına dair həyata keçirilən tədbirləri, əldə olunan nəticələri və qarşıdakı hədəfləri diqqətə çatdırıb. O bildirib ki, ölkənin gələcəyinin uğurlu olması üçün uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və dəyərlərə sadiq, vətənpərvər və milli ruhda tərbiyə olunması vacibdir. Əgər biz gələcəyimizi güclü görmək istəyiriksə, bu gün uşaqlarımıza maksimum diqqət göstərməliyik. Bu istiqamətdə isə İşçi qrupun önəmli rolunu nəzərə alaraq, daha real və funksional koordinasiyaya ehtiyac var. Çıxışında son iki ildə əldə olunan nailiyyətlərə toxunan sədr müavini bildirib ki, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb: “Komitə tərəfindən hazırlanmış 10-a yaxın sənəd qəbul olunub. Təhsil və səhiyyə sahəsində inklüzivliyin gücləndirilməsi, erkən və qohumlararası nikahların qarşısının alınması, həssas qrupdan olan uşaqların sosial təminatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.” - deyə o əlavə edib. Uşaq hüquqları sahəsində qarşıda duran ən vacib məsələlərdən birinin təhlükəli informasiyalardan qorunma olduğunu vurğulayan sədr müavini bildirib ki, bu istiqamətdə təxirəsalınmaz və vacib addımlar atılmalıdır. Sonda Aynur Sofiyeva bildirib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlıq və koordinasiyalı fəaliyyət əsas şərtdir. Bu sahədə fəaliyyət göstərən qurumlar və tərəfdaşlarla güclərimizi birləşdirmək daha effektiv və davamlı nəticələr əldə etməyə imkan yarada bilər. Hüquqları yalnız qanunlarda deyil, həm də ictimai şüurda formalaşdırmaq lazımdır. Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tərəfindən tövsiyələrin icrası istiqamətində Dövlət Komitəsi, eləcə də, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib, habelə qarşıda duran mühüm məqamlar şərh edilib. Çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva bildirib ki, BMT-nin "Uşaq Hüquqları Konvensiyası"na dair 2027-ci ildə təqdim olunacaq növbəti hesabatın hazırlanmasında illik fəaliyyətlər, eləcə də əvvəlki dövrlərlə müqayisə edilə bilən uzunmüddətli göstəricilər diqqətlə nəzərə alınmalıdır. Məlumatlar dəqiq və konkret faktlara əsaslanmalı, real vəziyyəti əks etdirməlidir. O qeyd edib ki, artıq ənənəvi tədbir formatından nəticəyönümlü layihə formatına keçid vacibdir. Sonra Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqlara uyğun büdcə qiymətləndirmələri və təkmilləşdirilmiş büdcə effektivliyi daxil olmaqla Dövlət uşaq büdcəsinin formalaşdırılması” mövzusunda aparılmış təhlilin təqdimatı keçirilib. Maliyyə Nazirliyinin Ortamüddətli Xərclərin Çərçivəsinin Hazırlanması Mərkəzi Maliyyə statistikası və büdcə təsnifatı sektorunun müdiri Elnarə Kazımova və Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunun baş məsləhətçisi Zaur İsmiyev uşaqların rifahının artırılmasına, təhsil, səhiyyə və sosial xidmətlərin təkmilləşdirilməsinə yönəlmiş strategiya və qərar qəbulu üçün əsas rol oynayan büdcə resurslarının bölgüsü, prioritet sahələr, sosial müdafiə proqramları və investisiya istiqamətləri barədə ətraflı məlumat veriblər. Tədbir müzakirələrlə davam edib.

"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Kərimzadələr ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Ailələrimizi tanıyaq"layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız Xəzər rayonundan olan Kərimzadələr ailəsidir. Ailənin başçısı Telman Kərimzadə 1951-ci ildə anadan olub. Azərbaycan Tibb İnstitutunun Sanitariya-profilaktika fakültəsini bitirib, əvvəllər hərbi həkim kimi fəaliyyət göstərib, sonra isə Şimal DRES-də mühafizə rəisi vəzifəsini tutub. Hazırda təqaüddədir. Həyat yoldaşı Sevil Kərimzadə 1963-cü ildə ziyalı ailəsində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) fərqlənmə diplomu ilə bitirib. Hazırda 181 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. 41 ildir birgə ömür sürən bu ailənin 3 qız övladı, 5 nəvəsi var. İlahə Qeybullayeva Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində çalışır. Ailəlidir, 3 övladı var. Səbinə Kərimzadə Bakı Dövlət Universitetinin Fizika elektronika fakültəsini bitirib, “Rabitəbank” ASC-də fəaliyyət göstərir. İranə Qurbanova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin bakalavr, Bakı Dövlət Universitetinin Politologiya fakültəsinin magistr pillələrini fərqlənmə diplomu ilə bitirib, ailəlidir, 2 övladı var. Bu dəyərli, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik: Hörmətli Telman müəllim və Sevil xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 41 il davam edən “Xoşbəxt evliliyin sirri nədir?” sualını cavablandırasınız. Telman Kərimzadə: “Ailə xoşbəxtliyinin sirrini mən tərəflərin bir-birinə güzəşt etməsində görürürəm. Xoşbəxt evliliyin təməli dost olmağı bacarmaq və bir ömür birlikdə bu hörməti, sevgini davam etdirməkdir. Ömür-gün yoldaşımla bütün çətinliklərin öhdəsindən əzmkarlıqla və səbrlə gəlmişik. Daim övladlarımıza örnək olmağa, mehriban və gözəl ailə nümunəsi olmağa çalışırıq. Ailə daxilində anlaşmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Sevil Kərimzadə: Təbii ki, hər ailədə anlaşılmazlıqlar olur. Ailəmiz demokratik əsaslara malikdir. Bir-birimizin fikirlərinə hörmət bütün çətinliklərin həllinin açarıdır. Eyni zamanda ailə üzvləri arasında güvən hissinin yüksək olması problemlərin həllini sürətləndirir. Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Telman Kərimzadə: “Övlada layiqli tərbiyə vermək üçün əvvəlcə valideynlər özləri nümunəvi olmalı, vətənini sevməli və bu sevginin dəyərini övladlarına düzgün aşılamalıdırlar”. Sevil Kərimzadə: “Bədii dildə belə ifadə edim. Vətəni olmayan qanadı sınmış quşa bənzəyir. Onlar böyük bir dünyada tək olduqlarını hiss edirlər. Bizi biz edən vətənimizdir. Övladlarımızı yetişdirərkən ən böyük məqsədimiz bu amalı və sevgini onların da davam etdirməsidir”. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımızla aramızda hörmət və çox möhkəm dostluq münasibətimiz var. Valideynlər gərək övladlarına qarşı səbrli, təmkinli olsun və onların fikirlərinə hörmətlə yanaşsınlar. Məhz bu zaman ailə daxilində valideyn-övlad münasibətləri mükəmməl olar. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. Geriyə dönüb baxanda düşünürük ki, gərək onlara öz hisslərini, fikirlərini ifadə etmələri üçün daha çox şərait yaradardıq. Düşünək bir uşağın nəyə ehtiyacı var, bir uşağın özünü təhlükəsiz hiss etməsinə ehtiyacı var və bu təhlükəsizlik hissini ən çox valideyndən almaq istəyir, evi onun üçün rahat, təhlükəsiz bir yer olmalıdır. Həmçinin bir uşağın ehtiyacı var ki, ona müstəqillik verilsin və o nələrisə təcrübə eləsin, öyrənsin, bəlkə, səhv edəcək, amma öyrənsin. Buna görə də uşağa kiçik yaşlardan hörmətlə yanaşmaq, onu qırmamaq, hisslərini zədələməmək, hörmətsizlik etməmək, onunla daha çox vaxt keçirmək, söhbət etmək, danışmaq, problemlərini dinləmək lazımdır. Bütün gənc valideynlərə məhz bunları etməyi bacarmağı məsləhət görərdik. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Yeni ailə quran gənclərə tövsiyəmiz budur ki, hər zaman anlayışlı olsunlar, aralarındakı hörmət, sevgi daim olsun. Uğurlu ailəni sağlam təməllərlə inşa olunmuş körpüyə bənzətmək daha doğru olardı. Hər iki tərəf möhkəm və sarsılmaz olarsa, o ailə dağılmaz və uzunömürlü olar. İçində sevgi olan hərşey gözəldir, sevgi dolu ailə isə ən gözəl nümunədir. Fikir və təcrübələrini bizimlə paylaşdığına görə Kərimzadələr ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt ömür arzu edirik.

Regionlarda 28 May – Müstəqillik Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26-27 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və yerli idarələrin əməkdaşları, tarix müəllimləri və şagirdlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində 28 May – Müstəqillik Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və fəaliyyəti haqqında iştirakçılara məlumat verib, eyni zamanda Vətən müharibəsində ordumuzun keçdiyi döyüş yolu, işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, vətəndaşlarımızın doğma yurdlarına qayıtmasından danışıblar. Tədbirlərdə mövzu ilə əlaqəli video material, məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Reproduktiv sağlamlıq və sağlam həyat tərzinin formalaşdırılması mövzusunda gənclərlə görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda görüş keçirilib. Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı tədbiri açaraq, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb, gənclərin bu istiqamətində maarifləndirilməsinin vacib olduğunu qeyd edib. Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkimi Teymur Ağazadə çıxış edərək, sağlam həyat tərzinin insan sağlamlığına müsbət təsirlərindən, ziyanlı vərdişlərin reproduktiv sağlamlığa vurduğu zərərlərdən, həmçinin ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs ediblər. Tədbir zamanı interaktiv diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə 100-ə yaxın gənc iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi