Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Əhmədovlar ailəsi ilə müsahibə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonundan olan Əhmədovlar ailəsidir. Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Əhmədovlar ailəsi İsmayıllı rayonunun ən gözəl kəndlərindən olan Talıstanda yaşayırlar. Əkrəm Əhmədov və həyat yoldaşı Hənifə xanım 66 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 9 övladları (4 qız, 5 oğlan),14 nəvə və 5 nəticələri var. Bir oğlu Ramiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ramiz evli olub, Orxan və Ayxan adlı 2 övladı var. Hər ikisi universitet bitiriblər. Orxan kənd məktəbində işləyir və “İlin ən yaxşı müəllimi” seçilib. Ayxan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında şöbə müdiri işləyir. Qızlarından ikisi evli, biri subaydır. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısı Əkrəm Əhmədov 1965-ci ildə Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra istehsalat idarəsində aqrokimya laboratoriyasının müdiri, daha sonra rayon Partiya Komitəsində 1-ci katibin təlimatçısı, kolxoz sədri, baş aqronom kimi əmək fəaliyyətini davam etdirib. Rayonda üzüm bağlarının salınması onun təşəbbüsü olub. Həyat yoldaşı Hənifə xanım isə evdar qadındır. Hörmətli Əkrəm müəllim və Hənifə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 66 ilə yaxındır ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Əkrəm müəllim, əvvəlcə sizdən başlayaq.             Belə deyək çətinlik də olub, xoşbəxtliyimiz də olub. Şükür Allaha ki, çətinliyimiz olubsa da 66 il zarafat deyil. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?             Hər zaman bir birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunömürlü olması üçün, hər şeydən əvvəl bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Əkrəm müəllim, Sizin bir övladınız dövlət işində işlədiyi halda, müharibə başlayanda hərşeyi yarımçıq qoyub vətənin müdafiəsinə qalxıb. Siz onların vətənə, dövlətə layiqli övladların olması üçün nə etmisiniz? Həmişə onlara vətəni sevmələrini demişik. Vətən bizim həm anamızdır, həm atamızdır, həm də torpağımızdır. Şəhid oğlum həm də əlaçı idi. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımla aramızda dostluq da olub, hökmranlıq da. Ananın (Hənifə xanımın) övladlarına münasibəti: - Övladlarımla münasibətim çox yaxşı olub. Hər zaman övladlarıma aşılamışam ki, Anasını sevən ilk əvvəl torpağını, Vətənini sevməlidir, yoxsa nə o torpaq Ana Torpaq olar, nə o Vətən Ana Vətən olar. Ata (Əkrəm bəy) - Övladlarım bu yaşa çatsalar da yenə görəcəkləri işlərdə bizimlə məsləhətləşirlər, bizim tövsiyələrimizə hər zaman önəm verirlər. 14 nəvəmdən doqquzu ali təhsil alıb. Nəticələrimdən 2-si kollecdə oxuyur, qalanları məktəblidirlər.             Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Birinci məsləhətim ondan ibarətdir ki, ailə quranda ilk öncə böyükləri ilə məsləhətləşsinlər. İndi ailə quranlar böyüklərlə məsləhətləşmədən ailə qururlar, 2-3 övladları olduqdan sonra yola getmir, boşanırlar. Ailələrin möhkəm olmaları üçün ər və arvad bir-birilərini dinləyib-anlamalıdırlar. Ailə kiçik dövlətdir, bu dövləti quranda mütləq böyüklərlə məsləhətləşmək, dönə-dönə götür-qoy etmək lazımdır ki, o dövlət möhkəm, uzunömürlü olsun. Hənifə nənə deyir ki, tərəflər bir-birini işarədən anlamalı, başa düşməli, bir narahatçılıq, bir problem olanda öz aralarında həll etməlidirlər, zərurət yarandıqda ailə böyüklərindən, mütəxəssislərdən dəstək, məsləhət almalıdırlar. Aramızda inciklik olub, ancaq uzağı yarım saatdan sonra barışmışıq, kiçik bir incikliyi böyüdüb boşanmaya gətirməmişik, ailəni qorumaq üçün hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əhmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

11 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüşüb. Qonaqları salamlayan Bahar Muradova, uzun illərdir UNFPA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri və birgə fəaliyyətin nəticələrini yüksək qiymətləndirib. "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin və müvafiq Fəaliyyət Planının icrası nəticəsində müəyyən irəlləyişlərin əldə olunduğuna diqqət çəkən B.Muradova, hazırda parlamentdə bir sıra qanun layihələrində dəyişiklik edilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un bu il Azərbaycanda keçirilməsinə diqqət çəkən sədr, bu hadisənin ölkə həyatı üçün önəmli olduğunu vurğulayıb. Qeyd edib ki, iqlim dəyişiklikləri və onun təsirlərininin azaldılması fəaliyyətin bütün sferalarına toxunur, bunu nəzərə alaraq COP29 çərçivəsində qadın və uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı konfransların keçirilməsi planlaşdırılır.   İşğaldan azad edilən torpaqlarda mövcud mina təhlükəsinin insanların öz doğma yurdlarına qayıtması prosesini əngəllədiyini bildirən Komitə sədri, qeyd edilən məsələ ilə bağlı əməkdaşlığın intensivləşdirilməsinin önəmini vurğulayıb. O, eyni zamanda regiona qayıdış və yenidənqurma ilə bağlı Azərbaycan təcrübəsinin dünyada müharibədən əziyyət çəkən bir çox ölkələr üçün də nümunə ola biləcəyini qeyd edib.  BMT-nin Əhali Fondunun rəsmisi Məryəm Xansəmimi qəbula görə təşəkkür edərək,mədəniyyətlərin və ənənələrin cəmləşdiyi Azərbaycanda qadın  hüquqlarının, gender bərabərliyinin təmin olunması, onların səlahiyyətlərinin genişləndirilməsi sahəsində nailiyyətləri yüksək qiymətləndirib. UNFPA-nın Azərbaycan ilə uzun illərdir davam edən uğurlu əməkdaşlığına diqqət çəkən qonaq, qarşıdakı beş ili əhatə edən proqramın hazırlandığını əlavə edib. O, işğaldan azad olunan ərazilərdə müvafiq sahələr üzrə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib.  Görüş zamanı qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı, həmçinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən işlərdən bəhs edilib.   Görüşdə digər mühüm sahələr üzrə həyata keçiriləcək müştərək layihələr barədə müzakirə aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

Ətraflı
Cəlilabadda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə cari ilin iyun ayından etibarən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib. Layihə çərçivəsində uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə təşkil olunan təlimlər Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zopun, Vənlik, Fətullaqışlaq, Oğrubulaq və Komanlı kəndlərində keçirilib. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi məqsədilə müxtəlif qrup işləri təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara kitablar hədiyyə edilib.

Ətraflı
Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

11 iyun 2024-cü il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsinə əsasən, CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir. Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə keçirilən görüşdə Komitə sədri Bahar Muradova çıxış edərək, uğurla təqdim olunan Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair BMT-nin Uşaq Hüquqları Komitəsindəki müzakirədən danışıb. O, bugünkü iclasda təqdimatdan keçən müddət ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə fikir mübadiləsi aparılacağını deyib. B. Muradova bildirib ki, Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri yerinə yetirərək monitorinq və əlaqələndirmə işini davam etdirir, eləcə də bütün tövsiyələr üzrə müxtəlif istiqamətlərdə fəaliyyət müəyyən edilib, həmçinin iki səviyyədə İşçi Qrup yaradılıb. Ötən dövr ərzində Dövlət Komitəsinin və aidiyyəti qurumların müəllifliyi ilə normativ hüquqi aktlara dəyişikliklər edilməsi ilə bağlı da bir sıra layihələrin hazırlandığını bildirən B.Muradova, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nı və digər sənədləri misal göstərib. O, eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı ilə bağlı görülən işlərdən danışıb və ilkin yoxlamaların yekunlaşdığını bildirib. Eləcə də xarici ölkədə çətin vəziyyətə düşmüş Azərbaycan vətəndaşlarının repatriasiyası qaydaları təsdiq olunmuşdur ki, ölkəyə qaytarılan uşaqlar üçün bu qayda tətbiq olunub. UNİCEF-ə uzun illik uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirən Komitə sədri, bu gün müzakirə edilən mövzuların ictimaiyyət, xüsusilə də media tərəfindən daim diqqətdə saxlanılacağına ümidini ifadə edib. UNICEF-in Azərbaycandakı Nümayəndəsi Saca Faroq Abdullah, uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətinin irəliləyişlərə nail olunduğunu vurğulayaraq, xüsusilə də Cop29 kimi mötəbər tədbirin burada keçirilməsinin beynəlxalq ictimaiyyətin ölkəyə olan inamının təzahürü kimi qiymətləndirib. O, cinsi istismarla bağlı Konvensiyanın hökumət tərəfindən ratifikasiya edilməsinin, dayanıqlı inkişaf məqsədləri üzrə uğurların əldə edilməsinin mühüm addımlardan olduğunu qeyd edərək, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, həmçinin əlil uşaqların diqqət və qayğı ilə əhatə olunmasının təqdirəlayiq olduğunu vurğulayıb. Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən və görüləcək işlərdən danışan S.Abdullah preventiv tədbirlər, inklüziv təhsil ilə bağlı fikirlərini bölüşüb. BMT-nin aidiyyəti dövlət qurumları ilə əlaqəli, effektiv və kompleks şəkildə əməkdaşlığı sayəsində uşaq hüquqlarının daha yaxşı qorunmasının və tövsiyələrin yerinə yetirilməsinin əhəmiyyətini bildirib. BMT rəsmisi, uşaq hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, ana və uşaq ölümü hallarının azaldılması, uşaqlara qarşı zorakılığın qarşısının alınması, təhsilin inkluzivliyinin təmin edilməsi, gələcək resursların təkmilləşdirilməsi və səmərəli paylanması istiqamətində işlərin sürətləndirilmiş halda davam etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri ilə bağlı təqdimatla çıxış edib. O, “Uşaq hüquqları haqqında” Konvensiya istiqamətində müsbət təcrübələri diqqətə çatdıraraq, uşaq strategiyasının qəbulu, övladlığa götürmə sistemində islahatların aparılması, uşaq qaynar xəttinin fəaliyyəti, məktəblinin dostu və uşaq səfirlər məclisi kimi mühüm lahiyələrin icrası, probasiya xidmətinin yaradılmasını qeyd edib. CRC tövsiyələrinə toxunan V. Salmanov qanunvericilik aktlarının qəbulunun sürətləndirilməsi, konvensiya və fakültativ protokollara tam uyğunluğunun təmin edilməsi, nazirlik səviyyəsində əlaqə mexanizminin yaradılması, uşağın üstün mənafeyinin qorunması, uşaqlara qarşı cismani cəzanı açıq şəkildə qadağan edən qanunvericilik aktlarının qəbul edilməsi, ailə mühiti və alternativ qayğı, hərtərəfli yuvenal ədliyyə sisteminin yaradılması məsələlərinin də tövsiyələrdə yer aldığını qeyd edib. Komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatları diqqətə çatdırıb. O, tövsiyələrin altı mühüm istiqaməti əhatə etdiyini vurğulayaraq, xüsusilə də dövlət uşaq büdcəsinin yaradılması və tətbiqi, eləcə də qısa müddətli mühafizə orderləri ilə bağlı qanunvericilikdə dəyişikliklərin edildiyini bildirib. Uşaqlara dair elektron məlumat bankının da təkmilləşdirildiyini deyən Komitə nümayəndəsi uşaq məsələləri üzrə ixtisaslaşmış hakim və prokurorların təyin edilməsinin də vacib məsələlərdən olduğunu bildirərək, “yuvenal.az” təlim kursunun da fəaliyyətə başladığını əlavə edib. Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova uşaq hüquqları ilə bağlı qanunvericiliyə dair tövsiyələrin yerinə yetirilməsi vəziyyəti istiqamətində çıxış edib. O, uşaqların müdafiəsi istiqamətində Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində edilən əlavə və dəyişiklikləri diqqətə çatdıraraq, xüsusilə də uşaqların dindirilməsi, təkrar ifadəsinin alınmasının qarşısının alınması və digər yeni məsələlərin tətbiq edildiyini qeyd edib. T. İbrahimova mühafizə orderlərinin verilməsi, hüquqi yardımın təmin edilməsi istiqamətində yeniliklər haqqında məlumat verib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti institutunun iştirakı ilə davam edən görüşdə qanunvericilik, strategiya, əlaqələndirmə, doğumun qeydiyyatı və vətəndaşlıq, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitində yaşamaq hüququ, əlilliyi olan uşaqlar, uşaq əməyi və küçə mühitində yaşayan uşaqlar, uşaq ədliyyəsi, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsil, asudə vaxt və mədəni fəaliyyətlər, uşaqların ekoloji sağlamlığı və digər məsələlər müzakirə edilib.

Ətraflı
"Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub

10 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Üçüncü Bahar ”Yaşlılara Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə birgə həyata keçirilən “Selektiv abortlarla mübarizə” Kampaniyası çərçivəsində "Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub. Müəllifi İlqar Fəhmi, rejissoru Respublikanın əməkdar artisti Nicat Kazımov olan bu tamaşa bir neçə özəlliyi ilə seçilir. Tamaşa dövrümüzün həssas problemlərindən olan cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edir. Tamaşadan sonra çıxışlar dinlənilib. Qonaqları salamlayan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün nümayiş olunan ailə dramına həyatda çoxlarının şahid olduğunu, səhnədə səslənən fikirlərin çoxlarının eşitdiyini bildirib. Azərbaycanın mövcud olduğu tarix boyu böyük inkişaf yolu keçdiyini, xalqımızın tarixi və mədəniyyətinə, milli adət-ənənələrinə daim hörmət göstərib, onu qiymətləndirdiyini vurğulayıb. Müsbət adətlərlə yanaşı, bəzən streotiplərin də önə keçdiyini qeyd edən sədr bildirib ki, onlarla mübarizədə xalqın düşünən beyinləri olan dəyərli sənətkarların, eləcə də möhtəşəm Hüseyn Cavidin fikirləri xalqın önündə bir mayak olmuşdur. O əlavə edib ki, aydınlarımız xalqın inkişafını və onun gələcəyini düşünərkən qadınların da kişilərlə bərabər inkişafa layiq olduğunu vurğulamış, dövrünün mənfi stereotiplərinə qarşı ən müxtəlif vasitələrlə çıxmışlar. Bu gün də prosesin davam etdiyini qeyd edən B. Muradova, günümüz yazarlarının qələmindən çıxmış bir əsər əsasında hazırlanmış tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Çıxışının sonunda Komitənin müvafiq sahədə uzun illərdir gördüyü işlərdən danışan Komitə sədri, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na da diqqət çəkib. O, bu istiqamətdə qanunvericilik sahəsində də mühüm dəyişiklərin olacağına inamını ifadə edib. B.Muradova belə aktual və vacib əhəmiyyətli layihələri dəstəkləməyə daim hazır olduqlarını bildirib. “Üçüncü Bahar” İctimai Birliyinin sədri Nərmin Qəniyeva çıxışında təşkilatın 8 il ərzində keçdiyi yola nəzər salıb, ötən dövr ərzində yaşlıların cəmiyyətə inteqrasiyası məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. N.Qəniyeva sonda Dövlət Komitəsinə əməkdaşlığa görə təşəkkürünü bildirib və belə layihələrin davamlı olmasını arzulayıb. Daha sonra tamaşanın rejissoru, Respublikanın əməkdar artisti Nicat Kazımov və birliyin üzvü Pəri Tağıyevanın çıxışları dinlənilib. Qeyd edilib ki, son dövrlərdə selektiv abortlar ictimaiyyəti narahat edən ciddi bir müzakirə obyektinə çevrilib. Məhz bu halın qarşısının alınması sahəsində görülən işlərin davamı olaraq keçirilən tamaşanın cəmiyyət üçün də töhfə olacağını qeyd ediblər. Çıxışlardan sonra tamaşa iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi adından qurama tablosu hədiyyə edilib.

Ətraflı
Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri, o cümlədən “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda dəyirmi masalar, təhsildən yayınan və risk qrupundan olan uşaqların aşkar edilməsi, problemlərinin öyrənilməsi və həlli ilə bağlı görüşlər keçirilib, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrinə monitorinqlər təşkil edilib. Tədbirlərdə və monitorinqlərdə mərkəzlərin, yerli icra hakimiyyətlərinin və Ombudsmanın Regional Mərkəzinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil, tibb və mədəniyyət işçiləri, valideynlər, tələbələr, icmadan olan sakinlər iştirak ediblər. Görüşlər və monitorinqlər zamanı təhsildən yayınan uşaqlar haqqında məlumatlar toplanılıb və nəzarətə götürülüblər. Maarifləndirmə tədbirlərində “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, eləcə də ölkəmizdə qüvvədə olan qanunvericilik aktları haqqında ətraflı məlumat verilib, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, sevgi ilə böyüməsinin vacibliyi vurğulanıb, uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda müvafiq qurumlara vaxtında məlumat verilməsinin zəruriliyi qeyd edilib. Cinsi ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində aparılan işlər və dövlət proqramları barədə məlumat verilib. Ekspertlər doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərərləri barədə danışıblar. Tədbirlərdə müvafiq mövzularda sosial çarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Ətraflı
Məhkum qadınlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 7 may 2024-cü il tarixində Komitə əməkdaşlarının 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüşü keçirilib. Görüş zamanı 18 məhkum qadının müraciətləri dinlənilib. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının problemləri, özlərinin və ailələrinin sosial vəziyyəti, ailələri ilə əlaqələri kəsilmiş qadınların doğmaları ilə ünsiyyət saxlamaları, vəkil ilə təmin olunma və digər məsələlər yer alıb. Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.    

Ətraflı
Sədaqət Qəhrəmanova Düşənbədə keçirilən “Qadınlar və Su” Beynəlxalq Forumunda iştirak edib

10 iyun 2024-cü il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Üçüncü Yüksək Səviyyəli Konfrans çərçivəsində “Qadınlar və Su” Beynəlxalq Forumu keçirilib. Su resurslarının idarə olunmasında qadınların rolu, gender bərabərliyinin təmin olunması istiqamətində beynəlxalq müzakirə platformasının yaradılması məqsədilə keçirilən forumda “Qadınlar və Su” mövzusunda sərgi nümayiş etdirilib. Tədbirin açılış hissəsindən sonra “Su diplomatiyasında qadınlar sülhməramlı, ədalətli və inklüziv cəmiyyət naminə” və “İcma səviyyəsində su təminatı sahəsinin gender yönümlü gündəliyinə sərmayə qoyulması: sülhməramlı, ədalətli və inklüziv cəmiyyətlər üçün ən yaxşı təcrübələr və alətlər” mövzularında panel müzakirələri aparılıb. Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ekoloji tarazlığın qorunmasında su resurslarının idarə olunmasının əhəmiyyəti, ölkəmizdə su resurslarının idarə olunmasının effektivliyinin artırılması istiqamətində dövlət siyasəti, eyni zamanda yaşıl iqtisadiyyatda qadınların rolu barədə məlumat verib. Komitə sədrinin müavini çıxışında həmçinin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu Sessiyasına (COP29) dair forum iştirakçılarına məlumat verərək, bu çərçivədə həyata keçirilən tədbirlərdə qadınların iştirakçılığının artırılmasının yaşıl iqlim naminə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sonda Forumun gündəliyində qeyd olunan məsələlərə dair interaktiv müzakirələrdən sonra gələcək üçün hədəf və məqsədlər müəyyən olunub. Forumda müxtəlif dövlətlərin, beynəlxalq, regional və yerli təşkilatların, elm, təhsil və media nümayəndələri, su resurslarının idarə olunması və gender bərabərliyinin təmin olunması sahəsində ekspertlər, qadın hüquq müdafiəçiləri iştirak ediblər.

Ətraflı
Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 3-7 iyun 2024-cü il tarixlərində mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Maarifləndirmə tədbirlərində ekspertlər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib. Müəllimlərin dəstəyi ilə uşaqlar tərəfindən quşlar üçün yuvalar düzəldilib, ağacların gövdələri əhənglə rənglənib, çiçəklər suvarılıb, şagirdlər təbiət mövzusunda rəsmlər çəkib, şeirlər, mahnılar səsləndirib, müxtəlif oyunlar oynayıblar.

Ətraflı