Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Məktəblərdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər keçirilib

20–21 may 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən 163 və 314 nömrəli tam orta məktəblərdə müəllim, valideyn və şagird heyəti üçün “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər təşkil olunub. Görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə ailə dəyərlərinə hörmət, xalqa sədaqət, valideyn-övlad münasibətlərinin sağlam təməl üzərində qurulması, milli kimlik və vətəndaş məsuliyyəti kimi mühüm anlayışların formalaşdırılması istiqamətində bilik və düşüncələrin artırılması olub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Zülfiyyə Sadıq və Ləman Mahmudova çıxış edərək, milli-mənəvi və ailə dəyərlərinin uşaqların şəxsiyyət kimi formalaşması, onların sosial və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar. Sonda məktəb rəhbərliyi və kollektiv tərəfindən bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirin yekununda mövzuya dair videoçarx nümayiş etdirilib və iştirakçılara maarifləndirici çap materialları təqdim olunub.

Ətraflı
Komitədə Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndləri ilə görüş keçirilib

21 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndləri ilə görüşüb.  Qonaqları salamlayan sədr müavini S.Qəhrəmanova ölkəmizdə aparılan dövlət qadın siyasəti, eləcə də gender bərabərliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verib. Daha sonra Dövlət Komitəsinin fəaliyyəti haqqında danışan S.Qəhrəmanova, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Qadınların iqtisadi səlahiyyətlərinin və biznes bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılmasına yönəlmiş layihələrdən bəhs edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının prezidenti Rauşan Sarsembayeva Azərbaycanda qadınların hüquqlarının müdafiəsiəsinə yönəlmiş tədbirlərin və bu sahədə reallaşdırılan layihələrin təqdirəlayiq olduğunu bildirib. O, Qazaxıstanda qadın hüquqları ilə bağlı mövcud vəziyyət haqqında danışıb. Həmçinin rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti barədə məlumat verib. Görüş zamanı Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artırılması, onların sahibkarlıq fəaliyyətində təmsilçiliyinin artırılması və məşğulluqlarının təmin edilməsi sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
Dövlət Komitəsinin “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrasına dair 2024-cü il üzrə məlumatı müzakirə olunub

21 may 2025-ci il tarixində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrasına dair 2024-cü il üzrə məlumatı müzakirə olunub. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iclasda çıxışı zamanı görülən işlərdən danışaraq, bu sahədə qurumlararası əməkdaşlığın önəmini vurğulayıb. O, hesabatda əldə edilən nailiyyətlərlə bağlı geniş məlumatların əks olunduğunu deyib. Sədr müavini qadınların yüksək vəzifələrə təyin olunması, hüquq-mühafizə orqanlarında iştirakçılığının artması kimi müsbət göstəriciləri diqqətə çatdırıb. S.Qəhrəmanova qarşıda duran vəzifələrdən bəhs edərək, dövlət qurumları ilə yanaşı, qeyri-dövlət müəssisələri ilə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə təşkilatçılıq əsasında 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.  Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Layihə çərçivəsində növbəti görüş 19 may 2025-ci il tarixində keçirilib. Görüşdə Şamaxı Rayon  İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin rəhbəri Adilə Əliyeva  çıxış ediblər. Görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, deputat Könül Nurullayevanın,  2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovanın TEDx formatında çıxışları baş tutub.             Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

Ətraflı
Regionlarda icma sakinlərinin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

  12-16 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib. Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə icma sakinlərinin məlumatlandırılması məqsədilə keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbələri, eləcə də bələdiyyələrin nümayəndələri, din xadimləri, tibb və mətbuat işçiləri, ictimai iaşə obyektində çalışan şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Tədbirlərdə iştirakçılara erkən evlilik və qohum evliliklərinin fəsadları, riskləri, eyni zamanda qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxsin evliliyinə dair qanunveriricilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, maarifləndirmə materialları paylanılıb, videomateriallar nümayiş etdirilib.

Ətraflı
Bahar Muradova Komitə yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb

16 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitə yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb. Bahar Muradova İctimai Şuranın növbəti dəfə fəaliyyətini uğurla başa vurduğunu və yeni seçkilərin də demokratik prinsiplər əsasında, şəffaf, sərbəst, seçicilərin azad iradəsinin ifadəsi şəraitində keçirildiyini bildirib. O, şuraya seçilən hər bir nümayəndənin cəmiyyətdə xüsusi mövqeyə sahib ictimai xadimlər olduğunu vurğulayıb. Komitə sədri bildirib ki, yeni tərkibin təcrübəsi və bilikləri gələcək işlərdə əhəmiyyətli rol oynayacaq. “İki il müddətində biz sizinlə müntəzəm görüşəcəyik, birgə planlarımızı quracağıq, təkliflərinizi, fikirlərinizi dinləyəcəyik, imkan daxilində sizə dəstək göstərəcəyik. Cəmiyyət üçün çox vacib, əhəmiyyətli hədəflərimiz var və bunun üçün də birgə çalışmalıyıq” - deyə o əlavə edib. Şura üzvləri Dövlət Komitəsinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, İctimai şuranın fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını yüksək qiymətləndiriblər. Həmçinin qarşılıqlı fikir mübadiləsinin və daimi dialoqun aparılmasının əhəmiyyətini vurğulayıblar. Seçki Komissiyasının sədrinə və üzvlərinə seçkinin uğurlu təşkilinə görə təşəkkürlərini bildiriblər. Daha sonra yeni seçilmiş Şura üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. Görüşün davamında Şura üzvlərinə ailə, qadın və uşaq siyasətinə dair əsas istiqamətlər, həmçinin Komitənin fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.

Ətraflı
“Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib

14 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin 234 və 97 nömrəli tam orta məktəblərində şagirdlər və valideynlərlə “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib. Görüşlərdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov fişinq hücumları, kibertəhlükələr və sosial mühəndislik üsullarından danışıb, uşaqların və valideynlərin bu hallardan qorunma yollarını izah edib. “Ailəm könüllüləri” proqramının üzvü Gülgün Şəfiyeva isə onlayn davranış qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və sosial mediada təhlükəli məzmunların tanınması barədə təqdimatla çıxış edib. Hər iki görüşdə interaktiv diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb və “Təhlükəsiz internet” adlı sosial çarx nümayiş olunub.

Ətraflı
Təhsildə milli-mənəvi və ailə dəyərlərinin təbliği mövzusu müzakirə olundu

15 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib. Tədbir 15 May – Beynəlxalq Ailə Gününə həsr olunub və “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində baş tutub. Konfransı açan BDU-nun rektoru Elçin Babayev sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verib. Komitə sədri çıxışı zamanı bildirib ki, bu gün bütün dünyada 15 may tarixi Beynəlxalq Ailə Günü kimi qeyd olunur. B. Muradova ailə institutunun cəmiyyətin dayanıqlığında və gənc nəslin formalaşmasında əvəzolunmaz rolundan söz açıb, ailə dəyərlərinin təhsil prosesi vasitəsilə gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, qlobal çağırışlara uyğun olaraq ailə institutunun möhkəmləndirilməsi və milli dəyərlərimizin yaşadılması istiqamətində ciddi işlərin həyata keçirildiyini vurğulayaraq, hazırda Ailə Konsepsiyasının hazırlandığını bildirib. Komitə sədri bu sənədin yalnız yol xəritəsi deyil, həm də gələcək nəsillərin sağlam və milli dəyərlərə əsaslanan şəkildə formalaşmasını təmin edəcək siyasətin və fəaliyyətin istiqamətlərini müəyyənləşdirəcəyini qeyd edib. B.Muradova bildirib ki, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələr, eyni zamanda onun ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin milli ruhda tərbiyəsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün əsas istiqamətverici amillərdir. Ailə institutunun dayaqlarını sarsıdan təsirlərdən danışan sədr, xüsusilə televiziyada yayımlanan bəzi verilişlərdə ailə institutuna zidd halların təqdim olunmasının cəmiyyətdə narahatlıq doğurduğunu və bu məsələnin gündəlik müzakirə mövzusuna çevrildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının ictimai fəaliyyəti çərçivəsində aparılan təbliğat və maarifləndirmə işləri xüsusi əhəmiyyət daşıyır: “Bu sahədə müvafiq dövlət qurumları və QHT-lər arasında əməkdaşlıq genişləndirilir, ailə dəyərlərinin qorunması məqsədilə müxtəlif layihələr icra olunur”. Komitə sədri bildirib ki, məktəbəqədər müəssisələrdə təlim və tərbiyə prosesinin uğurlu aparılması üçün ailənin rolu həlledicidir və bu məsələdə valideynlərin maarifləndirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Bahar Muradova xarici dildə təhsil verən məktəblərdə ana dili, milli tarix və mədəniyyətə dair dərsliklərin mövcudluğunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O əlavə edib ki, təhsil siyasətində rəqəmsal transformasiya və mənəvi sağlamlığın strateji hədəf kimi qəbul edilməsi, bu dəyərlərə əsaslanan maariflənməni ön plana çıxarır. Çıxış edən BDU-nun rektoru Elçin Babayev qloballaşma dövründə, yeni reallığa qədəm qoymuş ölkəmizdə yeniyetmə və gənclərin layiqli şəxsiyyət və vətəndaş kimi formalaşmasında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması, geniş tədqiq və təbliğ olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rektor təhsilin innovativ texnologiyalar tətbiq edilməklə müasir tələblərə uyğunlaşmalı və yeni metodlarla zənginləşdirilməli olduğunu qeyd edib və bütün bunların milli-mənəvi dəyərlər bazası üzərində qurulmalı, elmi biliklər, geniş dünyagörüşü mənəvi dəyərlərimizə söykənməli, onların davamlı inkişafını təmin etməli olduğunu əlavə edib. O, BDU-da tələbələr arasında milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrıldığını, təhsilalanlara bu dəyərlərin təbliği istiqamətində müntəzəm tədbirlərin keçirildiyini, ailə dəyərləri, adət-ənənələrimizin aşılanması istiqamətində səmərəli iş aparıldığını söyləyib. Açılış nitqləri dinlənildikdən sonra dövlət rəsmiləri və elm xadimləri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Milli Məclisin deputatı, İnsan Hüquqları Komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc, ailə institutunun sosial siyasətdəki yerini təhlil edib və milli dəyərlərin qorunmasında təhsilin mühüm roluna toxunub. Milli Məclisin deputatı Mehriban Vəliyeva, çıxışında ailə modelinin təməlində dayanan dəyərlərin təhsil mühitində təbliğinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan ailəsi öz uzunömürlülüyü, sabitliyi, milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir və bu model cəmiyyətin inkişafında mühüm rol oynayır: “Ailə qlobal təhdidlərə qarşı ən güclü istehkam, ictimai strukturumuzun təməlidir. Ailə bizi qoruyan mənəvi bir səngərdir”. Ailənin həm ictimai institut, həm də milli kimliyin daşıyıcısı kimi dövlətin daim diqqətində olduğunu qeyd edən deputat, ailə münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi üçün mühüm addımların atıldığını deyib. M.Vəliyeva vurğulayıb ki, dövlət ailə institutunun qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir: ”Dövlətimiz hər zaman ailəni himayə edib və bu sahədə həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri sağlam və güclü ailə modelinin qorunması və inkişaf etdirilməsidir”. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, postmodernizm dövründə sürətli inkişafın nəticəsi olaraq yeni dəyər anlayışının yarandığını qeyd edib. O, mənəvi dəyərlərin cəmiyyətdə, xüsusilə də gənc nəsil arasında möhkəmləndirilməsi üçün onların düşüncə tərzinə uyğun layihələrin əhəmiyyətini vurğulayıb. Ənənəvi dəyərlərin dini və mədəni kontekstdə qorunmasının zəruriliyindən danışıb. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ənənəvi dəyərlərin və ailə institutunun qorunmasının Elm və Təhsil Nazirliyi və onun tabeli qurumlarında da prioritet mövzulardan biri olduğunu qeyd edib və fondun bu sahədəki fəaliyyətindən, eləcə də Komitə ilə birgə reallaşdırılan “Qızların təhsilinə dəstək” proqramı çərçivəsində bir sıra layihələrdən danışıb. O, təhsil prosesinin təkcə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmadığını deyib, onu həm də vətəndaşın dünyagörüşünün, əxlaqi və milli kimliyinin bərqərar olduğu mühit kimi qiymətləndirib: “Bu baxımdan ailə və təhsil sistemləri bir-birini tamamlayan iki böyük sütundur”. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov texnologiya və rəqəmsallaşma dövründə ailə dəyərləri və ailədaxili münasibətlərin qorunmasının əhəmiyyətinə toxunub. Konfransın yekununda rektor Elçin Babayevin moderatorluğu ilə keçirilən müzakirələrdə ailə və milli dəyərlərin qorunması, eləcə də təhsil sistemində bu istiqamətdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.  

Ətraflı
15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən 236, 96, 172 və 253 nömrəli tam orta məktəblərdə yuxarı sinif şagirdləri, valideynlər və müəllimlərlə “Ailə, ailə dəyərləri və ənənələr” və “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzularında maarifləndirici görüşlər keçirilib. Görüşlərdə məktəb direktorları, Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova və şöbənin baş məsləhətçisi Zülfiyyə Sadıq çıxıb ediblər. G.Məmmədova təqdimatla çıxış edərək, ailə dəyərlərinin və ənənələrinin qorunub saxlanılmasının, nəsildən-nəslə ötürülməsinin dövlət ailə siyasətinin əsas prioritet istiqaməti olması barədə, eləcə də cəmiyyəti narahat edən ailə məsələlərinin həlli istiqamətində Dövlət Komitəsinin üzərinə düşən öhdəlik və görülən işlərlə bağlı iştirakçılara geniş məlumat verib. Z.Sadıq çıxışı zamanı valideyn və müəllimlərlə ailə - uşaq - məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə yaranan problemlər və onlardan çıxış yolları, uşaqların yaş və inkişaf xüsusiyyətləri istiqamətində məlumatlar verib. Çıxışlardan sonra birgə müzakirələr aparılıb, “Ağ və Qara”, ”Ailə bir ağacdır” adlı video-çarxlar nümayiş etdirilib, Dövlət Komitəsi tərəfindən hazırlanan maarifləndirmə vəsaitləri iştirakçılara paylanılıb. Təbirlərdən 730 nəfərdən çox iştirakçı faydalanıb.

Ətraflı