Media
Xəbərlər

Regionlarda internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlərin iştirakı ilə internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ekspertlər internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə mobil telefonlarda olan valideyn nəzarəti funksiyasından istifadə qaydalarını özündə əks etdirən video-material nümayiş etdirilib, maarifləndirmə materialı paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Yeniyetmə və gənclərlə erkən evlilik və qohum evliliyi ilə mübarizə mövzusunda görüş keçirilib
12 və 13 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sənaye və Texnologiya Kolleci, həmçinin Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Erkən evlilik və qohum evliliklərinin mənfi nəticələri” mövzusundagörüşlər keçirilib. Görüşlərdə çıxış edən Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdirinin müavini Kamila Əliyeva erkən və qohumlar arasında evlilik hallarının narahatlıq doğuran aktual ailə məsələlərindən biri olduğunu qeyd edib. Bu halların səbəb olduğu mənfi nəticələr, qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi aktlar, dövlət ailə siyasəti, eləcə də Dövlət Komitəsinin bu sahədə reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib. Yalnış stereotiplər əsasında yaranan erkən evlilik, qohum evlilikləri ilə mübarizədəcəmiyyət üzvlərinin fəallığının vacibliyi vurğulanıb, yeniyetmə və gənclərə tövsiyələr verilib. Görüşlərdə 350 nəfər tələbə iştirak edib.

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başladı!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan olunur. Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir. İştirak şərtləri: ▪ “Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır. ▪ Layihə cəmiyyətə real tətbiq oluna biləcək, sosial təsirli və unikal olmalıdır. ▪ İştirakçılar 30 may 2025-ci il tarixinə qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və 1 dəqiqəlik video çıxışı əlavə etməlidirlər. ▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq. Qalibləri xüsusi mükafatlar gözləyir! Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9 Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxaracaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
Görüşdə ilk olaraq, Dövlət Komitəsinin aparat rəhbəri, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Ceyran Rəhmətullayevanın seçkinin yekunlarına dair məlumatı dinlənilib. C. Rəhmətullayeva seçki prosesini uğurla apararaq şuraya üzv seçilən qeyri-hökumət təşkilatı nümayəndələrini təbrik edərək, şuranın yeni tərkibdə fəaliyyətinin də səmərəli və məqsədyönlü olacağına inamını ifadə edib. Sonra gündəliyin əsas məsələləri müzakirə olunub. Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavini və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin nümayəndəsi Firuzə Rəsulova şuranın sədri, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova şuranın sədr müavini, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov şuranın katibi seçilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər. Görüş müzakirələrlə davam edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
10 may - müstəqil Azərbaycan dövlətinin memarı, bütün türk dünyasının qürur hissi ilə andığı görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dünya şöhrətli, müdrik siyasi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevi dərin ehtiram və minnətdarlıqla anırıq!

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
9 may 2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər. Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstələri düzülüb.

Regionlarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5–8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində şagird və müəllimlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamız haqqında nə bilirik?” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, xüsusilə də onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat veriblər. Tədbirlərdə iştirakçılarla Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları, həmçinin vətəndaşların vəzifələri barədə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Bahar Muradova Göygöl rayonunda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, 8 may 2025-ci il tarixində keçirilən qəbul zamanı Göygöl və Daşkəsən rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında uşaqların müalicəsi, müəssisəyə yerləşdirilməsinə köməklik, erkən nikah faktı ilə bağlı hüquqi yardım, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib
7 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir. Tədbirdən öncə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsinə dərin ehtiram ifadə olunub, abidə önünə gül dəstələri düzülüb. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumilli Lider Heydər Əliyevin ömür yolundan bəhs edən video-çarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. Heydər Əliyevin yalnız siyasi xadim deyil, həm də müasir müstəqil Azərbaycanın memarı olduğunu bildirən N. Bayramov, Ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi və dəmir iradəsi nəticəsində ölkəmizin ağır sınaqlardan üzüağ çıxaraq regionun lider dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmizin həyatında yeni bir mərhələ başlayıb, məhz bu uzaqgörən siyasət sayəsində mühüm uğurlar əldə olunub. Heydər Əliyev irsinin bu gün də Azərbaycan üçün əsas yol göstəricisi olduğunu vurğulayan N.Bayramov bildirib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bu irsin davamlı və sarsılmaz olduğunu bir daha sübut etdi. O çıxışısının sonunda vurğulayıb ki, Heydər Əliyevin siyasi ideyaları və qurduğu müstəqil dövlət bu gün hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir mirasdır. “Bu mirası qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur” – deyə əlavə edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradova bildirib ki, bu gün dünyada gedən proseslər, müharibə və müxtəlif qarşıdurmaların olduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xalqlara sülh, əminamanlıq, dinlər və etnik qruplar arasında tolerantlıq və multikultural dəyərlərin bərqərar olması istiqamətindəki siyasət onu göstərir ki, Ulu babalarımızın bizə miras qoyub getdiyi dəyərlərə sadiqik və bəşəriyyət naminə istifadə etməkdəyik. Azərbaycanın dövlət siyasətində gənclərin xüsusi yer tutduğunu diqqətə çatdıran B.Muradova qeyd edib ki, gənclər ilk növbədə doğulduğu ailədə, təhsil aldığı məktəbdə, Universitetdə yetişir və bu sosial mühitin ona verdiyi imkanlardan faydalanaraq şəxsiyyət kimi böyüyür, vətəndaş kimi formalaşır. Konfransda gənclərin iştirakını xüsusi vurğulayan sədr, mütəmadi olaraq belə görüşlər keçirməyin vacibliyini bildirib. Qeyd olunub ki, xalqının taleyinə sahib çıxan gənclərin nəyə sahib olduqlarını bir daha diqqətə çatdırmalı və onların fikirlərini, düşüncələrini dinləməli və suallarına cavab verməliyik. Tədbirin Gəncə şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdıran B. Muradova, bir neçə gündən sonra Gəncə hadisələrinin baş verməsinin növbəti ildönümü olacağını xatırladıb. Bildirib ki, Gəncə hadisələri zamanı ölkənin qarşılaşdığı təhlükələr o qədər ciddi idi ki, yalnız güclü və qətiyyətli liderliklə – məhz ümummilli lider Heydər Əliyevin iradəsi və siyasi uzaqgörənliyi ilə bu böhrandan çıxış yolu tapmaq mümkün olmuşdu. O qeyd edib ki, əgər Heydər Əliyev xalqın və siyasi qüvvələrin çağırışı ilə Bakıya gəlməsəydi, Azərbaycan bu gün parçalanmaq təhlükəsi ilə üzləşən ölkələrdən biri ola bilərdi. O qeyd edib ki, Azərbaycan qısa müddətdə sürətli inkişaf yolu keçib və bunun da bünövrəsində Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Heydər Əliyevin o zamanki qayıdışı Azərbaycanı qarşıdurmadan, qan tökülməsindən xilas etdi, eyni zamanda dövətçiliyimizi qorudu və onun konstitusion idarəetməsini bərpa etdi. B. Muradova əlavə edib ki, ölkəmizin suverenliyi yaxın tarixdə bərpa olundu, Ulu öndərin siyasəti və müəyyənləşdirdiyi hədəfləri çox uğurla irəliyə aparan mübariz ölkə başçısı cənab İlham Əlievin qətiyyətli siyasəti, Azərbaycan xalqının onun siyasətini, hədəflərinə gedən yolu dəstəkləməsi, analarımıızn öyüd verdiyi, böyütdüyü və öz canını fəda etməyə hazırladığı övladlarının qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu, bayrağımız bütün sərhədlərimizdə dalğalandı. Azərbaycan dövlətini hər kəsin milli sərvəti adlandıran B.Muradova onu da qeyd edib ki, hamımız o sərvəti qorumağa, üzərinə yeni uğurlar əlavə etməyə borcluyuq: “Xalqımızın canı-qanı bahasına əldə etdiyi nailiyyətləri qorumaq, inkişaf etdirmək və tarixi Zəfərimizi gələcək nəslə daşımaq, eləcə də daha qüdrətli Azərbaycan yaratmaq siz- gənclərin vəzifəsidir”. Fikirlərini Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə yekunlaşdıran B.Muradova, bundan sonra da xalqı üçün çalışan, fədakarlıq göstərən çoxsaylı oğul və qızların yetişəcəyinə inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb. Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi xidmətlərindən bəhs edib. O, dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, sıralarında minlərlə fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq, öz nüfuzunu durmadan artırmaqdadır. O, ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərən Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, onun gündən-günə genişlənən sıralarının gənc potensialı ilə daha da möhkəmlənməsindən söhbət açıb. Konfrans Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu ilə panel müzakirələrlə davam edib. Paneldə Milli Məclisin deputatları Musa Quliyev və Kamal Cəfərov, ictimai xadim Həsən Həsənovun çıxışları dinlənilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, müəllim və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi