Media
Xəbərlər

"İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili" layihəsi çərçivəsində növbəti təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili məqsədilə 7 may 2025-ci il tarixində Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində sosial ünsiyyət bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilib. Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayon ərazi şöbəsinin əməkdaşı Gülər Cəfərli, Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq, məktəbin direktoru Şəlalə Qasımlı, məktəblilər və valideynlər iştirak ediblər. Əvvəlcə Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, işğaldan azad olunmuş ərazilərdə əhali ilə aparılan psixososial işin əhəmiyyətini vurğulayıb. Sonra layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib. Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və kitablar hədiyyə olunub.

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir. Layihə çərçivəsində 6 may 2025-ci il tarixində Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə uşaq və valideynlərin iştirakı ilə sosial ünsiyyət bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilib. Təlimdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, işğaldan azad olunmuş ərazilərdə əhali ilə aparılan psixososial işin əhəmiyyətini vurğulayıb. Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”sından, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib. Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və kitablar hədiyyə olunub.

Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid Aqşin Ənvərlinin ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Qəbələ rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan, şəhid Aqşin Ənvərlinin ailəsidir. Ailə başçısı – Faiq Abdullayev 1955-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Həmin kəndin orta məktəbində təhsil alıb. Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakultəsinin arxitektor ixtisasını bitirib. 32 ildir Qəbələ İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin müdiri vəzifəsində çalışır. F.Abdullayevin şagirdləri beynəlxalq sərgilərdə ölkəmizi təmsil edirlər. Həyat yoldaşı Dilrubə Səmədova 1964-cü ildə Xırxatala kəndində anadan olub. Həmin kəndin orta məktəbində təhsil alıb. Daha sonra Bakı şəhər Maliyyə Kredit Texnikumunun hüquq fakultəsini bitirib. Bir müddət Qəbələ Konserv zavodunda mühasib vəzifəsində çalışıb. Hal-hazırda işləmir. 41 ildir birgə ömür sürən bu ailənin 3 övladı, 3 nəvəsi var. Böyük oğlu Rəşad Abdullayev 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin rəssamlıq fakültəsinin təsviri incəsənət ixtisasını bitirib. Bir müddət müəllim kimi işləsə də hal-hazırda mühəndis kimi çalışır. Ailəlidir, 2 övladı var. Qızı İlahə Abdullayeva 1987-ci ildə anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirib, hal-hazırda Dizaxlı kənd orta məktəbində müəllim işləyir. Ailəlidir, 1 övladı var. Kiçik oğlu Aqşin Ənvərli 1994-cü ildə anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N.Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan rəsm sənətinə maraq göstərib və gözəl rəsmlər çəkib. Ali təhsilini 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Aqşin Ənvərli 2018-ci ildə tibb xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli əzəli tarixi torpaqlarımızın azad edilməsi uğrunda başlanan 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan 200-ə yaxın hərbçiyə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Faiq Abdullayev deyir ki, “Mən şəhid atasıyam. Qürurla deyirəm ki, mənim oğlum bu torpaq uğrunda canını fəda edib. Mənim ailəm bu gün bir yerdədir. Oğlumun anası, bacısı, qardaşı və mən onun yolunu yaşatmaq üçün bir yumruq kimi birləşmişik. Biz yas saxlamırıq, biz qürur saxlayırıq. Oğlumun adı bu gün məktəbdə, küçədə, kitabda yaşadılırsa, demək biz ata və ana olaraq vəzifəmizi yerinə yetirmişik. Azərbaycan ailəsi olmaq təkcə övlad böyümək deyil, onu şəxsiyyət kimi yetişdirməkdir. Biz övladımıza həm çörək verdik, həm də ruh verdik. Və bu ruh onu şəhidlik zirvəsinə apardı. Aqşinə sual verilən zaman deyərdi ki, mənim idealım atamdır. İndi mən deyirəm ki, mənim idealım oğlum Aqşindir”. Bu nümuməvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik. Xoşbəxt evliliyin sirri nədir? Faiq Abdullayev: “Xoşbəxt evliliyin əsas sirri qarşılıqlı hörmət və anlayışdadır. Ər-arvad bir-birinin fərqliliklərini qəbul etməli və bir-birinə dəyər verməlidirlər”. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Faiq Abdullayev: “Əlbəttə, fikir ayrılıqları hər ailədə olur, bu normaldır. Əsas məsələ odur ki, problemi böyütmədən, sakit və anlayışla yanaşasan”. Vətənə, dövlətə layiqli övadların yetişməsi üçün nə etmək lazımdır? Dilrubə Səmədova: “Hər şey ailədən başlayır. Övlad birinci tərbiyəni evdə alır. Ana-ata öz davranışı ilə uşağa nümunə olmalıdır. Biz övladlarımızı Vətənə sevgi ilə böyütmüşük. Onlar bilirlər ki, torpaq, bayraq nə deməkdir. Məncə uşağa bu dəyərlər kiçik yaşlarından aşılanmalıdır. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Dilrubə Səmədova: “Bizim ailədə qarşılıqlı hörmət və anlayış əsas prinsiplərdir. Övladlarımızla dost münasibəti qurmağa çalışmışıq, amma eyni zamanda onlara sərhədləri və məsuliyyəti də öyrətmişik. Bu gün uşaqların tərbiyəsinə dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz Faiq Abdullayev: “Təəssüf hissini bir şeyə görə keçiriəm ki, kaş övadlarıma olan sevgimi və diqqətimi daha çox biruzə verə bilərdim”. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiz? - Dilrubə Səmədova: “Ailə həyatında hər şey gözəl olsa da, zaman-zaman çətinliklər də olur. Bu çətinlikləri birlikdə aşmaq üçün bir-birini başa düşmək, dinləmək və fədakar olmaq vacibdir”. Ailənin qorunması və uzunömürlü olaması üçün gənc ailələrə hansı məsləhəti verərdiz? Faiq Abdullayev: “Gənclərə də deyərdim ki, ailə qurmaq asandır, onu qorumaq çətindir. Hər şey sevgi ilə başlayır, amma ailəni saxlayan sevgi deyil, qarşılıqlı anlayış, hörmət və səbrdir”. Hörmətli Ənvərovlar ailəsi, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə təşəkkürümüzü bildirir, Sizə uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Neftçalada “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında “Uşaqdan-uşağa” layihəsi çərçivəsində 2 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İl”i çərçivəsində “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib. Təlimdə Uşaq Səfirlər Məclisinin Şirvan şəhəri, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl rayonları üzrə regional nümayəndələri və fəalları iştirak edib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməli vacib məqamlardandır və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Çıxış edən Şirvan-Salyan iqtisadi rayonu üzrə Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov bu kimi layihələrə qeyri-hökümət təşkilatlarının da cəlb edilməsini dəstəklədiyini, belə maarifləndirici layihələrin uşaqların inkişafında böyük rolu olduğunu qeyd edərək, uşaqlara uğurlar arzulayıb və onları fəal iştiraka dəvət edib. Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə olan müasir mühiti formalaşdıracağını bildirib. Uşaq Səfirlər Məclisinin üzvü Ömər Eyvazlı və Dəniz Hüseynli internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməklə fərdi məlumatların qorunması qaydalarını iştirakçılara çatdırıb. Məclis üzvləri Meliha Qurbanova və Murad Qasımov uşaqların hüquqları və onların müdafiəsi ilə bağlı mexanizmləri əhatə edən təlim keçiblər. Onlar uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açaraq bildiriblər ki, uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalıdır. İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafı və internet təhlükəsizliyinə dair öyrəndikləri bilikləri intellektual oyun vasitəsilə daha da möhkəmləndiriblər. Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub. Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatla təmin olunub.

Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdən azad edilmiş qadınların cəmiyyətə sosial adaptasiyasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir. Bu istiqamətdə müəssisədə cəza çəkən qadınların azadlığa hazırlanması, azad olunduqdan sonra qısa müddətdə məşğulluğunun təmin olunmalarına kömək məqsədilə onların peşə imkanları nəzərə alınaraq, Dövlət Komitəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində məhkumluq müddətinin bitməsinə 6 aydan az qalmış qadınlarla görüş təşkil olunub. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Cəmilə Bağırova müəssisədə cəza çəkmiş qadınların peşə bacarıqlarına uyğun olaraq məşğulluğunun təmin edilməsinin vacibliyini vurğulayıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin Məşğulluq tədbirlərinin əlaqələndirilməsi şöbəsinin müdiri Cuma Nəbiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Kamran Bağırzadə səlahiyyətləri ilə bağlı məhkumları məlumatlandırıb. Görüşün sonunda azadlığa buraxılacaq məhkumlar dinlənilib, öz bacarıq və peşələri barədə ətraflı məlumat verib.

Regionlarda uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 21-25 aprel 2025-ci il tarixlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələri, təhsil idarələri, gənclər və idman sektorlarının əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, məktəblərin psixoloq və uşaq birliyi rəhbərləri, valideynlər, məktəblilər, icma sakinlərinin iştirakı ilə uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə çıxış edənlər müvafiq sahədə aidiyyəti qurumlar tərəfindən görülən işlərdən bəhs ediblər. İştirakçılara uşaq əməyinin formaları, qanunvericiliklə müəyyən edilmiş əmək normaları barədə məlumat verilib. Qeyd edilib ki, uşaq əməyinin istismarı onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda onları təhsildən məhrum edir, fiziki-mənəvi inkişafına zərbə vurur, cəmiyyətdə özlərinə layiqli yer tutmalarına mane olur. Həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən də danışılıb. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.
Dövlət Komitəsi yanında İctimai şuranın fəaliyyət müddəti başa çatmış üzvləri ilə görüş keçirilib
Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirərək, faydalı əməkdaşlığın davamlı olacağını qeyd edib. S.Qəhrəmanova Komitənin öz fəaliyyətində vətəndaş maraqlarını, o cümlədən ictimai rəyin öyrənilməsi sahəsində şəffaflığın təmin edilməsinə bu əməkdaşlığın töhfə verəcəyinə inandığını bildirərək, onlara gələcək işlərində uğurlar arzu edib. Daha sonra İctimai şuranın sədr müavini Aynur Zülfüqarova təqdimatla çıxış edərək, Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb.

Regionlarda maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 28 aprel - 01 may 2025-ci il tarixlərində mərkəzlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun regional filialları, gənclərlə işləyən idarələrin əməkdaşları, tələbələr, mərkəzlərin ekspert qruplarının üzvləri və icma sakinlərinin iştirakı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi məqsədilə maarifləndirici seminarlar keçirilib. Seminarlarda çıxış edənlər işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən, mövcud qanunvericilik bazası, regionlarda olan iş imkanlarıbarədə danışıblar. İştirakçılaraCV yazmaq, informasiya texnologiyalarından istifadə etmək və iş axtarmaq qaydaları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Saatlıda tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Layihə çərçivəsində 30 aprel 2025-ci il tarixində Saatlı rayonu Mədəniyyət Mərkəzində görüş keçirilib. Görüşdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib. Görüşdə Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın və Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri, Üçüncü Yüksəliş Müsabiqəsinin qalibi Səkinə Vəliyevanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi